Məhkəmə qərarları › İş №2-1(102)-2707/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2707/2019

22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2707/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan son ra cavabdeh) qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1394/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 9 may 1950-ci ildə anadan olmuşdur. 2013-cü ilin may ayından ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1964-1968-ci illərdə Bakı Energetika Texnikumunda və 1968-1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı dövrün də onun sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsaslanaraq bundan imtina etmişdir. İddiaçı cavabdehə qarşı 2 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil aldığı müddətin sığorta stajına daxil edilərək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-157/2019 saylı iş) 22 yanvar 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 1964-cü ildən 1968-ci ilə qədər Bakı Energetika Texnikumunda və 1968-ci ildən 1973-cü ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyu lması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndi ilə əsaslandırmışdır. Həmin normaya görə ali və orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin22 yanvar 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1məruzəçi, X2 və X3, 2-1(103)-1394/2019 saylı iş) 13 iyun 2019-cu iltarixliqərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 12 iyul 2019-cu il tarixdə qərarın surətini alıb 22 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir, Qanunun 21-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta sta jına daxil edilir. tərəflərin izahatı: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bu hal iddiaçının iddia qaldırmaqda hüquqi marağının olmasını bir daha təsdiq edir. İşdən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı orta ixtisas və ali təhsil dövrü nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını cavabde hdən xahiş etmiş, lakin aldığı təhsil müddəti onun sığorta stajına hesablanmamışdır. İddiaçıya məxsus 10 aprel 1968-ci il tarixdə verilmiş diplomdan görünür ki, 1964-cü ildə Bakı Energetika Texnikumuna daxil olmuş, 27 fevral 1968-ci ildə bitirmişdir. 10 avqust 1973-cü ildə verilmiş diplomda isə 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunub iyun 1973-cü ildə bitirdiyi qeyd edilmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. O da vurğulanmalıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, bəhs edilən təhsil dövrünü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. “ İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdi yi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının təhsil müddətini təsdiq edən diplomları mövcuddur. Cavabdeh iddiaçıya məxsus diplomlardakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının diplomlarında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi koll egiyasının 2-1(103)-1394/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar