Məhkəmə qərarları › İş №2-1(102)-2709/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2709/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2709/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əkin subsidiyasının verilməsi) 04.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya məbləğlərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(106)-225/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 97 nömrəli sərəncamına və xx.xx.2017-ci il tarixli, 08 nömrəli icarə müqaviləsinə əsasən iddiaçının 1000 ha torpaq sahəsinə 49 illik icarə hüququ qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2018-ci il tarixli, A 273022 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

2. İddiaçı xx.xx.2020-ci il tarixdə subsidiyanın alınması üçün elektron formada cavabdehə müraciət edərək, müvafiq sənədləri SİS-ə daxil etmiş və elektron ərizəsində 1000 ha əkin sahəsi bəyan etmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək, ona məxsus 425 ha torpaq sahəsinin Ağcabədi rayon sakinləri tərəfindən zəbt olunduğunu, taxıl və digər bitkilər əkildiyini, bununla əlaqədar Ağcabədi rayon İcra Hakimiyyətinə və Ağcabədi rayon Polis şöbəsinə tədbir görülməsi üçün müraciət etdiyini, hal-hazırda araşdırma aparıldığını bildirmiş və subsidiya üçün bəyan etdiyi 1000 ha torpaq sahəsinin müharibə şəraiti ilə əlaqədar faktiki olaraq əkilmiş 285 ha ilə əvəz olunmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis şöbəsi tərəfindən Ağcabədi rayon X4 Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci i l tarixli məktublarla Ağcabədi rayon Polis şöbəsinə müraciət edərək bildirmişdir ki, Ağcabədi rayon Aran kəndi yaxınlığında ona məxsus 1000 ha torpaq sahəsi payızlıq əkin üçün şumlanmışdır. Ağcabədi rayonunun müxtəlif kənd sakinləri mövcud pandemiya və müharibə şəraitindən istifadə edərək 700 ha torpaq sahəsini zəbt edərək müxtəlif kənd təsərrüfatı bitkiləri (buğda, arpa, pambıq, soğan və s.) əkmiş, boş qalan sahələrdən isə otlaq sahəsi kimi istifadə etmişlər. İddiaçı cəmi 285 ha sahəyə taxıl əkə bilmişdir. Ağcabədi rayon Polis şöbəsi tərəfindən həmin məktublara baxılmış, məktublarda adları çəkilən vətəndaşlar şöbəyə çağırılıb izahatları alınmış və sahəyə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, həqiqətən Aran kəndi yaxınlığında iddiaçıya məxsus to rpaq sahəsində müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir, arada boş qalan sahə isə otlaq kimi istifadə olunur.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının eyni məzmunlu müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçının 1000 hektar əkinlə bağlı bəyanına uyğun olaraq xx.xx.2021 tarixində subsidiya müraciəti formalaşmışdır. Bu tarixədək payızlıq əkinlərlə bağlı aqrotexniki işlərin yekunlaşmasına baxmayaraq, iddiaçı tərəfindən əkin bəyanı EKTİS-də redaktə edilməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixində yekunlaşmış monitorinq nəticəsinə iddiaçı tərəfindən EKTİS-də etiraz edilməmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən ərazidə aparılan əkinlərlə bağlı iddiaçıya 2020-2021 və 2021-202 2- ci illərin əkin dövrlərində əkin subsidiyası ödənilməsi nəzərdə tutulmur. Bununla əlaqədar iddiaçıya xx.xx.2021 və xx.xx.2021 tarixli məktublarla cavab verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ona ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 37 nömrəli sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisində yerləşən “ Haramı düzü” adlanan torpaq sahəsinin 1000 hektarının əkin dövriyyəsinə cəlb olunması məqsədilə təyinatı dəyişdirilmiş və həmin 1000 hektar sahə otlaq sahəsindən əkin sahəsinə çevrilmişdir. Ağcabədi rayonunun Aran kəndi ərazisinə aid olan həmin torpaq sahəsi 2017-ci ildən indiyə kimi iddiaçı tərəfindən əkilir və sahəyə lazımi aqrotexniki qulluq göstərilir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.9.3-cü maddəsinə müvafiq olaraq “X1” qeydiyyatdan keçmiş, xx.xx.2020-ci il tarixdə subsidiyanın alınması üçün rəsmi olaraq elektron formada müraciət edərək, subsidiya ilə bağlı sənədləri SİS-ə daxil etmiş və subsidiya almaq məqsədilə göndərdiyi elekt ron ərizədə 1000 ha əkin sahəsi bəyan etmişdir. Bu, onunla bağlı olmuşdur ki, iddiaçı həqiqətən də həmin 1000 ha əkin sahəsində buğda əkməyi planlaşdırmış və bunun üçün əkinə hazırlıq işlərinə başlamışdı. 2020-ci ilin sentyabr ayının 27-də torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük hərbi əməliyyatların başlanmasına qədər 285 ha sahədə şumlama, malalama və əkin işləri tamamilə yekunlaşmışdı. Lakin ərazi hərbi əməliyyatlar səhnəsinə yaxın məsafədə yerləşdiyindən, sahədə işlərin davam etdirilməsi orada işləyən vətəndaşların həyat və sağlamlığı üçün təhlükəli olduğuna görə iddiaçı işləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalmışdır. Silahlı Qüvvələrimizin zəfərindən sonra sahəyə baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçıya məxsus 425 ha torpaq sahəsi Ağcabədi rayon sakinləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş və həmin torpaqlarda taxıl və digər bitkilər əkilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Polis şöbəsi tərəfindən iddiaçının müraciətlərinə baxılması və müraciətlər üzrə qanuni tədbirlər görülməsi ləngidilmişdir. Bu səbəbdən də iddiaçı yaranmış vəziyyət barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və Ağcabədi rayon X4 Mərkəzinə vaxtında müraciət edə bilməmişdir, çünki həmin torpaq sahələrini zəbt etmiş şəxslərlə münasibətlərin aydınlaşdırılması məqsədi ilə tədbirlər görülməsinin təmin edilməsi ilə məşğul olmuşdur. Ağcabədi rayon Polis şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində həmin torpaq sahələrinin zəbt və istifadə edilməsi faktları təsdiqini tapmışdır. Lakin həmin şəxslər barədə qanunla nəzərdə tutulan tədbi rlərin görülməsi təmin olunmadığı üçün hazırkı iddia ərizəsinin yazıldığı tarixə qədər iddiaçı hələ də həmin torpaq sahələri üzərində nəzarəti bərpa edə bilməmişdir. Göstərilənlərlə əlaqədar iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək əkin üçün subsidiya alınması məqsədilə əvvəldən bəyan edilmiş məlumatlarda 1000 ha əvəzinə 285 ha torpaq sahəsinin qeyd olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vaxtında dəqiq məlumat verilmədiyindən iddiaçının əvvəl bəyan etdiyi məlumatlarda dəyişiklik edilməsi mümkün olmamışdır. İddiaçıya əsassız cavab göndərərkən cavabdeh nəzərə almamışdır ki, iddiaçının vaxtında müraciət etməməsinin səbəbi zəbt edilmiş torpaq sahələri üzrə vəziyyətin aydınlaşdırılması üzrə həyata keçirilmiş tədbirlə rin vaxt alması və onun torpaqları zəbt edən şəxslərlə mübahisə və mübarizəyə cəlb edilməsi olmuş, həmçinin torpaq sahələri üzərində nəzarəti bərpa etmək cəhdləri, yuxarıda göstərildiyi kimi, Ağcabədi rayon icra və polis orqanları tərəfindən vaxtı-vaxtında təsirli tədbirlərin çevik şəkildə görülməməsindən qaynaqlanmışdır. Eyni zamanda qeyd edilməlidir ki, məlumatlarda dəyişiklik edilməsi, texniki bir problemdir və müəyyən səylərlə aradan qaldırıla bilərdi. Bununla bağlı iddiaçı həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, lakin sonuncu tərəfindən də heç bir tədbir görülməmiş, nəticədə iddiaçının faktiki olaraq əkmiş olduğu sahə üçün qanunla nəzərdə tutulmuş subsidiya almaq hüququ pozulmuşdur. Cavabdeh iddiaçının bəyannamədə dəyişiklik edilməsi barədə m üraciətindən sonra qanunvericiliyə əsasən, monitorinq apararaq subsidiya mexanizminin səmərəli fəaliyyətini təmin etmək əvəzinə, iddiaçı tərəfindən vaxtında dəqiq məlumat verilmədiyi bəhanəsi ilə müvafiq dəyişikliyin edilməsinin mümkün olmadığını bildirmiş, bununla da, iddiaçını subsidiyanı əldə etmək imkanından məhrum etmişdir. Beləliklə də, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifə borcunun kobud pozuntusunu törətmişdir. Bunu da qeyd etmək lazımdır ki, iddiaçı Qaydanın 5.2-ci və 5.2.4-cü bəndinin təsiri altına düşməkdən yayınmaq üçün müvafiq dəyişikliyin edilməsi barədə müraciət etmişdir. Belə ki, həmin müddəalara görə, bəyan edilmiş əkin sahəsinə hesablanan məbləğ və monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində h əmin fermerə subsidiya ödənilmir. Məlumatları dəqiqləşdirmək cəhdinə baxmayaraq, iddiaçı, cavabdeh tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində yenə də subsidiyadan məhrum olmuşdur. İddiaçıya ödənilməli olan subsidiya məbləği 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat (285 ha x 160 manat), 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat (115500 manat + 6300 manat + 6090 manat + 34800 manat) təşkil edir. 2021-2022ci ilin əkin mövsümü üzrə subsidiya məbləği avtomatik olaraq sistem tərəfindən hesablanmışdır. 2020-2021-ci ilin əkin mövsümü üçün sistem üzərindən avtomatik hesablama aparılmamışdır (sistemdə belə funksiya yox idi), ona görə də subsidiya məbləği Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2021-ci il üçün müəyyən edilmiş rəqəm (1 ha üçün 160 manat) əsas ında hesablanmışdır.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaq sahəsindən istifadə hüququna dair sənədləri və əkinləri barədə məlumatları EKTlS-ə daxil etməlidirlər. Həmin Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən, seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X4 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbir lərini həyata keçirir. Həmin Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. İddiaçının 1000 hektar torpaq sahəsində aparılmış buğda əkini barədə EKTİS-ə daxil etdiyi məlumatlara əsasən keçirilən monitorinq zamanı həmin torpaq sahəsinin 285 hektarında payızlıq buğda əkininin aparıldığı müəyyən edilmişdir. Həmin sahədə bəyan edilmiş əkinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün iddiaçıya keçən il subsidiya ödənilməmiş və cari il üzrə də ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının eyni məzmunlu müraciətinə tərəflərindən xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının Ağcabədi rayonu ərazisində icarəsində olan 1000 hektar torpaq sahəsi üzrə 2020-2021-ci əkin ilində bəyan etdiyi ərazidə X3 İnkişaf Mərkəzinin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən monitorinq zamanı 285 hektar əkin olduğu müəyyən olunmuş və Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə (160800 manat) monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ (46400 manat) arasındakı fərq 50 faizdən çox olduğu üçün həmin il (2020-2021-ci əkin ili) və sonrakı il (2021-2022-ci əkin ili) ərzində id diaçıya subsidiya ödənilməmişdir.

10. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli yerində müşahidə hesabatından görünür ki, subsidiya üçün bəyan edilmiş 1000 hektar torpaq sahəsinin 285 hektarında payızlıq bərk buğdanın əkilməsi müşahidə edilmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin (hakim: Şahəli Musayev) 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-1084/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ödənilməli olan 2020-2021-ci ilin əkin mövsümü üçün 45600 manat, 2021-2022-ci ilin əkin mövsümü üçün 162750 manat subsidiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz iradəsindən asılı olmayaraq 1000 ha torpaq sahəsində əkin işlərini həyata keçirə bilməmiş, 285 ha torpaq s ahəsində əkin işlərinin aparılması ilə bağlı bəyannamədə göstərilən 1000 ha torpaq sahəsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixində cavabdehə məlumat vermiş, məhz bundan sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə monitorinq keçirilmişdir. İddiaçının ərizəsində göstərilən 285 ha torpaq sahəsində əkin işlərinin aparılması cavabdeh tərəfindən müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı özü cavabdeh təşkilata 1000 ha torpaq sahəsində yox, 285 ha torpaq sahəsində əkin işlərinin aparılmasını bildirmiş, cavabeh öz təşəbbüsü ilə monitorinq həyata keçirib uyğunsuzluğu müəyyən etməmişdir. İddiaçı cavabdehdən 1000 ha torpaq sahəsi üçün deyil, əkin işlərini həyata keçirmiş olduğu 285 ha torpaq sahəsi üçün subsidiya tələb etmişdir. Belə olan halda, iddiaçının özünün birbaşa təqsiri olmadan subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Samir Həsənov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov və Tale Kərimov) 14 may 2024-cü il tarixli, 2-1(106)-225/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 2021-2022-ci illər üzrə də özünə məxsus torpaq s ahəsində əkin işləri apardığı, müvafiq aqrotexniki tədbirlər (şumlama, malalama, gübrələmə və s.) həyata keçirdiyi və bu barədə cavabdehə rəsmi qaydada məlumat verdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən bu faktlar mübahisələndirilməmişdir. Lakin cavabdeh, təqdim edilmiş məlumatların düzgünlüyünü müəyyən etmək üçün monitorinq də keçirməmişdir. Cavabdeh həmin dövrə (2021-2022-ci illərə) görə subsidiya vəsaitinin ödənişinin verilməsindən əvvəlki il üzrə keçirilmiş monitorinqin nəticələrinə əsaslanaraq imtina etmişdir. Yəni cavabdeh iddiaçının 20212022-ci illər üzrə təqdim etdiyi bəyannamə üzrə heç bir araşdırma aparmadan imtina vermişdir. 2020-2021-ci illər üzrə əkin mövsümü üçün iddiaçıya subsidiya vəsaitinin ödənilməsindən cavabdehin imtina etməsi qanunsuz olduğuna və məhkəmə kollegiya sı həmin imtina ilə yuxarıda göstərilənlərə əsasən razılaşmadığına görə, həmin faktlardan çıxış edərək hesab edir ki, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.2.4-cü yarımbəndinin tətbiq edilməsi və 2021-2022-ci illər üzrə əkin mövsümü üçün iddiaçıya subsidiya vəsaitinin ödənilməsindən imtina edilməsi əsassız olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən faktiki olaraq həmin torpaq sahəsində əkin işləri və zəruri olan müvafiq aqrotexniki tədbirlər həyata keçirilmiş və bu barədə rəsmi şəkildə cavabdehə məlumat verilmişdir. Hazırkı halda cavabdeh 2020-2021ci və 2021-2022-ci illər üzrə əkin mövsümü üçün subsidiya vəsaitinin ödənilməsindən imtina etməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, iddiaçı hazırkı tələ bi irəli sürməkdə haqlı olmuşdur.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmaması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikas ı Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.9 (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada). əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becəril məsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya; 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X4 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlər in, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. 3.1 (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada). Əkin subsidiyasının məbləği (eyni ildə iki və daha çox əkin aparılması halında təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə) aşağıdakı qaydada hesablanır: - baza məbləği x əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) - regionlar və bitki lər üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. 3.12 (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada). Əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30 (otuz) iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülür. 5.1 (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada). Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Agentlik aşağıdakı formada monitorinqlər aparılmasını nəzərdə tutur: 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nə zarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. 5.2 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin v əsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzər ə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu ndan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsin də şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüq uqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüq uqi marağı və məqsədi əvvəlcədən bəyan etdiyi 1000 ha torpaq sahəsinin faktiki əkilmiş və bu barədə monitorinqdən əvvəl cavabdehə məlumat verilmiş 285 ha hissəsinə görə 2020-2021-ci illərin əkin mövsümü üçün, eləcə də 2021-2022-ci illərin əkin mövsümü üçün bəyan etdiyi torpaq sahəsinə görə müvafiq subsidiya məbləğlərinin ödənilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 20202021-ci və 2021-2022-ci illərin əkin mövsümləri üçün müvafiq subsidiya məbləğlərinin ödənilməsi ilə bağlı əsasların mövcudluğuna dair məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəz ərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin imtina zamanı əsaslandığı və bu qərarın 19-cu bəndində istinad olunan normanın (5.2.4-cü bəndin) xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına görə, bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələr ə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Cavabdeh tərəfindən istinad olunan normanın təfsirində səhvə yol verilmişdir. Belə ki, həmin normanın təfsiri baxımından, yalnız monitorinq nəticəsində bəyan edilmiş və faktiki əkilmiş əkin sahələri arasında 50 faizdən çox fərqin müəyyənləşdirildiyi halda, cavabdeh cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödəməkdən imtina etməkdə haqlı olardı. Hazırkı halda isə, iddiaçı öz muxtar iradəsi əsasında faktiki əkilmiş sahə barəsində cavabdehə müvafiq qaydada məlumat vermiş (əslində yeni məzmunda bəyan etmiş) və fərqin olduğunu cavabdehin nəzərinə çatdırmışdır.

32. Nəzərə almaq lazımdır ki, iddiaçı özünün əvvəl verdiyi b əyana, xüsusən də monitorinqdən əvvəl düzəliş etmək imkanından məhrum edilə bilməz. Bu mənada onun həmin bəyanı yeni məzmunda bəyan kimi qiymətləndirilməli və cavabdeh tərəfindən qəbul olunmalıdır. Belə yanaşma xidmətyönümlü və səmərəli idarəçilik prinsiplərinə əsaslanır. Bu zaman həm də yeni bəyanın monitorinqdən xeyli əvvəl verildiyi (bu barədə iddiaçı xx.xx.2021-ci il tarixdə müraciət edib, cavabdeh tərəfindən monitorinq xx.xx.2021-ci il tarixdə keçirilib), onun yoxlanılması və qiymətləndirilməsi üçün cavabdehin zaman baxımından yetərli imkanının olduğu da nəzərə alınmalıdır. Məhz qeyd olunanlar baxımından istinad olunan normada subsidiya ödənilməsindən imtina imkanı fərqin yalnız monitorinq nəticəsində müəyyən olunduğu hallara münasibətdə təsbit edilmişdir. 33. “İnzibati icraat haqqınd a” Qanunun 20-ci maddəsinə görə, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

34. Həmin Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılma sı inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

36. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyas ı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 21(106)-225/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar