Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-285/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq pensiyanın 6 misli məbləğind ə birdəfəlik haqqında ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal rayon X1 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsində qulluq keçən İddiaçı 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ərizə ilə müraciət edərək öz arzusuna əsasən 01 noyabr 2019-cu il tarixindən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirinin 31.10.2019-cu il tarixli əmrinə əsasən iddiaçı tutduğu vəzifədən 01.11.2019-cu il tarixdən azad edilməklə onunla son haqq-hesab aparılmasının təmin edilməsi qərara alınmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək 01.11.2019-cu il tarixindən pensiya yaşına çatdığına və öz arzusu ilə işdən çıxdığına görə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı 27.01.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının işdən azad olunmaq barədə ərizəsində pensiyaya çıxmaq məqsədi qeyd olunmadığına görə ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməm işdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.11.2019-cu il tarixdən pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 noyabr 2019-cu il tarixdən öz arzusu ilə işdən çıxması ilə əlaqadar “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 41 il müddətində dövlət qulluğunda çalışmış, 01.11.2019-cu il tarixində pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət məşğul luq xidmətinin Yasamal rayon Məşğulluq Mərkəzinin iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi vəzifəsindən öz arzusu ilə işdən azad edilmişdir. Ona 07.11.2019-cu il tarixindən dövlət qulluğuna görə pensiya təyin edilmiş, lakin cavabdeh “Dövlət qulluğu haqqında” Qanunda nəzərdə tutulmuş aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqı ödəməkdən imtina etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh, ərizənin formasından asılı olmayaraq iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq ödəməli idi.
7. Cavabdehin iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsinə əsas onun ərizəsi olmuşdur. Qeyd edilən ərizədə iddiaçı öz arzusu ilə 1 ay xəbərdarlıq müddətini gözləmədən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı işdən azad edilmə barədə ərizəsində pensiya yaşının çatması ilə əlaqədar işdən çıxması, 6 misli birdəfəlik haqqın verilməsinə dair heç bir qeyd aparmamış və öz iradəsini ifadə etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsininin şərh edilməsinə dair 08.12.2014-cü il tarixli Qərarının məzmunundan da görünür ki, aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi dövlət qulluqçusunun pensiyaya çıxmağa həvəsləndirmək tədbiri kimi nəzərdə tutulur, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(118)-914/2021 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmış şəxslərə şamil olunur. İddiaçı pensiya yaşına çatsa da, tutduğu vəzifədən pensiya yaşına çatması ilə bağlı çıxmamışdır. O, 30.10.2019-cu il tarixli ərizəsində tutduğu vəzifədən öz arzusuna əsasən azad olunmaq istədiyi bildirmişdir.
10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarına əsasən (sədrlik edən Rəşadət Ağayev, hakimlər Hökümə Babayeva və Fuad Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(118)-914/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillər inin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. İddiaçının 65 yaşından tez pensiyaya çıxmaqda məqsədi aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq almaq olmuşdur. O, əmək fəaliyyətini davam etdirə bilərdi. Belə olan halda, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması mümkün olmazdı. “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin mənasına və məqsədinə görə dövlət qulluçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Məhkəmələr isə iddiaçının əmək fəaliyyətini davam etdirmək hüququnun olmasını, lakin iddiaçının öz xahişi ilə işdən çıxmaqla yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaratdığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Etirazı belə əsaslandırmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin tətbiqini şərtləndirən və onu Qanunun 33.1.1-ci maddədən fərqləndirən əsas hal dövlət qulluqçusunun məhz pensiya yaşına çatmasına görə dövlət qulluğundan çıxmasıdır. Lakin iddiaçı 01.01.2017-ci il tarixindən qanunla nəzərdə tutulan pensiya yaşına çatmasına baxmayaraq işləməyə davam etmişdir. Belə olduqda, iddiaçı həmin maddədə göstərilən hüquqdan maddədə nəzərdə tutulan vaxtda, yəni pensiya yaşına çatdığı anda istifadə etmədiyi üçün aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsini tələb etmək hüququnu itirmiş hesab olunur. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin şərh edilməsinə dair 08.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yəni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Digər tərəfdən, iddiaçı özü də işdən azad edilmə ərizəsində pensiya yaşının çatması ilə əlaqədar işdən çıxması, 6 misli birdəfəlik haqqın verilməsinə dair heç bir qeyd aparmamış və öz iradəsini ifadə etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Dövlət qulluğu haqqında” Qanun Maddə
33. Dövlət qulluğuna xitam verilməsi (-) 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericili yə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. (-)
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 08.12.2014-cü il tarixli Qərarı (-) “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Görü ndüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hü ququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. (-) 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır
19. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
23. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni dəlilləri iddia ərizəsi və apellyasiya şikayətində də bildirmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
24. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 7, 30.1, 30.2 və 31.1-ci maddələrinin tələblərinə uyğun olaraq 01.01.2017-ci ildə, yəni 60 yaşı tamam olandan sonra yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış olsa da, dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatmaması səbəbindən işləməyə davam etmişdir. Belə olan halda, 63 yaşı tamam olduqdan sonra öz arzu su ilə dövlət qulluğundan azad olunması iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək imkanını saxlaya bilməzdi.
25. Hazırkı qərarın 17-ci bəndində istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 01.01.2017-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir.
27. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı tələbinin təmin edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.
28. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə koll egiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(105)-473/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.