Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2731/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, riskli vergi əməliyyatı, əmtəəsiz əməliyyat, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2-1(103)-2351/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 2022-ci il mənfəət vergisi dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)-1676/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizli k sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli qərarı ləğv edilmişdir.
3. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək cavabdehin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2-1(103)-2351/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin “Hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqla rının xülasəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli qərarı ləğv edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, **********615800 nömrəli qərarla əvvəlki mübahisə predmeti olan inzibati akt, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********496100 nömrəli qərar ləğv edilmiş, iddiaçı da iddia tələbini dəqiqləşdirərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
6. İşin hallarına görə, cavabdeh kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində iddiaçı tərəfindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə 128121,13 manat məbləğində əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndir ərək 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsində qeyd edilən həmin məbləği gəlirlərin əldə edilməsi ilə bağlı xərc kimi qəbul etməmiş və iddiaçıya əlavə olaraq mənfəət vergisi hesablamışdır. Cavabdeh tərəfindən elektron qaimə-fakturaların araşdırılması zamanı, iddiaçının "xxxx" MMC-dən, "xxxx" MMC-dən və X1 müxtəlif mallar, iş və xidmətlər aldığı müəyyən edilmiş, lakin alınmış malların həmin vergi ödəyicilərinin elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilmişdir. Sözügedən əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamışdır.
7. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman qeyd edilən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olanda da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur.
8. İddiaçının, qeyd edilən vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətə malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Əməliyyatın əmtəəsiz olduğuna istinad etməsi üçün vergi orqanının əməliyyat baş verən anda onun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi t ələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
9. Həmçinin, cavabdeh iddiaçının vergi ödəyicilərindən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməmişdir. Bununla yanaşı, cavabdeh mənfəət vergisini riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydada hesablamamışdır. Belə ki, vergi orqanı iddiaçının qeyd edilən vergi ödəyic iləri ilə apardığı əməliyyatlar üzrə 128121,33 manat məbləği xərc olaraq nəzərə almadıqda, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablamışdır.
10. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci madd ələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmən in konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məc əllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Ba şqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları).
15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquq i mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranm aq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 21(103)-2351/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.