Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2729/2025 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı ilə “AK Petroleum İndustrial Company” MMC (VÖEN: **********) 242222,91 manat mənfəət vergisi, 1716168,93 manat ƏDV və 9,57 manat əmlak vergisi olmaqla, ümumilikdə 1958182,73 manat vergi məbləğinin azaldılmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.
2. İddiaçı MMC (VÖEN: ***********) ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ##.##.2020-ci il tarixdə “AK Petroleum İndustrial Company” MMC-nin (VÖEN: **********) ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquq varisidir.
3. Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690,38 manat əsas, 30845,19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083,76 manat əsas, 816541,88 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı iddianın təmin olunmayan hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, ** saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020ci il tarixli, **************** nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə vergi uçot bazasında “Ak Petroleum İndustrial Company” MMC-yə (hüquq varisi İddiaçı MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquq varisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və İddiaçı MMC-yə qoşularaq ləğv edilmiş “AK Petroleum İndustrial Company” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyi Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmiş və həmin qərar yxuarı instansiya məhkəmələri tətəfindən dəyişdirilmədən saxlanılmışdır (Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları ilə)
7. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin ##.##.2023-cü il tarixli qərarı ilə “AK Petroleum İndustrial Company” MMC-də ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılmasının təyin edilməsi qərara alınmış, qərarın icrası Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023cü il tarixli
8. qərarı ilə “AK Petroleum İndustrial Company” MMC-yə münasibətdə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
9. Həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla 2017-2020-ci il üzrə cəmi 1463251,36 manat vergi məbləğinin azaldılmasına görə 731625,69 manat maliyyə sanksiyası tətbiq edilməklə “AK Petroleum İndustrial Company” MMC vergi məsuliyyətinə cəlb edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AK Petroleum İndustrial Company” MMC ##.##.2020-ci il tarixdə ”xxxx” MMC-yə qoşularaq ləğv edilmişdir və İddiaçı MMC onun hüquq varisidir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2020-ci il tarixli, **************** nömrəli qərarı ilə “AK Petroleum İndustrial Company” MMC-yə ümumilikdə 1958182,73 manat vergi məbləği hesablanmışdır. Həmin qərarın ləğv edilməsi barədə qaldırılmış iddia üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1(114) **/**** nömrəli qərarı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı və son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi məbləği ümumilikdə 83094,74 manat, o cümlədən, 83085,17 manat məbləğində ƏDV və 9,57 manat məbəğində əmlak vergisi müəyyən olunmuşdur. Məhkəmə icraatı dövründə “Ak Petroleum İndustrial Company” MMC-nin hüquq varisi kimi İddiaçı MMC qəbul edilmişdir. İddiaçı MMC tərəfindən yuxarıda qeyd olunan qərarın məcburi icra edilməsi məqsədilə (lazımi şəkildə icra edilmədiyindən) qaldırılan iddia üzrə vergi uçot bazasında “Ak Petroleum İndustrial Company” MMC-yə (hüquq varisi İddiaçı MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquq varisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və İddiaçı MMCyə qoşularaq ləğv edilmiş “Ak Petroleum İndustrial Company" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi barədə Gəncə İnzibati Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Bugünə kimi həmin qərar tam şəkildə icra edilməmişdir. ##.##.2024-cü il tarixdə ** saylı Ərazi Vergilər İdarəsi tərəfindən e-məhkəmə sisteminə yerləşdirilən məktuba əsasən iddiaçının, ləğv olunan bir müəssisəyə - “Ak Petroleum İndustrial Company” MMC-yə 7 illik dövr üzrə yenidən səyyar vergi yoxlaması açıldığından məlumatı olmuş və iddiaçı, ##.##.2024-cü il tarixdə bununla əlaqadar olaraq Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemindən müraciət edərək yoxlama aktı və məsuliyyətə cəlbetmə barədə qərarın surətinin ona göndərilməsini xahiş etmişdir. Müraciətə əsasən ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı və aparılmış vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar iddiaçıya rəsmi şəkildə təqdim olunmuşdur. İddiaçı da hazırda həmin qərarı mübahisələndirir.
12. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə “AK Petroleum İdustrial Company” MMC-də növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarın icrası ilə bağlı Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə “AK Petroleum İndustrial Company” MMC-də ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər, “xxxx” QSC tərəfindən ##.##.2023-cü il tarixli, **************** nömrəli, “xxxx” ASC-nin Qazax şöbəsi tərəfindən ##.##.2023-cü il tarixli, 231401********** nömrəli, “xxxx” ASC tərəfindən ##.##.2023-cü il tarixli, 2314010176513100, 2314010176512400 və **************** nömrəli, “xxxx” ASC-nin Ağstafa şöbəsi tərəfindən ##.##.2023-ci il tarixli, **************** nömrəli məktublarla daxil olmuş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan idxal-ixrac əməliyyatları barədə məlumatlar, elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal-ixrac əməliyyatları barədə məlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış və vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə alınmış məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 159.1ci və 166-cı maddələrinə əsasən əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin aylar üzrə düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində cəmiyyət tərəfindən 2018-ci il ərzində 557024,60 manat və 2019-cu il ərzində 664003,75 manat, cəmi 1221028,45 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci il ərzində 218,68 manat, 2019cu il ərzində 824,23 manat və 2020-ci il ərzində 134,75 manat, cəmi 1177,66 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 1219850,79 manat (1221028,45-1177,66=1219850,79) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı kameral vergi yoxlaması ilə əhatə olunmuş sonuncu əlavə dəyər vergisinin bəyannamələrinə əsasən işçilərə 2019-cu ilin iyul ayında 38436,99 manat, avqust ayında 38964,15 manat və sentyabr ayında 40961,48 manat, cəmi 118362,62 manat əməkhaqqının hesablandığı müəyyən edilmiş və göstərilənləri nəzərə alaraq nəticədə 2019-cu ilin Ill rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda işçilərə 2019-cu ilin iyul ayında 38436,99 manat, avqust ayında 38964,15 manat və sentyabr ayında 40961,48 manat, cəmi 118362,62 manat əmək haqqının hesablandığının göstərilməli olduğu və müvafiq olaraq 29590,66 manat sosial sığorta haqqının hesablanmalı olduğu, nəticədə 2019cu ilin III rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda 16916,70 manat sosial sığorta haqqının artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. ** saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə “AK Petroleum İdustrial Company” MMC-yə 242222,91 manat mənfəət vergisi, 1219985,54 manat əlavə dəyər vergisi və 731625,69 manat maliyyə sanksiyası hesablanmışdır.
13. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ona qoşulan hüquqi şəxsin hüquq varisidir və işin hallarından da göründüyü kimi, hüquqi şəxsin yenidən təşkil olunması vergi orqanında qeydə alınmışdır. Buna baxmayaraq, vergi orqanı mövcud olmayan hüquqi şəxsin barəsində vergi borcunun olması ilə bağlı qərar qəbul etmişdir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh ##.##.2017–##.##.2023-cü illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu üzdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində araşdırıla bilməz. Həmçinin cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul olunması vergi orqanı tərəfindən səlahiyyətindən sui-istifadə və iddiaçının sahibkarlıq fəaliyyətinə, konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh cinayət təqibi orqanının qərarını əsas götürməklə barəsində mübahisənin məhkəmə qərarı ilə həll edildiyi və bununla bağlı cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin səyyar vergi yoxlaması zamanı cavabdehin ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçıya ##.##.2017-##.##.2020-ci illəri əhatə edən vergi dövrü üzrə 3991149,47 manat vergi və 2001210,37 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 5992359,84 manat məbləğində vergi hesablanmışdır. İddiaçı həmin inzibati aktı məhkəmədə mübahisələndirmişdir. Daha sonra, inzibati məhkəmə tərəfindən iddiaçının ##.##.2021-ci il tarixli qərarın ləğvinə dair iddia tələbi təmin olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Odur ki, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ləğv edilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və İslam Həsənov) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, nə cinayət təqibi orqanı növbədənkənar səyyar vergi yoxlanılması təyin edilməsinə dair qərar qəbul edərkən, nə də cavabdeh orqan sonuncu qərarı icra edərkən nəzərə almamışdır ki, yoxlanılması nəzərdə tutulan dövrün (##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək) bir hissəsi (##.##.2017ci il tarixdən ##.##.2020-ci il tarixədək) olan dövr cavabdeh tərəfindən yoxlanılmış, yoxlamanın nəticələrinə dair qəbul edilmiş inzibati akt – qərar mübahisələndirilmiş, buna dair məhkəmə aktları qəbul edilməklə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 38-ci maddəsindən çıxış edərək qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Həmçinin mübahisəyə dair iş üzrə materiallarla müəyyən olunur ki, iddiaçıya münasibətdə aparılan növbədənkənar vergi yoxlaması ##.##.2023-cü il tarixdə başlamış, yoxlama müddətində cavabdeh 1 dəfə (##.##.2023-cü il tarixində 30 gün müddətinə) yoxlama müddətinin uzadılması barədə qərar qəbul etmiş, 10 dəfə isə (##.##.2023-cü il tarixində 26 gün müddətinə, ##.##.2023-cü il tarixində 24 gün müddətinə, ##.##.2023-cü il tarixdə 20 gün müddətinə, ##.##.2023-cü il tarixdə 16 gün müddətinə, ##.##.2023-cü il tarixdə 16 gün müddətinə, ##.##.2023-cü il tarixdə 29 gün müddətinə, ##.##.2024-cü il tarixdə 15 gün müddətinə, ##.##.2024-cü il tarixdə 22 gün müddətinə, ##.##.2024-cü il tarixdə 14 gün müddətinə və ##.##.2024-cü il tarixdə 16 gün müddətinə) yoxlamanı müvəqqəti dayandırmışdır. İş üzrə materiallara görə, vergi yoxlamasının dayandırılmasının əsas məqsədinin sənədlərin əldə edilməsinə və bununla əlaqədar müvafiq müraciətlərin göndərilməsinə bağlı olduğu qeyd edilsə də, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən bu məqsədlə Vergi Məcəlləsinin 43-11-ci maddəsinə istinadən edilmiş yeganə müraciət istisna olunmaqla, bu istiqamətdə hər hansı müvafiq hərəkətlərin edildiyi, müvafiq sənədlərin əldə olunması üçün müraciətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da, öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. İşin hallarından müəyyən olunur ki, cavabdeh yoxlamanın müddətini 10 dəfə dayandırmış, lakin dayandırma qərarında heç bir əsaslandırma qeyd etməmiş, lazımi araşdırma aparmamışdır. Bununla yanaşı məhkəmə iclasında cavabdehin nümayəndəsi yoxlamanın başlanmasına dair qərar reyestrə daxil edilmədiyindən, müddətinin uzadılması və dayandırılması barədə qərarların da daxil edilmədiyini bildirmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.