Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2835/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, iş stajını təsdiq edən sənədlərin mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi, iddiaçının xüsusi və ümumi iş stajının olmamasına, əmək kitabçasında ##.##.1985-ci ildə Qıvraq kənd N.Nərimanov adına tütünçülük sovxozunda qaynaqçı kimi işə qəbul edilib ##.##.1998-ci ildə işdən azad edilməsi göstərilsə də, 1997, 1998 və 1999-cu illərdə əməkhaqqı kitablarında onun adına rast gəlinməməsinə və əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıbaparmaması barədə məlumat olmadığından həmin dövrlərin güzəştli iş stajına aid edilməsinin mümkün olmamasına istinad edilmişdir. Qeyd ediləməlidir ki, iş materiallarındakı sənədlərə əsasən cavabdehin göstərdiyinin əksinə olaraq ##.##.1964-cü il təvəllüdlü iddiaçının 60 yaşına çatdığı ##.##.2024-cü il tarixədək 12 il 6 aydan çox xüsusi, 25 ildən çox ümumi iş stajı vardır. İddiaçının ##.##.1985-ci ildən ##.##.1998-ci ilədək 13 il 6 ay 19 gün N.Nərimanov adına tütünçülük sovxozunda əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi özünün izahatı ilə yanaşı arxiv arayışları, şahid ifadələri ilə də təsdiq edilir. İddiaçının iş yerindən güzəştli arayışın təqdim edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının işləmiş olduğu Qıvraq kənd N.Nərimanov adına sovxoz, fəaliyyətini uzun müddət əvvəl dayandırdığından və hazırda hüquq varisi mövcud olmadığı üçün iddiaçıya aid güzəşli iş stajı barədə arayışı və digər sənədləri birbaşa əldə etmək mümkün olmamışdır. Arxiv arayışına əsasən 1997, 1998 və 1999-cu illərdə əməkhaqqı kitablarında iddiaçının adına rast gəlinməməsi barədə cavabdehin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı, izahatına görə işlədiyi qaynaqçı ştatı ləğv olunanadək, yəni ##.##.1998-ci il tarixədək sovxozda işləmiş, həmin dövrədək müntəzəm olaraq əməkhaqqı almışdır. İş üzrə dindirilmiş şahidlər də işdən çıxdıqları vaxtadək sovxozda əməkhaqqının verilməsini təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı, işlədiyi ştat ləğv olunandan, yəni ##.##.1998-ci il tarixdən sonra, eləcə də 1999-cu ildə sovxozun işçisi hesab olunmurdu. Ona görə də həmin vaxtdan sonra iddiaçıya aid hər hansı sənəd arxivdə ola biməzdi. Verilmiş sorğuya cavab olaraq arxivdən göndərilmiş N.Nərimanov sovxozuna aid, üzərində “aylıqçılar” yazılmış 1985-1996-cı illəri əhatə edən kitabların üz səhifələrinə əlavə edilmiş cədvəllərdən görünür ki, iddiaçının yalnız özünə aid həmin illərin (1985-ci ilin yanvar, fevral ayları istisna olmaqla hansı ki, həmin ilin mart ayında sovxozda qaynaqçı peşəsi üzrə işə qəbul olunmuşdur) bütün ayları üzrə aldığı əməkhaqlarının məbləği ardıcıl olaraq göstərilmişdir. Aydın olur ki, iddiaçının adı sovxozun digər işçiləri ilə birlikdə tərtib edilmiş əməkhaqqı kitablarında olmamış, mübahisələndirilən dövrə aid əməkhaqqı alması barədə olan sənədlər isə arxivə təhvil verilməmişdir. İddiaçının 1996-cı ildən işdən çıxdığı ##.##.1998-ci il tarixədək əməkhaqqı almasına dair sənədlərin arxivdə olmaması onun həmin dövrdə əməkhaqqı almaması barədə nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının izahatı, şahid ifadələri ilə həmin dövr ərzində iddiaçının əməkhaqqı alması təsdiq edilir. Cavabdeh isə bunun əksini sübut edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müəssisənin müvafiq dövrlərə aid əməkhaqqı cədvəllərini, işçiyə aid əmrləri və ya digər sənədləri arxivə təhvil verməməsi işçinin məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini və işçiyə aid digər sənədləri qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunur. Həmçinin apellyasiya şikayətində qeyd edilən iddiaçının adına latın qrafikası ilə tərtib edilmiş əmək kitabçasına münasibətdə isə qeyd edilməlidir ki, həmin əmək kitabçası ##.##.2015-ci ildə Kəngərli arxiv İdarəsinin möhürü ilə təsdiq edilmiş, orada yazılmış məlumatlar iddiaçının iş stajını tam əks etdirməmişdir. İddiaçının izahatına görə sovxozdan işdən çıxandan sonra əmək kitabçası orada qalmış, sonradan onu əldə edə bilməmişdir. Verilmiş sorğunun nəticəsində də iddiaçının əmək kitabçası arxivdə aşkar edilməmiş, onun həmin dövrdə iş stajı arxivdən alınmış əmrlərin surətləri ilə təsdiq edilmişdir.
5. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 6.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin tələbləri baxımından şəxsin ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, şəxsin iş stajını təsdiq edən sənədlərin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.