Məhkəmə qərarları › İş №2-1(102)-2825/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2825/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2825/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bir növündən başqa növünə keçmə və yaranmış pensiya məbləği fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi və yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.1977-ci il təvəllüdlü iddiaçı ilkin olaraq ##.##.2002-ci il tarixdə müayinə olunmuş və ona səbəbi uşaqlıqdan olmaqla ikinci qrup əlillik təyin edilmişdir. Sonrakı illərdə iddiaçının əlillik vəziyyəti təkrarən qiymətləndirilmiş və son olaraq ona ##.##.2021-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçının anası X1 ##.##.2021-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı ##.##.2022-ci il tarixdə cavabdehə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini və pensiya məbləği fərqinin hesablanaraq ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin əlilliyi ##.##.2002-ci il tarixdə (18 yaşından sonra) müəyyən edildiyi üçün ona ailə başçını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi və anasının vəfat etdiyi tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan əlildir, lakin əlilliyi 18 yaşından sonra (##.##.2002-ci il tarixdə) müəyyən edilərək ona pensiya təyin edilmişdir. Əlillik sənədlərində əlilliyinin uşaqlıqdan olması göstərilmişdir. Hazırda 355 manat pensiya alır, ##.##.2021-ci il tarixdə vəfat etmiş anası X1 isə 655 manat pensiya alırdı. O, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi pensiyasının əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh əlilliyinin 18 yaşından sonra müəyyən olunduğunu əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, həmin imtina əsassızdır və qeyd edilən işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə ziddir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif tarixlərdə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını və ödənilməsini xahiş etmişdir. Onun müraciətlərinə cavab olaraq tərəflərindən ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli və son olaraq ##.##.2024-cü il tarixli məktublar ünvanlanmış və bildirilmişdir ki, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının ilkin əlilliyi ##.##.2002ci il tarixdə (18 yaşından sonra) müəyyən edildiyi üçün ona ailə başçını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Leyla Əliyeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının pensiyasının əlilliyə görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi və anası X1 vəfat etdiyi ##.##.2022-ci il tarixdən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin edilməsindən imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından, əlilliyin təyinatı ilə bağlı müraciət onları təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) ## ### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni pensiya məbləği fərqinin ##.##.2022-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmiş, iddiaçının anası X1 vəfat etdiyi ##.##.2021-ci il tarixdən pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, birinci instansiya məhkəməsinin qərarı qərar digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Lakin birinci instansiya məhkəməsinin qərarının pensiya məbləği fərqinin ##.##.2022-ci il tarixdən hesablanması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının məhkəmə kollegiyasına ünvanladığı ərizə və iş materiallarına əlavə edilmiş AZ II ****** nömrəli ölüm haqqında şəhadətnamə nəzərə alınaraq, həmin hissədə qərar dəyişdirilməlidir. Belə ki, iddiaçının anası mərhum X1 ##.##.2021-ci il tarixdə vəfat etdiyindən, iddiaçıya ödənilməli olan pensiya məbləğinin fərqi ##.##.2022-ci il tarixdən deyil, iddiaçının mərhum anasının öldüyü tarixdən, yəni ##.##.2021-ci il tarixdən hesablanmalıdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Maddə 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Maddə 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. Maddə 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsinə və yaranmış pensiya məbləği fərqinin anasının vəfat etdiyi ##.##.2021ci il tarixdən hazırkı vaxta qədər hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.

22. Cavabdeh isə iddiaçının ilkin əlilliyinin ##.##.2002-ci il tarixdə, yəni 18 yaşından sonra müəyyən edildiyinə istinadən onun pensiyasının ailə başçını itirməyə görə əmək pensiyasına keçirilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısının itirməyə görə pensiya növünə keçirilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. İddia tələbinin həmin hissəsinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd edilən əsasla iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onları təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.

25. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə hüquqi mövqeyi məhz yuxarıda qeyd olunan məzmunda ifadə olunmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).

26. İddia tələbinin “yaranmış pensiya məbləği fərqinin iddiaçının anasının vəfat etdiyi ##.##.2021-ci il tarixdən hazırkı vaxta qədər hesablanaraq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İddiaçı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsi ilə bağlı cavabdehə ##.##.2022-ci il tarixdə müraciət etmişdir.

28. “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinin ##.##.2022-ci il tarixdən (başqa sözlə, iddiaçının müvafiq tələblə cavabdehə müraciət etdiyi tarixdə) qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

29. Hazırkı işin halları baxımından, istinad edilən həmin normaya əsasən əmək pensiyası bir növdən başqa növə bu barədə ərizənin və müvafiq sənədlərin təqdim edildiyi tarixdən keçirilir və həmin tarixdən hesablanmaqla ödənilir.

30. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında məhz eyni məzmunda hüquqi mövqe ifadə olunmuşdur.

31. Qeyd edilən hüquqi mövqeyə görə, “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” anlayışı ilə “təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsi” anlayışları fərqləndirilmiş və hesab edilmişdir ki, əmək pensiyasının təyin edilməsi “qazanılmış hüquq” anlayışına daxil olsa da, artıq təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsi şəxsin öz seçimi və müraciəti əsasında həyata keçirilən hüquqdur. Belə olan halda, əmək pensiyası, hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş və ##.##.2022ci il tarixdən qüvvədə olan hüquqi tənzimləməyə əsasən, əmək pensiyasının bir növündən (yaşa və ya əlilliyə görə əmək pensiyası növündən) ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə zamanı isə yeni növ pensiyanın ödənilməsi müraciət edilən tarixdən həyata keçirilməlidir.

32. Bu baxımdan, iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə ilə bağlı yaranmış pensiya məbləği fərqi iddiaçının müraciət etdiyi ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməlidir.

33. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, yəni pensiya məbləği fərqinin ##.##.2021-ci il tarixdən hesablanması hissəsində dəyişdirilməli, iddiaçıya ##.##.2022-ci il tarixdən pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı qismən, yəni pensiya məbləği fərqinin ##.##.2021-ci il tarixdən hesablanması hissəsində dəyişdirilir. İddiaçıya pensiya məbləği fərqinin ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar