Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2743/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-1025/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 24 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi gönədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Arxiv arayışında qeyd olunan illər əmək kitabçasında qeyd edilmədiyi üçün ərizəni təmin etməkmümkün deyil. İddiaçı 2018-ci il 2 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1968-ci il tarixdən 1969-cu il tarixədək, 1972-ci il tarixdən 1973cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək işlədiyi 1968-ci il tarixdən 1969-cu il tarixədək, 1972-ci il tarixdən 1973-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və 2013-cü il tarixdən ödənilməyən fərq məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia çı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçıya 2012-ci il 2 fevral tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. O, 1968-ci ildən 1969-cu ilədək Bakı Çörək Ticarət İdarəsində, 1972-ci ildən 1973-cü ilədək Bakı şəhəri Restoranlar və Kafelər Trestinin “Çənlibel” restoranında çalışmışdır. Cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilərkən həmin iş illəri sığorta stajına daxil edilməmişdir. 2013-cü il 8 iyul tarixli Arxiv arayışına əsasən, Azərbaycan Respublikası “Bakı Çörək Ticarət İdarəsi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində iddiaçının 1968-1969-cu illərə dair 154 saylı mağaza üzrə aylıq maaşları qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin **********81 saylı, 2013-cü il 8 iyul tarixli arxiv arayışına əsasən, iddiaçı 1972-ci il 12 aprel tarixdən 1973-cü il 25 oktyabr tarixədək “Çənlibel” restoranında işləmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 7, 27, 31.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 dekabr tarixli 2-1(82)4283/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun müvafiq arayışlarda göstərilən 1968–1969-cu illərdə, 1972–1973-cü illərdə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən təyin olunması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1968-1969-cu və 19721973-cü illərdə işləməsi faktı arxiv arayışları ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-1025/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 18 iyun tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması nı tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 14.3, 58.7, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda d a işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə kollegiyası mübahisələndirilən illərə dair iş stajının arxiv arayışları ilə təsdiq olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və mübahisələndirilən illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li və 1972-ci il 3 avqust tarixli, 590 №-li Qərarları ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 117-ci maddəsinin “q” bəndinə əsasən, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda iş stajı arxiv müəssisələrinin arayışları ilə təsdiq olunur. İddiaçının əmək fəaliyyəti arxiv arayışları ilə təsdiq olunur. Həmin arayışlardakı məlumatları cavabdehin qəbul etməməsi isə “Əmək pensiyaları haqqında” Qanunun 31.21-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənd iyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-1025/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2743/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2743/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver