Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2838/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvafiq qərar ləğv edilməklə dayandırılmış əmək pensiyası ödənişinin bərpası, müvafiq inzibati icraatın aparılmaması, etimad hüququ, əmək kitabçasının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavab deh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “qərarın ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(108)-57/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qə rarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(122)-62/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 24 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə pensiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(108)-57/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozaraq inzibati icraat aparmadan, iddiaçını inzibati icraata cəlb etmədən iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını qərar qəbul edərək ləğv etmişdir. Hazırda iddiaçı ləğv edilmiş əmək pensiyasının bərpa edilməsini istəyir. İşin faktiki hallarından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının işlədiyi dövrlə bağlı 25 ildən artıq sığorta stajı var ki, bu da, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
5. İddiaçının əmək kitabçasına əsasən işlədiyi və əmək haqqı ald ığı dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının 2719 nömrəli X2 Dəstəsində əmək haqqı alması barədə arxiv məlumatlarının olmadığı müddətlərə və 2003-cü il tarixdə işdən azad olunması haqqında arxiv məlumatının olmamasına münasibətdə meydana çıxmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Bu səbəbdən iddiaçının 2719 nömrəli X2 Dəstəsində işlədiyi dövrlərdə əmək haqqı almadığı müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu səbəbdən cavabdeh iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinin şübhə doğurduğunu qeyd etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Müəyyən dövrlərdə iddiaçının əmək haqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur. İddiaçının həmin müəssisədə işləməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı, arxivdə saxlanılan X1 müəssisəsinin xx.xx.1996-cı il tarixli, 2 nömrəli əmrinin təsdiq edilmiş surətindən öz ixtisaslarına uyğun olaraq vəzifələrinin icrasına başlanılm ası əmr olunan şəxslərin siyahısında iddiaçının adının qeyd olunmasının görünməsi iddiaçının sözügedən müəssisədə işləməsini bir daha təsdiq edir. Eyni zamanda, iddiaçının işlədiyi müəssisənin müvafiq dövrə aid əmr kitabının qorunub saxlanılmamasına, eləcə də həmin kitabın dövlət arxiv idarəsinə təhvil verilməməsinə, həmçinin əmək haqqı kitablarının tam işlənilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir.
6. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci mad dəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmə nin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) möv cuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).
11. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa b orcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələ məyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-895/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2068/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1999/2024 nömrəli qərarları).
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçat an və bəlli olmuşdur.
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(108)-57/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.