Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2848/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Şərifov İlyas Nizam oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Şərifov İlyas Nizam oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. ##.##.1962-ci il təvəllüdlü iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 1979-1980-ci illərdə Ucar rayon “Yeni yol” kolxozunda işləmiş, ##.##.1983-cü il tarixdən ##.##.1989-cu il tarixədək Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin * nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsində xidmət etmişdir.
2. ##.##.1989-cu il tarixli əmək kitabçasına əsasən, iddiaçı ##.##.1989-cu il tarixdən ##.##.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat Vahidində ##.##.1989-cu il tarixdə elektrikquraşdırma sahəsində “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi” vəzifəsində işə qəbul edilmiş, ##.##.1989-cu il tarixdən elektrikquraşdırma sahəsində ikinci dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1992-ci il tarixdən elektrikquraşdırma sahəsində dördüncü dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1995-ci il tarixdən texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndis-texnoloq”, ##.##.1998-ci il tarixdən üzən dokda səkkizinci dərəcəli “elektro-mexanik”, ##.##.1998-ci il tarixdən üzən dokda doqquzuncu dərəcəli “böyük elektro-mexanik” işləmiş, ##.##.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı həmin vəzifələrdə əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV (“Metal emalı”) bölməsinin 3-cü (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri”) bəndinin 2150300a-1753a şifrəli “gəmi elektrik quraşdırıcıları” vəzifəsinə və XXVIII (“Nəqliyyat”) bölməsinin 3-cü (“Dəniz və çay donanması”) bəndinin 23003020-25410 şifrəli “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexaniklər” vəzifəsinə uyğundur.
4. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli güzəştli arayışda qeyd edilənlərdən fərqli olaraq, iddiaçının həmin müəsisədəkı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, onun sözügedən müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərində “elektrik montyoru şagirdi”, ##.##.1989- ##.##.1992-ci il tarixlərində “gəmi elektriki”, ##.##.1992-##.##.1995-ci il tarixlərində “gəmi elektrik quraşdırıcısı”, ##.##.1995-##.##.1998-cı il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə “mühəndis-texnoloq”, ##.##.1998-##.##.1998-cı il tarixlərində “elektrik mexaniki”, ##.##.1998-##.##.2003-cü il tarixlərində isə “xxxx” vəzifələrində işlədiyi müəyyən edilmişdir. Bu fakt “xxxx" QSC ilə birgə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktla təsdiq olunur. İddiaçının işlədiyi ##.##.1989-##.##.1989-cu il tarixlərində “elektrik montyoru şagirdi”, ##.##.1989-##.##.1992-ci il tarixlərində “gəmi elektriki” vəzifələri “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli güzəştli arayışda istinad olunan müvafiq Siyahının “Metal emalı” bölməsinin “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bəndində nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçının ##.##.1998-##.##.1998-ci il tarixlərində “elektrik mexaniki”, ##.##.1998- ##.##.2003-cü il tarixlərində “xxxx” vəzifələrində işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, “dəniz və çay donanması” sahəsinə aid deyil. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 6 ay 19 gün (##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə ki, o, ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək (1 il 4 ay 23 gün) Ucar rayon (Əlikənd kəndi) “Yeni yol” kolxozunda kolxozçu işləmiş, ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək (2 il 1 ay 10 gün) hərbi xidmət etmiş, ##.##.1983-cü il tarixdən ##.##.1989-cu il tarixədək (6 il 6 ay 14 gün) Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin * nömrəli müstəqil hərbiləşdirilmiş yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsində xidmətdə olmuşdur. O, ##.##.1989-cu il tarixdə “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat Vahidində elektrik quraşdırma sahəsində “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi” vəzifəsində işə qəbul olunmuş, ##.##.1989-cu il tarixdə elektrik quraşdırma sahəsində ikinci dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı” vəzifəsinə, ##.##.1992-ci il tarixdə elektrik quraşdırma sahəsində dördüncü dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı” vəzifəsinə, ##.##.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndis-texnoloq” vəzifəsinə, ##.##.1998-ci il tarixdə üzən doka səkkizinci dərəcəli “elektromexanik” vəzifəsinə, ##.##.1998-ci il tarixdə üzən doka doqquzuncu “elektromexanik” vəzifəsinə keçirilmiş, ##.##.2003-cü il tarixdə həmin işdən öz xahişi ilə azad edilmişdir. Beləliklə, “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində ümumi sığorta stajı 14 il 2 ay təşkil edir. Onun “gəmi üzrə elektrik quraşdırıcısı”, “mexanik” və “böyük mexanik” vəzifələrində güzəştli iş stajı 10 il 9 ay 2 gün təşkil edir. O, ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək (1 il 9 ay 24 gün) “xxxx” firmasında “gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli elektrik quraşdırıcısı” vəzifəsində işləmişdir. Beləliklə, o, hərbi xidmət müddəti də daxil olmaqla ##.##.2006-cı il tarixə 26 il 7 gün ümumi sığorta stajına malik olmuşdur. Həmin sığorta stajının 12 il 6 ay 24 gününü Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XIV (“Metal emalı”) bölməsində (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri”, kod: 2150300a-1753a) və XXVIII (“Nəqliyyat”) bölməsində (“Çay dəniz donanması”, kod: 23003020-23484) nəzərdə tutulmuş vəzifələrdəki güzəştli iş stajı təşkil edir. Buna görə də, ona 57 yaşdan, yəni ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı bununla bağlı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından əsassız imtina edilmişdir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1962-ci il təvəllüdlü iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Cavabdeh iddiaçının güzəştli iş stajının tələb olunandan az – 4 il 6 ay 19 gün olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun və “xxxx” firmasının güzəştli arayışlarına əsasən iddiaçının ##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 4 il 6 ay 19 gün onun güzəştli iş stajına daxil edilmiş, lakin ##.##.1989-cu il tarixdən ##.##.1992-ci il tarixədək və ##.##.1995-ci il tarixdən ##.##.2003-cü il tarixədək olan dövr onun güzəştli iş stajına daxil edilməmişdir. Cavabdeh iddiaçının ##.##.1989-##.##.1992-ci il tarixlərdə “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat Vahidində işlədiyi “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi”, “gəmi üzrə elektrik quraşdırıcısı” vəzifələrinin güzəştli pensiya hüququ verən vəzifələrin Siyahısına uyğun gəlmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının ##.##.1992-##.##.1995-ci illərdə işlədiyi dördüncü dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı” vəzifəsini güzəştli vəzifə hesab etməsinə baxmayaraq, onun ##.##.1989-cu ildən ikinci dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı” vəzifəsini, eyni zamanda ##.##.1989-cu ildən “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi” vəzifəsini güzəştli pensiya hüququ verən vəzifələrin Siyahısına aid etməməkdə haqlı olmamışdır. İddiaçının həmin dövrdə işlədiyi “elektrik quraşdırıcısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının XIV (“Metal emalı”) bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində 2150300a—1753a şifrə ilə göstərilmiş “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci (“Metal emalı”) bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir. Cavabdeh həmçinin iddiaçının ##.##.1995-##.##.2003-cü illərdə “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyi texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndis-texnoloq”, “elektromexanik”, “böyük elektromexanik” vəzifələrinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısında nəzərdə tutulmadığını, həmin vəzifələrin işəgötürənin arayışında istinad olunan Siyahının “Nəqliyyat” bölməsinin (21) “dəniz və çay donanması” (21.2) sahəsinə aid olmadığını bildirmişdir. “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilən “Üzən tərsanə qrupunun elektromexanikinin vəzifə təlimatları”ndan görünür ki, iddiaçının ##.##.1995-##.##.2003-cü illərdə işlədiyi vəzifələrdə başlıca öhdəliyi elektrik avadanlığının aşkar edilmiş nasazlıqlarının şəxsən və ya tərsanə mütəxəssisləri cəlb edilməklə aradan qaldırılması; işlərin təşkilinin təhlükəsizliyinin təmin edilməsi; işlərin keyfiyyətinə nəzarət edilməsi; material-texniki təchizata sifarişlər tərtib edilməsi, dəyişək-ehtiyat hissələri və alətlərin uçotunun aparılması; vaxtında – təlimatlara uyğun olaraq akkumulyator batareyalarının doldurulması; üzən tərsanənin batırılması və qaldırılması zamanı növbə elektromexaniki ballastların qəbulu və aralıqlardan çəkilməsi üzrə mərkəzi idarəetmə pultunun işinin təmin edilməsi və s.-dən ibarət olmuşdur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahının XXVIII (“Nəqliyyat”) bölməsindəki 23003000 şifrəli “3. Dəniz və çay donanması” yarımbölməsində 23003020—25410 şifrə ilə göstərilmiş “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” vəzifəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21ci (“Nəqliyyat”) bölməsinin 21.2-ci (“Dəniz və çay donanması”) yarımbölməsində “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Göründüyü kimi, iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.2003-cü il tarixədək çalışdığı “gəmi üzrə elektrik quraşdırıcısı” və “elektromexanik” vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olmuşdur və onun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətdən çox işləməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə nəzərə alır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-ci il tarixədək yarandığından, o, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə müvafiq olaraq 57 yaşının tamam olduğu ##.##.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Hüququnun ##.##.2019-cu il tarixdən yaranmasına baxmayaraq, iddiaçı ##.##.2024-cü il tarixdə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Ceyhun Məmmədov) ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərdə hər hansı müdaxilə və qeyri-müəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı “xxxx” QSC-də ##.##.1989-##.##.1995, ##.##.1998-##.##.1998, ##.##.1998-##.##.2003-cü il tarixləri arasında olan dövr ərzində “gəmi üzrə elektrik quraşdırıcısı”, “elektromexanik”, “böyük elektromexanik” vəzifələrində, ##.##.2003- ##.##.2005-ci il tarixləri arasında olan dövr ərzində isə “xxxx” Firmasında “gəmi elektrik quraşdırıcısı” vəzifəsində işləmişdir (##.##.2006-cı ilədək cəmi 12 il 6 ay 29 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: XIV. “Metal emalı”,
3. “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri”, 2150300a—1753a – “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları”; XXVIII. “Nəqliyyat”, 3. “Dəniz və çay donanması”, 23003020—25410 – “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri”. Həmin sahə və vəzifələrin qeyd olunan Siyahıya uyğunluğu işəgötürənin arayışı ilə də təsdiq edilmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
28. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
29. Bu qərarın 17 və 19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması.
30. Hazırkı mübahisədə cavabdeh tərəfindən iddiaçının güzəştli pensiya hüququ verən stajının tələb olunandan az – 4 il 6 ay 19 gün (##.##.1992-##.##.1995-ci il və ##.##.2003-##.##.2005-ci il tarixləri arasındakı dövr) olduğu bildirilmiş, iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1992-ci il tarixədək və ##.##.1995-ci il tarixdən ##.##.2003cü il tarixədək işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməmişdir.
31. “xxxx” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışa əsasən, iddiaçı “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin “Paris Kommunası” adına Baş İstehsalat Vahidində ##.##.1989-##.##.1989-cu il tarixlərində elektrikquraşdırma sahəsində “gəmi üzrə elektrik quraşdırıcısı şagirdi”, ##.##.1989- ##.##.1992-ci il tarixlərində elektrikquraşdırma sahəsində ikinci dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1992-##.##.1995-ci il tarixlərində elektrikquraşdırma sahəsində dördüncü dərəcəli “gəmi üzrə elektrik quraşdırıcısı”, ##.##.1995-##.##.1998-ci il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndis-texnoloq” ##.##.1998- ##.##.1998-ci il tarixlərində üzən dokda səkkizinci dərəcəli “elektro-mexanik”, ##.##.1998- ##.##.2003-cü il tarixlərində üzən dokda doqquzuncu dərəcəli “böyük elektro-mexanik” işləmişdir.
32. Cavabdeh “xxxx” QSC ilə birgə tərtib edilmiş ##.##.2024-cü il tarixli akta istinadən qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışda qeyd ediləndən fərqli olaraq, iddiaçının həmin müəssisədəkı iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, onun sözügedən müəssisədə ##.##.1989-##.##.1989-cu il tarixlərində “elektrik montyoru şagirdi”, ##.##.1989-##.##.1992-ci il tarixlərində “gəmi elektriki”, ##.##.1992-##.##.1995-ci il tarixlərində “gəmi elektrik quraşdırıcısı”, ##.##.1995- ##.##.1998-cı il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsinə “mühəndis-texnoloq”, ##.##.1998-##.##.1998-cı il tarixlərində “elektrik mexaniki”, ##.##.1998-##.##.2003-cü il tarixlərində isə “xxxx” vəzifələrində işlədiyi müəyyən edilmişdir.
33. Cavabdeh iddiaçının ##.##.1992-##.##.1995-ci il tarixlərində “gəmi elektrik quraşdırıcısı” vəzifəsində işlədiyinin müəyyən olunduğunu bildirsə də, iddiaçının yalnız ##.##.1992-##.##.1995-ci il tarixlərində işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə almışdır.
34. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının əmək kitabçası, işlədiyi müəssisə tərəfindən verilən güzəştli arayış və cavabdehin istinad etdiyi birgə aktdakı məlumatları müqayisəli şəkildə nəzərdən keçirməmiş, qeyd edilən ziddiyyətlərə aydınlıq gətirməmiş, iddiaçının konkret olaraq hansı tarixlərdə hansı vəzifələrdə işlədiyini müəyyən etməmişdir. Qeyd edilən halların müəyyən edilməsi mübahisənin düzgün həlli, o cümlədən iddiaçının ##.##.2006-cı il tarixədək ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmasının təkzibedilməz sübutlarla təsdiqini tapması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ##.##.1995- 35. ##.##.1998-ci il tarixlərində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində “mühəndistexnoloq” vəzifəsində işlədiyi dövr güzəştli iş stajı kimi nəzərə alındığı halda, apellyasiya instansiya məhkəməsi həmin dövr üzrə iddiaçının vəzifə funksiyalarını araşdırmadan, hər hansı hüquqi qiymətləndirmə aparmadan həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamışdır.
36. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli dövrlər üzrə işlədiyi müəssisədən izahlı arayış tələb etməli, lazımi qaydada araşdırma aparmaqla qeyd edilən ziddiyyətlərin aradan qaldırılmasını təmin etməlidir.
37. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq yoxlanılmalı və müəyyən edilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.