Məhkəmə qərarları › İş №2-1(102)-2798/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2798/2018

20.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2798/2018 20.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2798/18) Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı cavabdeh tərəfindən ona hüququ yarandığı 2 2 noyabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsindən imtina edilməsi haqqında 11 dekabr 2017-ci il tarixli 11/03-916 saylı məktubunun əsassız hesab olunması və hüququnun yarandığı 22 noyabr 2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2399/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fon du olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İ/İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı 02.09.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 35 il 09 ay ümumi iş stajı vardır. H3 seriyalı ******* saylı hərbi biletinə əsasən İddiaçı 06 may 1979-cu il tarixdən - may 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Milli Aviadaşıyıcısı “xxxx” QSC-nin 30 noyabr 2017-ci il tarixli 1600 saylı arayışına əsasən İddiaçı həqiqətən Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində bilavasitə ən böyük intensivli hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində çalışıb. 12.12.1995-ci il tarixdən (16.12. 1995-ci il tarixli 73/ş saylı əmr) 01.04.1996-cı il tarixədək (08.08.1996-cı il tarixli 24/ş saylı əmr) Bakı Nəqliyyat Aviaşirkətində, 01.04.1996-cı il tarixdən (01.05.1996-cı il tarixli Ş2/ş saylı əmr) 29.11.2017-ci il tarixinədək “Azəreronaviqasiya” müəssisəsində və “xxxx” QSC-nin “Azəreronaviqasiya” Hava Hərəkəti İdarəsində çalışmışdır. İddiaçı ərizə ilə DSMF-nin Xəzər rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Xəzər rayon şöbəsi 11 dekabr 2017-ci il tarixdə 11/03-916 saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, AR-da vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” AR Qanununu n əsasında tənzimlənir. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirilmişdir ki, əmək pensiyası almaq üçün tələb olunan yaş həddi olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericliklə mümkün deyildir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur və hal-hazıra kimi 35 il 09 ay ümumi və 21 il 11 ay güzəştli iş stajı vardır. Güzəştli iş stajı AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarının 21.3-cü bəndinə aid olan “ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər” sırasına aid olan iş stajıdır. Güzəştli şər tlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh DMSF-nin Xətai rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan 11 dekabr 2017-ci tarixli 11/03-916 saylı məktubla iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı cavabdeh tərəfindən ona hüququ yarandığı 22 noyabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsindən imtina edilməsi haqqında 11 dekabr 2017-ci il tarixli 11/03-916 saylı məktubunun əsassız hesab olunması və hüququnun yarandığı 22 noyabr 2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək yaranmış fərq məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 02 iyul 2018-ci il tarixli iş № 2-1(82)-2808/2018, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16.10.2018-ci il tarixli iş № 2-1(103) -2399/2018 (hakimlər Valeh Ağayev sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 02.07.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin çıxardığı qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının 60 yaşı tamam olmadığından və buna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından onun iddia tələbi təmin olunmamalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin y enidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qayda da xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya məhkəməsinin çıxardığı qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının 60 yaşı tamam olmadığından və buna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ yaranmadığından onun iddia tələbi təmin olunmamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olmaqla tərtib edilmiş HT-1 seriyalı ******* saylı əmək kitabçasından və eyni zamanda "xxxx” QSC tərəfindən verilmiş 30 noyabr 2017-ci il tarixli 1600 saylı arayışından iddiaçının 12.12.1995-ci il il tarixdən (16.12.1995-ci il tarixli 73/ş saylı əmr) 01.04.1996-cı il tarixədək (08.08.1996-cı il tarixli 24/ş saylı əmr) Bakı Nəqliyyat Aviaşirkətində, 01.04.1996-cı il tarixdən (01.05.1996-cı il tarixli 2/ş saylı əmr) 29.11.2017-ci il tarixinədək "Az əreronaviqasiya" müəssisəsində və "xxxx" QSC-nin "Azəreronaviqasiya" Hava Hərəkəti İdarəsində bilavasitə ən böyük intensivli hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində (kod-12003000-17541) çalışdığı müəyyən edilir. İddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ 2012-ci il tarixdə yaranmışdır ki, həmin vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.08.1997-ci il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublik ası Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321- İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artır ılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.3-cü bölməsinə əsasən hava hərəkəti idarəetmə dispetçeri peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı 22.11.2012-ci il tarixədək 20 ildən artıq sığorta stajına malik olmuş və həmin müddətin 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmış, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 22.11.2012-ci il tarixdə yaranmışdır ki, cavabdehin iddiaçının qanuni tələblərinin təmin edilməsindən imtinası ə sassız olması iş materialları ilə sübuta yetirilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 16.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.10.2018-ci il tarixli 2-1(103)2399/2018 nömrəli qərarı dəyişdi rilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar