Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-279/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasi yanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-334/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Zərdab RDİŞ yanında Mühafizə bölməsində milis nəfəri, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Zərdab RPŞ-də PPXT-nın polis nəfəri (xx.xx.1997-ci il tarixdə 16 nömrəli əmrlə üzrsüz səbəbdən iki ay xidmətə çıxmadığına görə DİO-da xidmətdən xaric olunub), xx.xx.2001-ci il tarixdə Zərdab RPŞ-nin 9 nömrəli əmri ilə yenidən DİO-ya bərpa olunmaqla xx.xx.2003-cü il tarixədək Zərdab RPŞ-də polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 nömrəli əmri ilə “AR DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuş və xidmət illəri aşağıdakı kimi hesablanmışdır: Təqvimi hesablama ilə -12 il, 10 ay, 16 gün, Güzəştli hesablama ilə-cəmi17 il, 11 ay,16 gün. Hazırki vəzifə, rütbə maaşı, eyni zamanda xidmət illərinə görə haqqın ödənilməsi və ərzaq payı pulu aşağıdakı kimi xarakterizə olunur: Vəzifə maaşı-379 manat 00 q, Rütbə maaşı-117 manat 00 q Xidmət ilinə görə-15%=74 manat 00 q, Ərzaq payı-64 manat 00 q.
2. İddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Respublikasının m üdafiəsi zamanı hərbi travma almış (“Sol bazunun orta 1/3-nin yumşaq toxumalarının kor güllə yaralanması nəticəsində 2x2 ölçüdə yaranmış çapıq toxuması), xx.xx.2016-cı il tarixdə, ƏƏSMN 36 saylı TSEK Zona Tibbi Sosial Ekspert Komissiyasının 133264 №-li arayışı əsasında ona ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİOdan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina ed ərək bildirmişdir ki, “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifəsinin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə ona dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra isə bu məbləğ təqsirli şəxslərdən tutulur. Qərarla müəyyən edilmiş birdəfəlik kompensasiyanın yalnız xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) alan əməkdaşlara şamil edildiyindən, iddiaçı isə 1991-ci ildə travma aldıqdan sonra 2003-cü ilə qədər xidmətini davam etdirdiyindən həmin kompe nsasiyanın ödənilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Zərdab rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, həmin tarixdə şöbə rəisinin 42 №-li əmri ilə “Azərbaycan Respublikası X3 xidmətkeçmə haqqında" Əsasnamənin 135ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuşdur. Səhhətinə görə xidmətdən xaric olma səbəbi isə AR X3 xidmət dövrü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.1991-ci il tarixdə aldığı hərbi travma (yaralanmağı) olmuşdur. Belə ki, yaralanmağının nəticəsində səhhətində müəyyən problemlər baş vermiş və səhhəti ona xidməti davam etdirməyə imkan verməmişdir. Səhhəti ilə əlaqədar olaraq o, xx.xx.2003-cü il tarixdə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası X3 xidmət dövrü aldığı travmanın səbəb əlaqəsi ha qqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 18 saylı qərarında onun aldığı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. xx.xx.2012-ci ildə isə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi isə “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-682/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə “Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) İddiaçı ödənilməsi öhdəliyi qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın ona ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(107)-334/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X1 /məruzəçi/, X5 və X6) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız hesab edilərək qeyd edilir ki, iddiaçı hazırki iddia tələbi ilə müraciət edərkən prosessual müddəti ötürmüşdür. Belə ki, İddiaçı xx.xx.1990-xx.xx.2003-cü il tarixədək X3 xi dmət etmiş və xx.xx.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1991-ci il tarixdə hərbi travma almışdır. Bundan sonra o, xx.xx.2003-cü il tarixədək xidmətini davam etdirmiş və xx.xx.2003-cü il tarixdə "Azərbaycan Respublikası X3 xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən xidmətdən xaric edilmişdir. İddiaçı 1991-ci ildə travma alsa da, xidmətini davam etdirmişdir. Onun xidməti fəaliyyətini həyata keçirməsinə səhhəti imkan vermiş və 12 ildən sonra, yəni xx.xx.2003-cü il tarixdə xidmətdən xaric edilmişdir. Göründüyü kimi iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsd iq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarına əsasən xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmidir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlar ının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya in stansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inziba ti mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ lazımi qaydada araşdırılmamışdır.
20. İnzibati m übahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
21. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə müm künlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əs as və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
24. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) cavabdeh tərəfindən ödənilməsinə yönəlmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın tələb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir.
26. Qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında q eyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri ic raatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
28. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsin ə zəmin yaradardı”.
29. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 30. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozul duğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
31. Hazırkı iş üzrə mübahisə predmeti iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın ödənilməməsi çıxış etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs i onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
33. Beləliklə, hər bir halda iddiaçı sözügedən cavabdehin hərəkətsizliyini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir.
34. İş materiallarından görünür ki, iddiaçı travmanı xx.xx.1991-ci ildə almış, xx.xx.2003-cü il tarixdə Zərdab RPŞ-in rəisinin 42 nömrəli əmri ilə “AR DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndi ilə “səhhətinə görə” xidmətdən xaric olunmuşdur.
35. Lakin 2003-cü ildən sonra ötən dövr ərzində iddiaçı kompensasiya tələbi ilə əlaqədar olaraq cavabdehə müraciət etməmişdir. Baxmayaraq ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutul muş digər əlavələr, müavinətlər, ödənişlər verilir. 36. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericili yin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
38. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
39. Nəticədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 ya nvar 2011-ci ilədək ötürüldüyündən onlar yeni qanuna görə də mübahisələndirilə bilinmədiyinə görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(107)-334/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası X3 xidmət edərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmətini davam etdirməyə imkan verməyən dərəcədə aldığı yaralanmaya (hərbi travma) görə birdəfəlik kompensasiyanın (AR DİO-dan xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir.