Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2872/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Rəsul-zadə İsmayıl Hatəm oğlunun cavabdeh Təhsildə X2rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi, əyani təhsilalma forması, tədris yükü və yerinə yetirilmə qaydası, təhsil alınan ölkədə faktiki olma müddəti, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Rəsul-zadə İsmayıl Hatəm oğlunun cavabdeh Təhsildə X2rşı “qərarın qanunsuz hesab edilməsi və diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli, NA******** nömrəli xarici ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və X1 Universiteti tərəfindən “iqtisadçı” ixtisası üzrə verilmiş ##.##.2017-ci il tarixli, TOTU ****** nömrəli diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Gürcüstan Respublikası Açıq Təhsil Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2015-2016 və 2016-2017-ci tədris illərində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi Gürcüstan Respublikasında çox qısa müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Belə ki, aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2013-2014- 4 ay 22 gün, 2014-2015- 4 ay 2 gün, 2015-2016 26 gün, 2016-2017- 1 ay 12 gün. İddiaçı 2017ci ildə tədris dövrünü başa vurmuş onun təhsil müddəti pandemiya dövrünə təsadüf etməmişdir. İddiaçı xüsusilə tədrisin son iki ilində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmamasını öz iddia ərizəsində və apellyasiya şikayətində əmək fəaliyyətilə əlaqələndirmişdir. İddiaçının göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyasının mövqeyi belədir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsilalma formasında təhsilalanların tam ştat əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamış, ali təhsil müəssisələrində yalnız qiyabi formada təhsilalanlara bununla bağlı təhsil məzuniyyətinin verilməsi göstərilmişdir. Eyni zamanda, iddiaçı təhsil aldığı dövrdə əmək fəaliyyətilə məşğul olduğu üçün ara verdikdə akademik məzuniyyət götürməli və növbəti illər üçün akademik məzuniyyət dövründə yaranmış borcların ödənilməsi üçün əlavə müddətlərdə ali təhsil müəssisəsində dərslərdə və imtahanlarda iştirak etməli idi. Məhkəmə kollegiyası diqqətə çəkir ki, inzibati icraat zamanı iddiaçı tərəfindən akademik məzuniyyət barədə sənədlər təqdim edilməmiş, habelə sonrakı illər üçün həmin akademik borcun ödənilməsi üçün ali təhsil alınan xarici ölkəyə gedişi müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı 4 illik təhsil müddətini 4 ildə bitirmiş, natamam formada iştirak edilmiş son 2 tədris ili üçün növbəti illər üzrə əlavə olaraq tədris prosesində iştirak etməmişdir. İddiaçı təhsil aldığı son iki il üzrə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ aktlara uyğun olaraq əyani təhsilalma forması üzrə minimum normativlərin ödənməsi üçün nəzərdə tutulmuş müddətin qarşılığında xarici ali təhsil aldığı ölkədə olmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinası qanuna uyğun olmuşdur. İddiaçı apellyasiya şikayətində həmçinin cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulduğunu bildirmiş, lakin inzibati araşdırmadan imtina olunan və ya kənarda qalan hər hansı sübuta istinad etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə ##.##.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Odur ki, iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmış, Qaydanın nəzərdə tutduğu tanınmaya dair tələblər üzrə uyğunsuzluq müəyyən edildiyi üçün iddiaçıya tanınma haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
5. İddiaçı mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 6.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Ona görə də iddiaçının halına münasibətdə alınmış təhsilin formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin əyani formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış əyani bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını əyani formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.