Məhkəmə qərarları › İş №2-1(102)-2862/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2862/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2862/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən şikayət üzrə apelyasiya icraatı mümkün hesab edilməmişdir) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı (Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi üçüncü şəxslər olmaqla) diplom blankının üçüncü şəxsə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1586/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplomun qanuni sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin də qiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-693/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İş apellyasiya i şstansiyası məhkəməsinin baxışında olarkən cavabdeh apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1586/2019 saylı iş üzrə 20 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti üzrə apelyasiya icraatı mümkün sayılmamış, apelyasiya şikayətinin qəbulundan imtina edilmiş və şikayət qaytarılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür, ona görə də apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsini n həmin qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1847/2018 saylı iş üzrə 19 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır. Belə ki, müddətin ötürülməsinin səbəbi kargüzarlıq işlərinin elektronlaşdırılması ilə əlaqədar olaraq sənədlərdə texniki cəhətdən ləngimə olmuşdur. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi müddətin ötürülməsi səbəbini üzürlü saymamışdır. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və digər üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, isə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarını 29.10.2018-ci il tarixində poçt rabitəsi vasitəsilə (ştrix kod SS534544946AZ) rəsmi qaydada almışdır. Eyni zamanda, həmin qərar qüvvəyə mindikdən sonra məhkəmənin 30 noyabr 2018ci il tarixli məktubu ilə təkrarən qərar icra edilməsi üçün cavabdehə - Təhsil Nazirliyinə göndərilmiş və cavabdehin nümayəndəsinin müddətin bərpası barədə ərizəsinin məzmunundan göründüyü kimi, həmin məktubla qərar təkrarən nazirliyə daxil olmuşdur. Lakin 29.10.2018-ci il tarixdə birinci instansiya məhkəməsinin qərarını alan cavabdeh həmin qərardan apelyasiya şikayətini məhkəməyə 24.05.2019-cu il tarixində təqdim etmiş, bununla da ondan şikayətvermə 6 ay 25 gün müddətini ötürmüşdür. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin qeyd edilən normasının məzmunundan göründüyü kimi, məhkəmə buraxılmış prosessual müddəti o halda bərpa edir ki, həmin müddət proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Lakin konkret halda, cavabdehin nümayəndəsi tərəfindən ərizəyə müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edə bilən sübutlar əlavə edilməmişdir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin ərizəsində göstərdiyi dəlillər müddətin buraxılmasının üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, ərizədə ilkin olaraq müddətin buraxılmasının üzrlü səbəbi kimi nazirliyin dəftərxana sektorunun elektronlaşdırılması ilə əlaqədar hüquq şöbəsinə qərarın daxil olmadığı qeyd olunur. Cavabdehin qeyd olunan dəlili ilə razılaşmaq mümkün deyil. Belə ki, məhkəmənin qərarı (təsdiq olunmuş surəti) nazirliyə elektron üsulla deyil, poçt rabitəsi vasitəsilə naturada, müşayiət məktubu ilə göndərilərək nazirliyə təqdim olunmuşdur. Ərizədə müddətin ötürülməsinin ikinci üzrlü səbəb kimi isə göstərilir ki, icra üçün göndərilərkən qərarın əvvəlcədən də məlumat üçün göndərilməsi məlum olmuşdur. Cavabdehin bu dəlili ümumiyyətlə ziddiyyətlidir. Birincisi, cümlənin mənasından belə anlaşılır ki, məhkəmənin əvvəl göndərdiyi qərarından onların məlumatı olmuşdur. Əslində, həmin dəlili ilə cavabdeh məhkəmənin qərarı barədə iki dəfə məlumatlı olduğunu etiraf etmiş olur. Göründüyü kimi, ca vabdehin birinci instansiya məhkəməsinin qərarından şikayətvermə müddətinin üzrlü səbəbdən ötürüldüyü sübuta yetirilmir. Ona görə də qeyd edilənləri nəzərə alan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməməli, müddətin bərpa edilməsindən imtina olunmalıdır. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Göründüyü kimi, cavabdeh apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizədə müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmamış, prosessual müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin buraxılmasının səbəbi kimi istinad etdiyi formal xarakterli dəlilləri müddətin bərpası üçün əsas ola bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüdüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpellyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qəra rdadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1586/2019 saylı iş üzrə 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar