Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2830/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İsmayılov Həzrət Mahmudağa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən daşınmaz əmlaka hüquqa dair reyestrdə aparılmış qeydiyyatın ləğvi barədə iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov Həzrət Mahmudağa oğlunun cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin ** saylı Zaqatala ərazi idarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın evə aid hissəsində ləğv edilməsi və evin mərhum atasının adına dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın İsmayılov Kamaz Mahmudağayeviç və İsmayılova Arzu Seyfullah qızının adına verilmiş 0,04 ha torpaq sahəsində yerləşən evə aid hissədə ləğv edilməsi və evin mərhum atası İsmayılov Mahmudağa Kazımoviçin adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən İsmayılov Kamaz Mahmudağayeviç və İsmayılova Arzu Seyfullah qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan Zaqatala rayon Məhkməsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş ekspert rəyində qeyd edilmişdir ki, “JN-1900A (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə müəyyən edilmiş 0,08 ha həyətyanı torpaq sahəsindən, həmin sahədə olan tikililər nəzərə alınmaqla iddiaçıların payına düşən 2/4 hissənin naturada ayrılması mümkündür. Bölgü zamanı, iddiaçıların istifadələrində olan fərdi yaşayış evi onların istifadələrində saxlanılmaqla 2/4 paya uyğun 0,04 ha torpaq sahəsi ayrılan zaman bölgü sərhəddi müəyyən edilir. Bölgü sərhəddi torpaq sahəsinin qarşı tərəfinin (küçə istiqamətindən) mərkəzindən torpağın arxa divarına qədər perpendikulyar düz xətt boyunca 30,20 m olmaqla müəyyən edilir.” Bundan başqa, iş materiallarında olan Zaqatala rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən iddiaçılar İsmayılov Arzu Seyfullah qızı və İsmayılov Kamaz Mahmudağayeviçin hər birinin payı 1/4 hissə olmaqla birlikdə 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi, yəni 0,04 ha müəyyən edilməsi və həmin hissənin həyətin qabaq hissəsindən (uzunluğu 25,7) tam orta nöqtəsindən perpendikulyar istiqamətdə həyətin arxa hissəsindəki hasara qədər uzanmaqla (qabaq hissədən tərəflərin hərəsinə 12,85 m olmaqla) naturada ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş, müayinə zamanı müəyyən edilmişdir ki, 0,08 ha torpaq sahəsi qanuni qüvvəyə minmiş qətnamə əsasında naturada iki hissəyə ayrılmışdır. Üçüncü şəxslərə ayrılan 0,04 ha torpaq sahəsində ümumi sahəsi 206,7 kv.m fərdi yaşayış evi mövcuddur. Həmin evə dair tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evi 2007-ci ildə inşa edilmişdir. Həmin evə üçüncü şəxslər sahiblik etməklə istifadə edirlər. Digər tərəfdə yerləşən naturada ayrılmış 0,04 ha torpaq sahəsində də fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evi iddiaçı və üçüncü şəxsin atası İsmayılov Mahmudağa Kazımoviçin ##.##.2005-ci il tarixdə vəsiyyətnamə əsasında vəsiyyət etdiyi fərdi yaşayış evidir. İddiaçıya vəsiyyət olunmuş ev İcraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli, *** nömrəli, 82 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən İsmayılov Mahmudağa Kamazoviçin mülkiyyəti olmuşdur. AZ-II 195600 seriya nömrəli ölüm haqqında şəhadətnamədən də görünür ki, İsmayılov Mahmudağa Kamazoviç ##.##.2005-ci il tarixində vəfat etmişdir. Göründüyü kimi, həmin torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Ekspert rəyində də iki fərdi yaşayış evinin mövcudluğu müəyyən edilir. İddiaçının qeyd etdiyi kimi atasının vəsiyyət etdiyi fərdi yaşayış evi hazırda üçüncü şəxslərin adına ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış əsasında qeydiyyata alınan və 2007-ci ildə inşa edilən fərdi yaşayış evi deyildir. İddiaçının da, torpaq sahəsinin hazırda mübahisələndirilən fərdi yaşayış evi ilə birgə üçüncü şəxslərə naturada ayrılmasından məlumatı olmuş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun şikayəti təmin edilməmiş, Zaqatala rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iddiaçının ekspertiza təyin edilməsi barədə dəlilinə münasibət bildirərək kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının subyektiv hüququ olmadığından əlavə ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin iddiaçı tərəfə iddia tələbinin dəyişdirildiyi təqdirdə iddiasının uğurlu olması istiqamətində hüquqi yardım göstərilməsinə də zərurət qalmır. Ona görə ki, hər bir halda iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Eyni zamanda, iddiaçıya vəsiyyət olunmuş kürsülü evin bölgü zamanı Kamaz İsmayılovun və Arzu İsmayılovanın mülkiyyətində olan 0,04 ha torpaq sahəsində olması və qanunsuz olaraq iddiaçıya vəsiyyət olunmuş evə ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış alınaraq həmin evin üçüncü şəxslərin adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməməsi onun bu fərdi yaşayış evinə dair subyektiv hüququnun olmadığını göstərir. İddiaçı yalnız qanuni hüquqlarını qorumaq və ya pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçıların faktiki istifadəsi - qanundan və ya müqavilədən irəli gəlmirsə tələbin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğu istisna edilir.
7. İddiaçı mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 8. 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin iddia edilən daşınmaz əmlaka hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmadığı təqdirdə həmin daşınmaz əmlaka (mülkiyyət hüququnun reyestrdə qeydə alınmasına, qeydin ləğv edilməsinə və s.) dair iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud olmur. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir(Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.