Məhkəmə qərarları › İş №2-1(102)-269/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-269/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-269/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” TASC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: yeni açılmış hallarla bağlı məhkəmə icraatının təzələnməsi GİRİŞ HİSSƏ 14.01.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı TASC-nin vəkili X2, ərizəçi İdarənin nümayəndəsi X1 və vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” TASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyə xitam verilməsi və borcun şəxsi hesabdan silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu tarixli qərarından ərizəçi İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” TASC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı TASC-nin xx.xx.2012-ci ilədək yaranmış cəmi 7.581.064,58 manat məbləğində məc buri dövlət sosial sığorta haqları üzrə borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-2871/2017) iddia tələbinin təmin edilməsi; iddiaçı “xxxx” TASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2012-ci ilədək yaranmış 7.581.064,58 manat borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il t arixli qərardadı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və S.Hüseynov; iş No 2-1(103)-1917/2017) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın mümkün sayılmaması; cavabdeh İdarənin şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)-1959/2017) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadının ləğv edilməsi; işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Sarıyev; iş No 2-1(103)-297/2018) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Hüseynov, hakimlər R.Nəbizadə və X.Məmmədov; iş No 2-1(102)-874/2018) iddiaçı TASC-nin kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddiaçı TASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2012-ci il tarixədək yaranmış 7.588.064,58 manat borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi; həmin borcun iddiaçı TASC-nin şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın icraya yönəldilməsi məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə icra vərəqəsi tərtib edilərək, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-2871/2017) iddia tələbi barədə mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinn İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə ərizəçi İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 21(103)-2561/2019) ərizəçi İdarənin apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan ərizəçi İdarə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbi üzrə işin icraa tının yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Ərizəçi İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış etmiş ərizəçi İdarənin vəkili A.Bayramov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərardadın ləğv edilməsi, iddia tələbi üzrə işin icraatı nın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən ərizəçi İdarənin nümayəndəsi P.Kərimova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı TASC-nin vəkili İ.Dünyamallıyeva kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan, ərizəçi İdarənin yeni açılmış hallarla bağlı ərizəsində qeyd edlənlərə görə, mülki qanunvericilik normalarının inzibati münasibətlərə tətbiq edilməsini istisna edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinə ziddi olaraq formalaşmış məhkəmə təcrübəsi həmin Məcəllənin iddia müddəti ilə bağlı 373.2, 373.3, 527.1, 550, 551.2.1, 553.1 və 554.2-ci maddələrinin məcbur i dövlət sosial sığorta haqları üzrə yaranan borc münasibətlərinə tətbiq edilməsinə və bu əsasla borcların silinməsinə yol verirdi. Qeyd olunan təcrübə ilə razılaşmayan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin Azərbaycan Respublikasının İnzibati prosessual qanunvericiliyi baxımından şərh olunmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxx 2019cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir. Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tu tulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Başqa sözlə mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər hansı müddətlə məhdudlaşmır. Araşdırılan qərardaddan görünüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyə görə, qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə yeni açılmış hallar barədə ərizə yalnız həmin iş üzrə məhkəmə icraatına cəlb olunmuş proses iştirakçıları tərəfindən verilə bilər. Belə ki, Azərbaycan Respublikası İPM-nn 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə müvafiq olaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci m addəsinə uyğun olaraq ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Həmin Məcəllənin 106.2-ci maddəsinə müvafiq olaraq icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəb ul edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, yeni açılmış hallar üzrə icraatın başlanması üçün şərt ondan ibarətdir ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yeni sübutlar və ya hallar aşkar olunsun və həmin sübutlar və ya hallar ərizəçinin təqsiri olmadan ilkin icraat zamanı təqdim oluna bilməsin. Ərizəçinin yalnız hüquqi mübahisənin gedişində (şikayət instansiyasındakı icraat da daxil olmaqla) təqdim edə bilmədiyi sübutlar və hallar sözügedən normanın tətbiqi dairəsinə aid edilir. Burada, söhbət ya artıq ilkin icraatın gedişində mövcud olan, lakın əldə edilməsi mümkün olmayan, yaxud sonuncu instansiyada icraatın başa çatmasından sonra meydana çıxan, lakin bitmiş mübahisənin predmetinə aid olan faktiki halları təsdiq (müəyyən) edə biləcək sübutlardan və hallardan g etməlidir. Lakin ərizəçi İdarənin ərizəsinə iş üzrə icraatın təzələnməsinə əsas verən yeni sübutları təqdim etməmişdir. Onun istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” xx xxxxx 2019-cu il tarixli qərarı isə iş üzrə yeni açılmış hal hesab edilə bilməz. Belə ki, hazırki iş üzrə yekun məhkəmə qərarı Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından daha əvvəl, xx xxxx 2018-ci il tarixdə qəbul edilmiş, eyni zamanda Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dərc edildiyi xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin sözügedən qərarı ha zırki mübahisəyə baxılaraq, yekun nəticə verildikdən sonra qəbul edildiyindən, hazırki mübahisəyə tətbiq edilə bilməz. Bundan başqa qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin şərhlə bağlı hər hansı bir qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının etibarsız sayılmasına səbəb olmur. Hüquq normasının şərhi hüquq normasının məzmununu dəyişdirmir, yalnız mövcud və ya gələcək münasibətlərdə normanın tətbiqində nəzərə alınır. Bu hal həmin hüquq norması əsasında həll edilmiş işin icraatının təzələnməsi üçün əsas olan hal kimi təfsir oluna bilməz. Başqa sözlə, normanın şərhi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyi, həmin Plenum Qərarında rəsmi şərhin əvvəlki münasibətlərə də tətbiq edilməsinin mümkünlüyü barədə dəqiq göstərişlər olmadığından, yalnız bu barədə qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə hazırda məhkəmələrin icraatında olan mübahisələrə şamil oluna bilər. Göstəriləndərə əsasən, ərizəçi İdarənin ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, ərizəçi İdarənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əs as olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qəradadrın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar