Məhkəmə qərarları › İş №2-1(102)-2861/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2861/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2861/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətvermə hüququnun olmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi qanunsuz hesab edilməklə onun ikinci dərəcə əlilliyinin bərpa edilməsi ” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)358/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi qanunsuz hesab edilməklə onun ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(118)-263/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi qanunsuz hesab edilməklə, iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1999-cu ildən etibarən əlil kimi fasiləsiz olaraq ekspert komissiyalarında müayinələrdən keçmiş və xx.xx.2011-ci ildən isə ona müddətsiz ikinci qrup müharibə əlilliyi təyin olunmuşdur. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçı 2008-2020ci illərdə əlilliyə görə əmək pensiyası və Prezident təqaüdü almışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materiall arı ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyinin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur. Ona görə də cavabdehin iddiaçıya təyin olunmuş ikinci dərəcə əlilliyin etibarsız hesab olunması haqqında hərəkətləri qanunsuz hesab edilməli və iddiaçının ikinci dərəcə əlilliyi cavabdeh tərəfindən bərpa edilməlidir

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-358/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçının cavabdehə qarşı “cavabdeh tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi qanunsuz hesab edilməklə onun ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. İddiaçının müraciəti üzrə cavabdeh icraatla bağlı tələblərə riayət etmək öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsəl əyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükənmədiyi üçün birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

6. İddiaçı mahiyyətcə iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kas sasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqd a, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərardadlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.2-cı maddəsinin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəm əsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur. Məhkəmə tərəfindən qeyd edilən məzmunda qərarın qəbul edilməsi hazır kı mübahisəyə münasibətdə iddiaçının tələbinin təmin olunmaması anlamında, onun əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı iddiaçının hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Bu baxımdan həmin məzmunda qərar iddiaçının sözügedən məhkəmə qərarından kassasiya şikayəti vermək hüququnu yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(102)-307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)2304/2024 nömrəli qərardadları).

11. Məhkəmə kollegiyası, hazırkı mübahisəyə münasibətdə həmçinin cavabdehin diqqətinə çatdırır ki, iddiaçının uzun müddət əlil olması və bununla əlaqədar əlillərə şamil olunan imtiyazlardan istifadə etməsi müvafiq sənədlərlə təsdiq olunur. İnzibati orqanın elektron sistemində bu barədə müvafiq məlumatların olmaması iddiaçının hüquqlarını pozur. İddiaçının müraciətinə yenidən baxılarkən, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 13-cü, 64-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Bu baxımdan yeni göndəriş tələb edilib onun əsasında yenidən əlilliyin qiymətləndirilməsi istiqamətində inzibati icraat aparılmadan, iddiaçının əlilliyi barədə məlumatlar “Əlillik” altsisteminə ötürülməlidir (Bununla bağlı həmçinin bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102) -377/2024 nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyən ləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-358/2024 nömrəli qərarından iddiaçı tərəfində n verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar