Məhkəmə qərarları › İş №2-1(102)-2794/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2794/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2794/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2794/2023) (Açar sözlər: hərbi qulluqçu kimi pensiya alan şəxsin pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış kapitalı nəzərə alınmaqla yenidən hesablanması; “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla yenidən hesablanmasının təmin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 2-1(107)-239/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya "28 iyun 2008-ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabd eh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona Mərkəzi Filial tərəfindən 28 iyun 2008ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 772,10 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-280,08 manat; qulluq stajına görə əmək pensiyaya əlavə-492,02 manat. Əlavə olaraq İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 16685,57 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanlar nəzərə alınaraq 16685,57 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Q anunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 108 (16685,57:108 (65 il-62 il=36 ay+(144 ay-72 ay)=154,50 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (280,08 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 434,58 (280,08+154,50) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (492,02 manat) həmin artım qədər (154,50 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 434,58 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 337,52 (492,02-154,50) manat təşkil edir. 4. 020178 nömrəli pensiya işi üzrə “əmək pensiyasının yenidən hesablanması haqqında” DSM F-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə pensiya təyin edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyası yenidən hesablanaraq 772 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq əmək pensiyasının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla yenidən hesablanmasının təmin edilməsi“ barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildən 2008-ci ilədək Azərbaycan Respub likası Silahlı Qüvvələrində xidmət etmiş, 2008-ci ildə ordu sıralarından tərxis olunaraq qulluq stajına görə təqaüdə çıxmış və həmin ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Zaqatala rayon Təhsil Şöbəsində müəllim vəzifəsində çalışır. 5 ildən artıq işlədiyi müddətdə pensiya fonduna sığorta yığımına pul ödəmiş, lakin təqaüddə olduğu müddətdə pensiyası ancaq Respublika Prezidentinin sərəncamları ilə, ölkədə olan rəsmi infilyasiyaya görə artırılmışdır. Bu müddətdə cavabdeh tərəfindən pensiyası yenidən hesablanmamışdır. 6 aprel 2022-ci ildə pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. 22 iyun 2022-ci il ta rixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixli, **********9 saylı cavab məktubu almışdır. Bu məktubda pensiyasının yenidən hesablandığı qeyd olunur. Lakin pensiyası son 15 ildə sığorta stajına görə yenidən hesablanmamışdır. Təqdim edilmiş hesablamalar həqiqəti əks etdirmir. Əgər onun fərdi hesabında 16685 manat vardırsa və o, 62 yaşında müraciət etmişdirsə onda 65-62= 3 il; =36 ay; 144 +36 = 180 ay. Bu zaman onun pensiyasına əlavə 16685/180=92.69 manat olmalıdır. Odur ki, cavabdehin mövqeyini düzgün hesab etmir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2 022-ci il tarixli, 2-1(116)-1629/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 2-1(107)-239/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansi ya məhkəməsinin 29 dekabr 2022-ci i tarixli qərarı ləğv edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsaslanaraq iddiaçının işlədiyi dövrdəki sığorta yığımı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığo rta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. İddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Cavabdeh orqanın isə Qanunun 29.2-ci maddəsinə (indeksləşdirməyə) istinad edərək pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğini azaltması baxılan işin mahiyyətinə ziddir.

13. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən “Əmək pensiyaları haqqınd a” Qanunun 9.6 və 37.3.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 29.2, 37.3.1, 45-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 37.3. İşləyən əmək pensiyaçılarına 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının top lanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Maddə

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günə dək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarı...“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə topl anmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2131/23 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)1947/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2449/2023 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2

4. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun pensiyaya çıxdıqdan sonra işləyərək ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına yaranmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq artırılmasından i barətdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.

31. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməlidir.

32. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyalar ı haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya m əbləği artacaqdır.

33. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır (bax: Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2131/23 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1947/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2449/202 3 nömrəli qərarları).

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 21(107)-239/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar