Məhkəmə qərarları › İş №2-1(102)-287/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-287/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-287/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi borcunun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-321/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərara əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul edilmiş qərar əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.2.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.

3. Cinayət işi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş material əsasında başlanılmışdır. Cinayət işi üzrə icraat 05 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və dayandırılmış icraat 14 sentyabr 2021-ci il tarixdə təzələnmişdir.

4. Həmin cinayət işinə direktoru eyni şəxs - X2 olan: -‘'Səma-7’’ MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li; -"xxxx" MMC-də (VÖEN:**********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li; -"Caspian ENK” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.20 17-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li; -"xxxx" MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2- ci maddəsi ilə başlanılmış ********* №-li; -“X6” MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li; -"X3" MMC-də (VÖEN **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış ********* №-li; -"xxxx" MMC-də (VÖ EN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 213.2.2-cimaddəsi ilə başlanılmış ********* nömrəli cinayət işləri birləşdirilərək, ibtidai istintaq 21970074 nömrə altında davam etdirilir.

5. İstintaq zamanı müəyyən edilmişdir ki, X2 "xxxx" (VÖEN: **********), “Nigar Tikinti" (VÖEN: **********) və “Oktavia Group" (**********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən həmin cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş, bununla əlaqədar vergi ödəyicisinin f əaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 175 və 177-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 786.665,84 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 6. xx.xx.2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 1 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin AR-nın CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə vergi borcu aşağıdakı kimidir: -vergi borcu: 342.10 manat; -faiz borcu: 12.501,60 manat; -AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi: 128.773,83 manat. Cəmiyyətin xx.xx.2022-ci il tarixə ödənilməmiş vergi borcu 128.773,83 manat təşkil edir. Qeyd olunan 128.773,83 manat vergi borcu kameral vergi yoxlaması nəticəsində 2016-cı ilin iyun ayı üzrə hesablanmış 160.565,95 manat ƏDV məbləğinin ödənilməmiş hissəsidir. Şəxsi hesab vərəqəsində mövcud olan 128.773,83 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: -bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); -bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2); -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3). Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və f aiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir. İddiaçı qeyd etmişdir ki, 2016-cı ilin iyun ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir və bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Hazırkı işin hallarından göründüyü kimi, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə ümumilikdə 128.773,83 manat borc üzrə tələbetmə müddəti xx.xx.2021-ci il tarxdə bitdiyindən silinməli idi. Qeyd olunan bor cun silinməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

9. Cavabdeh iddia ərizəsinə qarşı xx.xx.2022-ci il tarixli, **********369600 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi İddiaçı tərəfindən külli miqdar təşkil edən 166.759,45 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılır. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı, həmin baş idarənin Hüquq şöbəsinin baş hüquqşünası X1 isə mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır. İddiaçının ümidsiz borc qismində silinməsini tələb etdiyi 128.773,83 manat mülki iddi a məbləği olduğundan, həmin məbləğin Vergi Məcəlləsinin 85.4 və 93.1-ci maddələrinə əsasən ümidsiz borc kimi silinməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

10. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-989/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 93-cü maddəsinə istinadən qeyd etmişdir ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqə dar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra sənədi (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Bu məhdudlaşdırma isə qanunvericilikdə birbaşa olaraq vergi orqanlarının hərəkətsizliyinin hüquqi nəticəsi kimi ifadə olunmaqdadır. İşin hallarından da göründüyü kimi, iddiaçıya münasibətdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, başlanmış cinayət təqibi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda” əsası ilə dayandırılmış, yalnız xx.xx.2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli qərarla isə 11 saylı Ərazi Vergilər Baş İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2016-cı ildə bitdiyini iddia etdiyi hesabat dövrünə münasibətdə cavabdeh tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, əksinə cinayət təqibinin başlanmasına əsas qismində çıxış etmiş vergi borcunun tutulması istiqamətində müvafiq tədbirlər görülmüş, cinayət işi başlanılmış və cinayət təqibi üzrə icraat dayandırılmışdır, bu isə öz növbəsində prosessual müddət lərin axımının dayanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-in 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.

12. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı ona münasibətdə AR CM-in 213.2.2-ci maddəsi ilə başlanmış külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti üzrə vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını inzibati mühakimə icraatında tələb etməklə, dolayısı ilə son nəticədə belə bir borcun olmamasına əsaslanaraq cinayət təqibi üzrə icraata xitam verilməsinə nail olmağa çalışmaqdadır. Qanunvericilik normalarının qarşılıqlı təhlili onu deməyə imkan verir ki, qanunverici məhz xeyli miqdarda (bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma halını kriminallaşdırmaqla bu növ cinayətlərin ictimai təhlükəli xarakterini qabartmışdır. Azərbaycan Respublikası CM-in 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəz ifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və Məcəllənin 99-4.1.1-99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Cinayət təqibi üzrə icraat isə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə dayandırılmışdır. Bununla yanaşı, vergi qanunvericiliyi ilə təsbit edilmiş 5 illik müddətin keçməsi yalnız o zaman müzakirə obyekti ola bilərdi ki, vergi orqanı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmək iqtidarında olduğu halda, bu borcun tutularaq dövlət büdcəsinə ödənilməsi üçün heç bir tədbir görmədən hərəkətsizlik nümayiş etdirmiş olsun. İndiki halda isə, vergi or qanı borcun tutulması üçün qanunamüvafiq tədbirlər görmüş, cinayət işi başlanmasına nail olmuş, iddiaçının iddia etdiyi 5 illik müddət keçməmiş cinayət təqibi üzrə icraatı dayandırmış və hazırkı iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsini üçüncü şəxs qismində cəlb etməklə öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Odur ki, borcun şəxsi hesab vərəqəsindən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsinə keçirilməsi borcun silinməsi üçün əsas ola bilməz.

13. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablan mış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

14. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.

15. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hü ququna malikdir. 85.5-1-ci maddəsinə görə, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

16. Məhkəmə hesab etmişdir ki, bu kimi halların mövcud qanunvericilikdə təsbit olunmuş şəkildə hərfi mənada qəbul edilərək mübahisəyə tətbiq edilməsi birmənalı olaraq dövlətin büdcə siyasətinə zidd olmaqla yanaşı, iqtisadi faəliyyət sahəsində törədilən vergi cinayətlərinə görə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımaqla, konstitusion vəzifələrin yerinə yetirilməsindən yayınmaya səbəb olur.

17. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-321/ 2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev, /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-989/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə uyğunluq təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın də lilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikası Vergi Məcəlləsi -1.4. Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haq qı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -72.1. bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; -72.2. Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlrdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidir. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqa nının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir; -85.4. vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər-93.1. vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: -85.5. vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ər zində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1. bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. -93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; -93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, -93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcbur i dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. -93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmi şdir.

28. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı şəxsi hesab vərəqəsindən tələbetmə müddəti keçmiş 128.773,83 manat vergi borcunun ümidsiz borc qismində silinməsinə nail olmağa yönəlmi şdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız saymış və mövqeyini onunla əsaslandırmışdır ki, dövlət büdcəsinə ödənilməkdən yayındırılmış, ümidsiz borc kimi silinməsi tələb olunan məbləğ cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin predmetidir və həmin cinayət işi üzrə mülki iddia məbləğidir. Belə olan halda cavabdeh inzibati orqan hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində həmin məbləği tutmaq hüququnu itirməmişdir və həmin məbləği tələb etmək hüququna malikdir.

31. Kassatorun əsas dəlili ondan ibarətdir ki, mübahisləndirilən borc məbləği ilə bağlı 5 illik müddət ərzində vergi orqanının ona verilmiş hüquqlardan istifadə edibetməməsindən, eləcə də borc məbləği ilə bağlı cinayət işinin başlanıb-başlanmamasından asılı olmayaraq, həmin müddətin bitməsi ödənilm əmiş vergi, faiz və maliyyə sanksiyasının ümidsiz borc qismində silinməsi ilə nəticələnir.

32. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

33. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesa blanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

34. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəy ə mindiyi tarixdən 5 illik müddət keçdikdə ümidsiz borc kimi silinir.

35. Bundan əlavə, «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

36. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tar ixinə onların şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə s anksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit o lunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən h esablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətd ə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.

39. Həmçinin qeyd edilməlidir ki, mübahisələndir ilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh hesablanmış borcun zamanında tutulması məsələsini Vergi Məcəlləsinin 89.1-ci və 90-cı maddələrinin tələbləri çərçivəsində həll etmək imkanına malik olsa da, həmin imkandan yararlanmamışdır, yəni iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.

40. Məhkəmə kollegiyası həmçinin zəruri olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu – müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində tələb etmə müddəti ötmüş borcu silməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mövqeyi ilə razılaşmışdır.

41. Halbuki, hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək VM-nin 85.5-2-ci mad dədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.

44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(107)-321/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilir. İddia təmin edilir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə iddiaçı "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsinin AR-nin CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsində mövcud olan 128.773,83 manat vergilər üzrə borcun ümidsiz borc qismində silinməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar