Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2760/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçıların vəkili Rüstəmova Natəvan Famil qızının iştirakı ilə, İddiaçılar x1 və x2-nun cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)1280/2019 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşları olan iddiaçılar 2018-ci il 2 avqust tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişlər. Cavabdehin 2018-ci il 6 noyabr tarixli qərarıilə iddiaçılara qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. İddiaçılar cavabdehin 2018-ci il 6 noyabr tarixli qərarından inzibati şikayət verərək qərarın ləğv olunmasını və qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin olunmasını xahiş etmişlər. Şikayət instansiyasının 2019-cu il 3 yanvar tarixli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar 2019-cu il 4 fevral tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin İQ-139/3 nömr əli, 2018-ci il 6 noyabr tarixli, şikayət instansiyasının 02 saylı, 2019-cu il 3 yanvar tarixli qərarlarının ləğv edilməsini və x1in qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona və onun ailə üzvləri arvadı – 1995-ci il təvəllüdlü x2ya və qızları – 2017-ci il təvəllüdlü Hajızada Elnaza qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-139/3 nömrəli 2018-ci il 6 noyabr tarixli və 02 saylı 2019-cu il 3 yanvar tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi, x1in qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona və onun ailə üzvləri arvadı – 1995-ci il təvəllüdlü x2ya və qızları – 2017 -ci il təvəllüdlü Hajızada Elnaza “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı x1 1990-cu ildə Əfqanıstanın Kabul şəhərində anadan olub, etnik mənsubiyyətinə görə Hazaradır (şiə). İddiaçı x2 Əfqanıstan vətəndaşıdır, 1995-ci ildə anadan olub, milliyyətcə tacikdir. x1 x2 ilə evlidir və onların bir qızı var (onlar birlikdə Azərbaycana gəlib). İddiaçı x1in Kabulda yaşayan dörd bacı-qardaşı var, atası isə 2013-cü ildə xəstəlik nəticəsində vəfat edib. x1 “ünvan 1” litseyində 12 illik təhsil alıb, lakin ailəsinin maddi çətinliyi səbəbindən təhsilini davam etdirə bilməyib. 2009-cu ildə iddiaçı x1 “MPRİ” adlı Amerika şirkətində sürücü və tə rcüməçi kimi işə başlayıb. Şirkətə məxsus “PhinaxFenisk” aldı düşərgədə təqaüddə olan əsgərlər Əfqanıstan Milli Ordusuna təlim keçib. İlk yeddi ay ərzində iddiaçı sənədləri fars dilinə tərcümə edib. 2009-cu ilin payızında Amerikalılarla birlikdə əfqan əsgərlərinə tərcümə üçün Mazare-Sharif vilayətinə gedib. Amerikalılarla işinə görə iddiaçı x1in ailəsi Puştunlar tərəfindən təhdid olunduğundan o işdən çıxmaq məcburiyyətində qalıb və Kabula geri qayıdıb. 2011-ci ildə Kabulun Teymend rayonunda kompüter avadanlıqlarının satıldığı dükan açıb. 2012-ci ildə arvadı məktəbdə oxuyan zaman onunla tanış olub. Onlar görüşüb və evlənmək qərarına gəlib. Lakin, iddiaçı x1 etnik mənsubiyyətinə görə Hazara, onun arvadı - iddiaçı x2 isə Tacik olduğundan onlar evliliyin çətin olacağını biliblər. 2015-ci ildə iddiaçı x1in arvadı Arezo ona atasının onu borc qarşılığında bir kişi ilə evləndirmək istədiyini bildirib. Arezonun atası həmçinin narkotik istifadəçisi olduğundan və qumar oynadığından x1in ailəsi Arezo ilə evlənməsinə etiraz edib. Cütlük birlikdə qaçmaq qərarına gəlib (2015-ci il). Onlar Mazare-Sharif-e gedib və 2017-ci ilin sonuna qədər orada yaşayıb. Arezonun atası qızının tapılması üçün polisə müraciət edib. İddiaçı x1 bir dəfə arvadının qardaşını bazarda görüb və ailəsinin hələ də onları axtardığını düşünüb. Bundan sonra onlar Parvan şəhərinin Sorxe-Parsa rayonuna gedib və altı ay orada yaşayıblar. 2018-ci ilin iyul ayında iddiaçı x1 arvadı və uşağı ilə birlikdə Azərbaycana gəlmişdir. İddiaçılar qaçqın statusu alınması üçün cavabdehə müraciət etmişlər. Lakin cavabdeh inzibati orqan t ərəfindən yaradılmış müvafiq komissiyanın qərarına əsasən onlara qaçqın statusunun verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 mart tarixli 2-1(81)1345/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar və ailə üzvi qızları – 2017-ci il təvəllüdlü Hajızada Elnaz vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1280/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçılara 2019-cu il 25 iyun tarixdə təqdim edilmişdir. İddiaçılar həmin qərardan 2019-cu il 23 iyul tarixdə kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya (bundan sonra mətndə - Konvensiya) və 1967-ci il 31 yanvar tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra mətndə - Protokol). Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası (bundan sonra mətndə – AİHK) və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHKi şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3, 8 və 13-cü maddələri qaçqın işlərinə tətbiq edilə bilər. İddiaçılar hesab edirlər ki, sığınacaq verilməsindən imtina edilməklə onların aşağıdakı hüquqları pozul ub: sığınacaq hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsi); inzibati icraat və ədalət mühakiməsi hüququ (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi); pis rəftara məruz qalmamaq hüququ (AİHK-in 3-cü maddəsi 3); şəxsi həyata hörmət hüququ (AİHK-in 8-ci maddəsi); səmərəli vasitələr hüququ (AİHK-in 13-cü maddəsi). İşdə iştirak edən şəxslərin izahatları: İddiaçıların vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlməd ikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət mahiyyətcə uğurlu deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin araşdırılmış hallarına görə, iddiaçıların cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçıların dinlənilmə hüququ təmin olunaraq onlarla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçıların arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar edilmişdir. İddiaçıların müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000- ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. İddiaçıların müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. İşin araşdırılmış hal larına görə, iddiaçılar və ailə üzvi qızları – 2017-ci il təvəllüdlü Hajızada Elnaz vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, iddiaçıların qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Şikayətdə BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinad da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunund a təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçılar isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmirlər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyun tarixli 2-1(103)-1280/2019 nömrəli qərarıdəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2760/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2760/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver