Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2708/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat zədəsi və travması nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 nömrəli, 12 iyul 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 X6 regional filialına müraciət edərək istehsal at zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 X6 regional filialı 30 mart 2022-ci il tarixli, **********4 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə işlədiyi müəssisə olan Kəlbəcər rayon X15 İ və İİ dövlət proqramına əsasən özəlləşdirməyə verilməsi barədə məlumat olmadığından müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Zod qızıl mədənində istehsalat zədəsi və travması nəticəsində aldığı xəsarətlə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin olunmuş müavinətin (əlilliyə görə) tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1949-cu ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. 1972-ci ildən Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl mədənində "yeraltı dağ mədən ustası" kimi işə başlamışdır. 27 avqust 1976-cı il tarixdə Kəlbəcər r ayonu ərazisində yerləşən Zod qızıl mədənində yeraltı dağ mədən ustası peşəsində işləyən zaman, yeraltı mədəndə uçqun baş vermiş və iddiaçı uçqunun altında qalmışdır. İddiaçını uçqunun altından çıxarmışlar və ilk olaraq o, Kəlbəcər rayonu Zülfüqarlı kənd xəstəxanasında ilkin tibbi yardım alıb müalicə olsa da, 29 avqust 1976-cı il tarixdə mədəndə iş başında aldığı istehsalat travmaları və xəsarətləri ağır olduğu üçün onu təcili “Semaşko” xəstəxanasına aparıb yerləşdirmişlər. “Semaşko” xəstəxanasında daxili orqanlarında, yəni aldığı istehsalat zədəsi xəsarətləri ilə bağlı bağırsaq partlamasına görə əməliyyat olunmuşdur. İddiaçı xəstəxanada müalicə olduqdan sonra, yenidən Zod qızıl mədəninə "yeraltı mədən ustası“ vəzifəsinə işə qayıtmışdır. Lakin, səhhətində yenə istehsalatda aldığı zədələrlə bağlı həmin problemlər qalırdı. Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl mədənində "yeraltı dağ mədən ustası" peşəsində xx.xx.1985-ci il tarixədək işləmişdir. Kəlbəcər rayonu ərazisində yerləşən Zod qızıl mədənində "yeraltı dağ mədən ustası" peşəsində işləyərkən, yeraltı mədəndə uçqun baş verərkən və uçqunun altında qalan zaman aldığı xəsarətlərlə əmək qabiliyyətini itirdiyi üçün ƏƏSMN-nin 23 saylı X10-Sosial Ekspertiza Komissiyasının xx.xx.2009-cu il tarixli SER TSE-01 № 080332 nömrəli Arayışı ilə iddiaçıya əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi verilmiş və ona aldığı əmək haqqı müqabilində - 768 (yeddi yüz altmış səkkiz) manat pensiya təyin olunmuşdur. İddiaçıya verilmiş əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi ilə təyin olunmuş pensiya 2010cu ilin yanvar ayından kəsilmişdir. T əyin olunmuş pensiya kəsilməsinə baxmayaraq, o, 2010, 2011, 2012 və 2013-cü illərdə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 №-li Mingəçevir TSEK-dan keçmiş və hər dəfə də 23 №-li Mingəçevir Tibbi-Sosial Ekspert Komissiyası iddiaçının əmək qabiliyyətinin itirilməsi faizini 80% kimi qiymətləndirmiş, lakin 2010-cu ildən bu günədək Zod qızıl mədənində istehsalat zədəsi nəticəsində əlliliyə görə müavinəti ala bilməmişdir.
5. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım məktubu ünvanlanmış və iddiaçıya cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 X6 regional ərazi filialının yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
6. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müa vinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(116)-1257/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur
8. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Göründüyü kimi, həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə hal-hazırda fəaliyyət göstərmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edi lmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Həmçinin işçinin aylıq müavinət almaq hüququ mövcud deyildir. Qanunvericiliyin tələbinə əsasən aylıq müavinət almaq üçün əsas şərt şəxsin işlədiyi müəssis ənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1257/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı faktiki olaraq işləmiş olduğu müəssisənin mövcud olmaması və fəaliyyət göstərməməsi, həmçinin özəlləşdirilməməsi əsası ilə hazırkı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbinin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və məhkəmə araşdırması ilə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. İddiaçıya münasibətdə əlilliyə görə pensiya hüququnun yarandığı tarixdən təyin edilmiş və fərqlərlə birlikdə ödənilmişdir, qanunvericiliyin tələblərinə müvafi q olaraq təyin edilmiş digər ödənişlər isə hələ də davam etdirilməkdədir. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmadığından, cavabdehin imtinası əsaslıdır.
11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X3) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1257/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi r ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddia ərizəsinə etirazla eyniyyət təşkil edir. Bundan əlavə şikayətdə qeyd edilir ki, qanunun analogiyasının tətbiqi şərtlərini özündə ehtiva edən qanunvericilik normalarının və apellyasiya instansiyasının qərarının təhlilindən görünür ki, apellyasiya məhkəməsi iddiaçının əmək xəsarəti aldığını iddia etdiyi Kəlbəcər rayon X16 Qaydaların 3.8-ci bəndində qeyd olunan ləğv edilmiş təqsirkar kolxoz və sovxozla eyniləşdirsə də, Kəlbəcər rayon X15 ləğv edilməsi və ya onun hüquqi varisinin olubolmaması məsələsini araşdırmamış, qanunun analogiyasının tətbiqi üçün hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlığı müəyyən etməmişdir.
16. Digər tərəfdən apelly asiya instansiya məhkəməsinin qərarından görünür ki, qanunun analogiyasının tətbiqi ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi qoyulmuşdur. Apellyasiya məhkəməsinin bu mövqeyinə münasibətdə qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bi lməz.
17. Beləliklə, Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”
1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə t əsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
2. Zərərçəkənə dəymiş zərərə görə ödənclərin növləri və miqdarı 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itird iyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
3. Zərərə görə ödəncləri almaq hüququna malik olan şəxslər, ödənclərin ödənilmə müddətləri və hesablanması qaydası... 3.7. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. (xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuşdur.) 3.8. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. (xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuşdur.) 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. 3.12. Zərərin ödənilmə si ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ. Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə ve rilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şa mil olunur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”
1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üz rə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yer li orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. X13 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şik ayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Əlişov X2 rayonu ərazisində yerləşən Zod qızıl mədənində işləyən zaman xx.xx.1976-cı il tari xdə yeraltı mədəndə uçqun zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, ona 2-ci qrup əlillik dərəcəsi verilmiş, aldığı əmək haqqı müqabilində 768 manat pensiya təyin edilmiş və həmin pensiya üzrə ödənişlər 2010-cu ilin yanvar ayınadək ödənilmişdir.
30. Ödənişlərin dayandırılması ilə əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh müraciətlə bağlı iddiaçıya bildirmişdir ki, onun təqdim edilmiş sənədlərdə işlədiyi müəssisə olan Kəlbəcər rayon X15 İ və İİ dövlət proqramına əsasən özəlləşdirməyə verilməsi barədə məlumat olmadığından müraciətin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı ödənişlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
31. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsassız hesab etsə də, ape lyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə qismən razılaşmışdır.
32. Apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edən cavabdeh həmin qərardan kassasiya şikayəti verərək bildirmişdir ki, qanunvericiliyin tələbinə əsasən istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənin vəzifəsidir. Bu səbəbdən də iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.
33. Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırki işlə oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, baxılmış bu tip işlərdə (2-1(102)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-348/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1530/2022 saylı, xx.xx.2022- ci il tarixli) qanunvericiliyin müvafiq norma və müddəalarına istinad etməklə birmənalı olaraq istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək vəzifəsi Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir.
34. Məhkəmə kollegiyası hazırki işin hallarını formalaşmış məhkəmə təcrübəsinə uyğun olduğu qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olar aq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
36. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
37. Həmin Qaydaların xx.xx.2010- cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.
38. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir.
39. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi hə llini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi.
40. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
41. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. N əzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.
42. Bundan əlavə, bu məsələnin həlli zamanı həm də bərabər yanaşma prinsipi, layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər də nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səvi yyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərərə görə, ödənişi dayandırılmış ödəncin ona cavabdeh tərəfindən həyata keçirilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
44. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA AL Dİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-53/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.