Məhkəmə qərarları › İş №2-1(102)-2863/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2863/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2863/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli pensiya giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1307/2019 saylı, 30 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1958-ci il 20 avqust tarixdə doğulmuş, 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 2012-ci il 16 yanvar tarixədək müxtəlif peşələrdə işləmişdir. İddiaçı əmək kitabçasına və işlədiyi X 20nun (hazırda Holcim (Azərbaycan) ASC-nin) 24.04.2018-ci il tarixli güzəştli arayışına əsasən 1983-cü il 22 dekabr tarixdən 1993-cü il 15 sentyabr tarixədək laboratoriya sexində laborant vəzifəsində, 1993-cü il 16 sentyabr tarixdən 2000-ci il 14 oktyabr tarixədək yükləmə sexində sement qablaşdırıcısı vəzifəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında nəzərdə tutulan sement qablaşdırıcısı (11400000 XİV. Tikinti materialları istehsalı. 11401000 1.Sement istehsalı. 1140100a. a) fəhlələr 1140100a-19300-sement qablaşdırıcıları ) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır peşədə çalışmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 29 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10 il xüsusi iş stajının olmaması göstərilmişdir. İddiaçı 2017-ci il 26 dekabr tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qanunla nəzərdə tutulmuş əmək pensiyasının hesablanaraq ona verilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin imtinası əsassızdır. İddiaçı 1983-cü ild ən 2000ci ilədək X14 zərərli işdə işlədiyi üçün əmək pensiyası almalı olduğu halda, bu günə kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ala bilməmişdir. Cavabdeh bilərəkdən həmin pensiya məbləğini ona verməkdən boyun qaçırır və Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları” haqqında Qanunun tələblərini kobudcasına pozaraq vəzifə səlahiyyətlərini aşmışdır. 2000-ci il 13 mart tarixdə qızı X17 dünyaya gəlmişdir. Həmin vaxtdan o, qanuni olaraq 3 il müddətinə analıq məzuniyyətinə buraxılmalı olduğu halda, X10 məcburi şəkildə işə çıxarmış və 2 aydan sonra onu məcbur edərək öz ərizəsinə əsasən işdən çıxmasını tələb etmişdir. O, analıq məzuniyyətini tələb etsə də, X10 qanunsuz olaraq işdən azad etmişdir. Zərərli sexdə işlədiyi 7 il 28 gün 2000-ci il tarixdə qüvvədə olan qanu nun tələblərinə uyğun nəzərə alınmalı idi. Onun X14 işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında nəzərdə tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3,2-1(81)-824/2018 saylı iş) 15 may 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X7 və X1, 2-1(103)-2127/2018 saylı iş) 11 o ktyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12-məruzəçi, X4 və X5, 2-1(102)-533/19 saylı iş) 12 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X15 və X13, 2-1(103)-1307/2019 saylı iş) 30 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya 05.11.20 09-cu il tarixdən (51 yaş 2 ay 15 günündən) yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının zərərli peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli iş stajı, yəni, 7 il 6 ay toplanmadığından (7 il 28 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən isə göründüyü kimi, iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir. İddiaçının sement zavodunda sement qablaşdırıcısı kimi işləməyə başladığı 16.09.1993-cü il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü 01.07.1997-ci il tarixə qədər, onun topladığı 3 il 9 ay 15 gün güzəştli iş stajı nəzərə alınaraq, həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni, 55 yaşdan) çıxılmaqla azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının 51 yaş 2 ay 15 gündən əmək pensiyası hüququ yaranmış olur. İş materialları üzrə onun şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il tar ixdə doğulduğunu nəzərə alsaq, pensiya hüququnun yarandığı həmin yaş həddi - 05.11.2009-cu il tarixdə tamamlanır. Başqa sözlə, həmin tarixdən onun yaşa görə pensiya hüququ əmələ gəlir. Cavabdeh 28 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 26 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları 01.01.2006-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun ilə müəyyən edilir. Qanunun 9.1-ci maddəsinə əsasən sığortaolunan qadınlar 52 yaşa çatdıqda (01.07.2017-ci il tarixdən isə Qanuna edilmiş dəyişikliyə görə 55 yaşına) azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilinin Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli siyahı üzrə güzəştli sığorta staja malik olduqda yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçının Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə cəmi 7 il 28 gün güzəştli sığorta stajı vardır (16.09.1993-14.10.2000-ci illərdəki sement qablaşdırıcısı peşəsi) və bu səbəbdən onun yaşa görə güzəştli, şərtlərlə əmək pensiyası hüququ yoxdur. Vətəndaş iddia ərizəsində 01.01.2006-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun maddələrinə istinad edir ki bu da başa düşülmür və qeyri-mümkündür. Zərərli işlər vətəndaşların subyektiv mülahizələrinə görə deyil, yalnız Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı ilə müəyyən e dilir. İddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında, Nazirlər Kabinetinin 21.06.1993-cu tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə, pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İ ddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı ona 17 il ümumi və həmin dövrün X14 işlədiyi 7 il 28 gün müddətin zərərli iş stajı kimi qəbul edilərək güzəştli şərtlə əmək pensiyası hüququna malik olmasını bildirir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənət in xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə o lmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni 1 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir ( 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD №-li Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: 1 iyul 1997-ci il, № 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) və b) bəndlərinin axırıncı abzası (4-cü) qanundan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda be lə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir” (Həmin Qanunun 12ci maddəsinə əsasən ümumi əsaslarla pensiya yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur). İddiaçının əmək kitabçasının iş materiallarında olan surətinə və onun işlədiyi X20nun (hazırda Holcim (Azərbaycan) ASC-nin) 24.04.2018-ci il tarixli güzəştli arayışına əsasən müəyyən olunur ki, 2.12.1983-cü ildən 15.09.1993-cü il tarixədək (9 il 8 ay 23 gün) laborant, 16.09.1993-cü ildən 14.10.2000-ci il tarixədək (7 il 28 gün) sement qablaşdırıcısı kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında nəzərdə tutulan sement qablaşdırıcısı (11400000 XİV Tikinti materialları istehsalı. 11401000

1. Sement istehsalı. ******* a. a) fəhlələr 1140100a19300-sement qablaşdırıcıları) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır peşədə çalışmışdır. İddiaçının həmin zərərli peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli iş stajı, yəni, 7 il 6 ay toplanmadığından (7 il 28 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlər lə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir”. Belə olan halda, iddiaçının sement zavodunda sement qablaşdırıcısı kimi işləməyə başladığı 16.09.1993-cü il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü 01.07.1997-ci il tarixə qədər, onun topladığı 3 il 9 ay 15 gün güzəştli iş stajı nəzərə alınaraq həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 55 yaşdan) çıxılmaqla azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının 51 yaş 2 ay 15 gündən əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi 05.11.2009-cu il tarixdə tamamlanır. Odu r ki, 05.11.2009-cu ildən iddiaçının yaşa görə güzəştli şərtlə pensiya hüququ əmələ gəlir. Bəhs olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq iddiaçının iddiasında göstərdiyi “ona qanunla nəzərdə tutulan əmək pensiyasının təyin edilməsi” tələbini - onun arzuladığı “51 yaş 2 ay 15 gün yaş həddinə çatdığı 05.11.2009-cu il tarixindən ona pensiya təyin olunmasına dair qərar qəbul edilməsi” tələbi kimi qiymətləndirib iddianı təmin etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olu nması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1307/2019 saylı, 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar