Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2765/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarına əsasən ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı “ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclasının qərarı və ** saylı sərəncamı əsasında alqı-satqı vasitəsi ilə iddiaçının şəxsi mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır.
2. ##.##.2008-ci il tarixli ödəniş qəbzi ilə torpağın dəyəri iddiaçı tərəfindən ödənilmişdir.
3. Balakən rayon Qazbinə bələdiyyəsi tərəfindən ayrılan 0,10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində ##.##.2008-ci il tarixində qeydiyyata alınmışdır.
4. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış №****** nömrəli torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir.
5. Iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina edərək bildirmişdir ki, sözügedən 0,10 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Balakən rayon Qazbinə bələdiyyəsi tərəfindən ayrılan 0,10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində ##.##.2008-ci il tarixində qeydiyyata alınmışdır. Halbuki, mövcud olmuş qanunvericiliyin tələblərinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair alqı-satqı aktı ## ###### 2007-ci il tarixədək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilib imza və möhürlə təsdiq olunaraq qeydiyyata alınmalı idi.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı sərəncamı əsasında alqı-satqı yolu ilə yaşayış evinin tikintisi üçün əldə etmiş olduğu, hal-hazırda ünvan 2 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmaqla adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Iddiaçı iddia ərizəsində bu qərarın 1-6-cı bəndində qeyd edilən hallara istinad edərək qeyd etmişdir ki, cavabdehin imtinası qanunsuz sayılmalı və iddia tələbi təmin edilməlidir.
8. Cavabdeh iddia tələbinə yazılı etirazını imtinanın dəlillərinə uyğun əsaslandırmışdır.
9. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, hal-hazırda ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0,1039 ha olmaqla, TEKUIS məlumat bazasında Balakən şəhəri hüdudları daxilində yerləşən Balakən bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq (uqodiyası təmiz örüş sahəsi) kimi işlənilmişdir. Mübahisəli torpaq sahəsinin naturada istifadəçisi Iddiaçıdur və onun naturada istifadəsində olan ərazi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
10. Şəki Inzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Balakən rayonu, Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolu əsasında satılmış, hal-hazırda ünvan 2ndə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Təqdim edilmiş mütəxəssis rəyində torpaq sahəsinin TEKUIS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsinə aid olduğu bildirilsə də, cavabdeh orqanın hüquq varisi olduğu ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin möhürü ilə təsdiq edilmiş ilkin yerquruluşu sxemində torpaq sahəsinin iddiaçıya həyətəyanı məqsədilə satılması qeyd edilmişdir. Həmçinin, A****** saylı plan-ölçü sənədində də, torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya satılması göstərilmişdir. Nəzərə alınmalıdır ki, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0,10 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Təqdim edilmiş yeruquruluşu planında iddia olunan və qonşu torpaq sahələrinin ardıcıl olaraq yol kənarında müvafiq hissələrə bölünməklə yerləşməsi aşkar görünür. Xüsusilə, iddia olunan torpaq sahəsi satılan zaman Qazbinə bələdiyyəsinin ərazisinə aid olsa da, hazırda Balakən şəhəri hüdudları daxilində Balakən bələdiyyəsinin mülkiyyətinə aid ərazidə - N.Rəfibəyli küçəsində yerləşir. Buna görə də, elektron xəritə bazasında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş uqodoiyalı qeyd edilməsi ilkin torpaqayırma səndlərinə və ərazinin faktiki yerləşmə vəziyyətinə uyğun olmadığından göstərilən hal iddiaçının ziyanına şərh edilə bilməz.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Işə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi tərtib edilmişdir. Həmin rəydə göstərilmişdir ki, sözügedən torpaq sahəsi satıldığı zaman Balakən rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisi olmuşdur. O cümlədən, mübahisəli ərazi 2007-ci ildə Balakən rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisi olmuşdur. Mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair hər hansı bir çıxarış sənədi işlənilməmişdir. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə qərarı ilə ayrılmış və №****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür.
14. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ## ##### 2025-ci il tarixli “mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə” məktubda göstərilmişdir ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları göstərilən torpaq sahəsi, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, dövlət meşə fondu torpaqlarına aid ərazinin hüdudları daxilində yerləşir.
15. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/ R.R.Rəfiyev və Ə.V.Kərimov) ## ### 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolu əsasında satılmış, hal-hazırda ünvan 2ndə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində xxxx Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin ## ### 2025-ci il tarixli Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlarına uyğun olaraq iddiaçı Iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əgər birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolu əsasında satılmış, hal-hazırda ünvan 2ndə yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı Iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 1000 kv.m. torpaq sahəsinin onun faktiki istifadəsində olan 1039 kv.m. torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə isə bu, baş verməmişdir. Məhkəmənin sorğusu əsasında tərtib edilmiş “xxxx” Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin yerquruluşu planında Iddiaçı naturada göstərdiyi və iddia etdiyi 1000 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. Odur ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolu ilə satılmış 1000 kv.m. torpaq sahəsi üzərində “xxxx” Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlara uyğun olaraq Iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilə bilər. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunvericiliyin imperativ (məcburi) tələbinə əsasən, sözügedən torpaq sahəsinin hüquqi rejiminə görə həmin torpaq sahəsi heç bir halda iddiaçının xüsusi mülkiyyətinə verilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. ... ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.
26. Iddiaçının hazırkı iş üzrə hüquqi marağı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlib.
27. Ilk növbədə qeyd edilməlidir ki, məhkəmə icraatının gedişində cavabdeh iddiaçının tələbinin əsassızlığı ilə bağlı bu dəlillərə istinad etmişdir: 1. iddia olunan torpaq sahəsi TEKUIS məlumat bazasında kənd təsərrüfatına yararlı olmaqla bələdiyyəyə məxsus təmiz örüş sahəsi kimi işlənildiyindən həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz; 2. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış №****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşmir.
28. Cavabdehin “iddiaçının iddia etdiyi torpaq sahəsinin örüş sahəsi kimi olması” ilə bağlı dəlilini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə fərdi yaşayış evi tikmək məqsədi ilə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyənin sərəncamı (qərarı), protokoldan çıxarış, torpaqların alqı-satqısına dair akt, iddiaçının adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, ##.##.2008-ci il tarixli ödəniş qəbzi ilə təsdiq edilir. Habelə, hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı sənədlər həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu - Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən tam həcmdə araşdırma aparılmamışdır.
30. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı sənədlərin həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu - Balakən rayon şöbəsi tərəfindən təsdiq edildiyinə istinad etsə də, apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ## ##### 2025-ci il tarixli “mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə” məktubda göstərilmişdir ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatları göstərilən torpaq sahəsi, onun naturada istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, dövlət meşə fondu torpaqlarına aid ərazinin hüdudları daxilində yerləşir.
31. Beləliklə də, cavabdehin öz imtinasını əsaslandırmaq üçün istinad etdiyi dəlillərindən biri də, iddiaçının hazırda iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə, ona ilkin torpaqayırma zaman tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar arasında uyğunsuzluq olması ilə bağlıdır.
32. Işə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının iddia etdiyi (naturada istifadə etdiyi) torpaq sahəsinin, ona hüquqmüəyyənedici sənədlərlə satılan torpaq sahəsi olub-olmaması istiqamətində araşdırma aparmamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, ilkin hüquqmüəyyənedici sənədlərdəki koordinatlar daxilində yerləşən torpaq sahəsinə dair həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu - Balakən rayon şöbəsi tərəfindən verilmiş sənədlərə (torpağın təyinatı və satılmağa uyğunluğu barədə) bu və ya digər qaydada istinad etmək olar. Hazırda isə iddiaçının iddia etdiyi və naturada istifadə etdiyi torpaq sahəsinin, ona satılan torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, bu halın müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.
33. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq noprmaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apelyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
35. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.