Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2838/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: GİRİŞ HİSSƏ: Hakimlər: (qaçqın statusunun verilməsindən imtina) Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının vəkili Vəkil ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilərək qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1( 103)-1143/2019 nömrəli, 31 may 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 11 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Suriya Ərəb Respublikasının vətəndaşı olmaqla qaçqın statusunun verilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bunda sonra - cavabdeh) müraciət etmiş, onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin ərizə - anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçı X5-Zohr şə hərinin Əl-Məyədin məntəqəsində anadan olduğunu, Əl-Məyədin məntəqəsində “Aişə” adına orta məktəbdə 1-9-cu sinifləri oxuduğunu, 10-12-cı sinifləri isə “X6” adına orta məktəbdə oxuduğunu qeyd etmişdir. İddiaçı 2007-2009-cu illərdə Deyr Əl-Zohr şəhərində hərbi xidmətdə olduğunu, 2010-cu ilin 9-cu ayında Azərbaycana təhsilini davam etdirmək üçün gəldiyini, Bakı şəhərində Azərbaycan Dövlət Neft Akademiyasına daxil olduğunu, neft və qaz ixtisası üzrə alı təhsil aldığını, 2016-cı ilin 6-cı ayında təhsilini bitirdiyini, lakin heç yerdə işləmədiyini söyləmişdir. İddiaçı həmçinin təhsilini bitirdikdən sonra ölkəsində müharibə şəraiti olduğu üçün ora qayıda bilmədiyindən, Azərbaycanda qalmağa qərar verdiyini, Azərbaycanda olduğu müddətdə valideyinlərinə baş çəkmək məqsədilə 2 dəfə (2011-2012-cı illə rdə) ölkəsinə qayıtdığını, sonra isə yenidən Azərbaycana gəldiyini söyləmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 27.09.2018-ci il tarixli İQ-112/1 saylı qərarına əsasən, Suriya Ərəb Respublikasının vətəndaşı X2çqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı cavabdehin 27.09.2018-ci il tarixli İQ-112/1 saylı qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən inzibatı şikayətin təmin edilməməsi haqqında 27.112018-ci il tarixli 327 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ 112/1 saylı 27.09.2018-ci ıl tarixli və 327 saylı 27.11.2018-cı ıl tarixli qərarlarının ləğv edilm əsini, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, 01.01.1990-cı ildə Suriyanın Deir ez-Zor şəhərinin AlMayadeen kəndində anadan olmuşdur, Suriya Ərəb Respublikasının vətəndaşıdır. Etnik mənsubiyyətinə görə ərəbdir və İslamın sünni məzhəbinə etiqad edir. Subaydır, 8 bacıqardaşı var. Bir qardaşı 2 il əvvəl mərmi partlayışı nəticəsində həlak olmuş, digər qardaşları isə Səudiyyə Ərəbistaninda və Almaniyada yaşayırlar. Bir bacısı Almaniyada, qardaşının yanında, digər qardaşı və bacıları isə valideynləri ilə birlikdə Suriyanın Hasaka rayonunda yaşayırlar. Onların yaşadıqları ev müharibə zamanı tam dağılmışdır. O, orta məktəbi bitirdikdən sonra 2007-2009-cu illərdə yaşadığı Deir ez-Zor şəhərində hərbi xidmətdə olmuş, tərxis olunandan sonra 2010-cu ildə Azərbaycana gəlmiş, Bakıda Dövlət Neft Akademiyasına qəbul olmuş və 2016-cı ildə həmin Akademiyanı bitirmişdir. Bakıda təhsil aldığı müddət ərzində 2 dəfə: 2011-ci və 2012-ci illərdə Suriyaya getmişdir. O, vətəndaşı olduğu ölkədə gedən vətəndaş müharibəsinə görə oraya qayıtmaq və müharibədə iştirak etmək istəmir. 27.06.2018-ci il tarixdə “qaçqın” statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti cavabdeh inzibati orqanda qeydiyyata alınmış və 132- 2018 saylı şəxsi iş açılmışdır. Bundan sonra, onun ərizə-anketi cavabdeh - inzibatı orqanın vəzifəli şəxsi tərəfindən şifahi izahatı əsasında doldurulub və ondan fərdi müsahibə alınmışdır. Cavabdeh inzibati orqanın İQ-112/1 saylı 27.09.2018-ci il tarixli “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarı ilə onun vəsatəti təmin edilməmiş, ona qaçqın statusunun verilməsindən imtina olunmuşdur. Cavabdeh öz qərarını, onun qaçqın statusunun əldə edilməsi üçün əsasların mövcud olmaması ilə əsaslandırmışdır. O, həmin qərardan narazı olduğu üçün “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq inzibati qaydada şikayət vermişdir. Cavabdeh inzibati orqanın “inzibati şikayətin təmin edilməməsi haqqında” 327 saylı, 27.11.2018-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-829/2019 nömrəli, 20 fevral 2019cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1143/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-829/2019 nömrəli, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kasassiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsində icraat zamanı ciddi prosessual pozuntulara yol verildiyindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisələndirilən qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə müvafiq olaraq iş üzrə yeni qərar ı qəbul edilməli və ya iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsi kassatorun vətəndaşı olduğu ölkədə təqib olunmasına dair hər hansı bir mötəbər sübut təqdim etməməsi və onun əsas gətirdiyi halların ehtimal üzərində qurulması barədə səhv nəticəyə gəlmişdir. İddiaçının verdiyi müsahibə ilə müəyyən olunur ki, o, müharibədə iştirak etmək yaşında olan gənc kişidir, lakin o, vətəndaş müharibəsində iştirak etmək istəmir. Onun qardaşı mərmi partlayışı nəticəsində həlak olub və onların evi dağıdılıb. Bu səbəbdən də, o vətəndaşı olduğu ölkəyə qayıda bilmir və qayıtmaq istəmir. Vətəndaşı olduğu ölkəyə qayıdacağı təqdirdə onun müharibəyə çağırılması, müharibədə iştirak etməsi, öz həmyerlilərinə qarşı döyüşməsi, onları öldürməyə mə cbur edilməsi və ya qardaşı kimi həlak olması riski vardır. Kassatorun, inzibati icraat zamanı təqdim etdiyi yeganə sübut onun izahatıdır. Bu kateqoriya işlərin baxılması zamanı izahat Mənşə ölkə haqqında Məlumatla təsdiq edildiyi halda, izahat mötəbər sayılır. Qeyd olunan hal nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apelyasiya instansiyası məhkəməsi bunu nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası i şə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və or ada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 12-ci maddəsinin birinc i hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) s tatusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına əsasən, “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərm əklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -“Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və din i etiqadına görə təqib olunmamışdır. İddiaçının bildirdikləri isə ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1143/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2838/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2838/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver