Məhkəmə qərarları › İş №2-1(102)-2874/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2874/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2874/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qərarın ləğv edilməsi və əvvəl təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı 1974-cü ildən əmək fəaliyyətinə başlamış, daha sonra müxtəlif dövlət orqanlarında dövlət qulluğu vəzifələrində işləmiş, ona ##.##.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 26 il 3 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının 80 faizi məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 1545,89 manatdan 1376,89 manata endirilmiş, ##.##.2023cü il tarixdən həmin məbləğ həddində müəyyən edilmişdir.

3. Cavabdeh mübahisələndirilən qərarın qəbul edilməsini vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə və qulluq stajına görə əlavənin səhv hesablanması ilə izah etmişdir.

4. Bundan sonra iddiaçı pensiyadan əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq bərpa edilməsi, ona təyin edilmiş əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş 6021 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiyasından əsassız tutulmaların ləğv edilməsi, artıq tutulmuş pulların ödənilməsi və pensiya məbləğinin bərpa olunması barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Onun 2018-ci ilin fevral ayından dövlət qulluğunda 26 ildən artıq iş stajı olmuş və bu stajla pensiyaya çıxmışdır. Ümumilikdə isə 43 il iş stajı vardır. Pensiya təyinatı zamanı mərkəzi icra hakimiyyəti orqanının yerli bölməsinin rəisi vəzifəsi dövlət qulluğu əsas götürülməklə, pensiya məbləği ona uyğun hesablanaraq 805,85 manat təyin edilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli **** nömrəli Sərəncamına əsasən, ##.##.2018-ci il tarixindən dövlət qulluqçularının əməkhaqqının artırılmasından sonrakı dövr üçün onun aylıq pensiyasının məbləği 886,43 manat olmaqla (bu artımdan əvvəl aylıq pensiya məbləği 805,85 manat olmuşdur) ödənilmişdir. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli **** nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il # #### tarixli **** nömrəli Sərəncamı ilə dövlət qulluqçularının aylıq vəzifə maaşının artırılmasından sonra ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr üçün aylıq pensiyasının məbləği 1329,64 manat olmalı idi. Lakin ona 1225,24 manat, yəni aylıq 104,40 manat az pensiya ödənilmişdir. Ümumilikdə həmin dövr üçün, yəni 29 ay ərzində 3027,60 manat az pensiya ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # #### tarixli **** nömrəli Sərəncamı ilə Dövlət qulluqçularının əməkhaqqının artırılması ilə əlaqədar olaraq pensiyasının aylıq məbləği 1462,00 manat olmalı idi. Lakin 1347,72 manat, yəni aylıq 114,28 manat az olmaqla, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üçün ona 1265,00 manat az pensiya ödənilmişdir. ##.##.2023-cü il tarixdən pensiyaların məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2023cü il üçün tətbiq edilən 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,5 faiz indeksləşdirilməklə artırılmışdır. Müvafiq artım əmsalı 14,5 faiz müəyyən edildiyinə görə aylıq pensiyasının məbləği 1674,0 (1462,00 x 14,5%= 212,00 + 1462,00 = 1674,00) manat olmalı idi. Lakin ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək aylıq 1543,00 manat, yəni aylıq 131,0 manat az ödənilərək, nəticədə, qeyd edilən dövr üçün (##.##.2023 ##.##.2024) 1729,0 manat məbləğində az ödəniş edilmişdir. ##.##.2024-cü il tarixdən isə 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq əmsal 11,2 faiz tətbiq edilməklə, aylıq pensiyanın məbləği 1861,00 (1674x11,2%=187,00 + 1674,00 = 1861,00) manat olmalı idi. Lakin cavabdehin ##.##.2024-cü il tarixli məktubunda aylıq pensiyasının məbləğinin 1531,00 manat (1861,00 1531,00 = 330,00 manat az) olduğu bildirilmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün dövrlər üzrə (##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək) ümumilikdə (3024,60 + 1265,00 + 1729,00) 6021,60 manat az pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilən maddi yardım üzrə 2022-ci il üçün 160,69 manat pul vəsaiti ödənilməmişdir. Artıq ödənilmiş əmək pensiyası məbləği iddiaçının razılığı olmadan əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Bu barədə məhkəməyə müraciət olunmamışdır və artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə məhkəmə qərarı yoxdur.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi qismən - tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması hissəsində təmin edilmiş, adıçəkilən qərarla cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilmiş və tutulmuş 160,69 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması qanuni və əsaslı olmaqla, iş materiallarına uyğundur. Belə ki, ##.##.2019-cu il tarixə orta aylıq vəzifə maaşının 828,00 manat olması, sonuncu ixtisas dərəcəsinin “birinci dərəcəli dövlət qulluqçusu” olması və ##.##.2009-cu il tarixə iddiaçının 17 il 7 ay 1 gün dövlət qulluğu stajı cavabdeh tərəfindən təkzib edilmir. Belə olan halda, cavabdehin əsas götürülən 60 ay üzrə orta aylıq əməkhaqqını hesablaması əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə tam uyğundur.

9. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və N.X.Nəbizadə) ## ### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarı qanunsuz hesab edilərək ləğv olunmuş və təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. Cavabdeh inzibati orqan tərəfindən ilkin pensiya hesablanmasında iddiaçının əmək stajına, vəzifəsinə uyğun qiymətləndirmə aparılaraq pensiya təyin edilmiş, lakin sonradan inzibati icraat açılaraq onun iştirakını təmin etmədən pensiya məbləği yenidən hesablanmışdır. Cavabdeh qeyd edilən hesablamanı aparmağını onunla əsaslandırır ki, müvafiq illər üçün pensiya məbləğinə əlavələr düzgün hesablanmamış, iddiaçıya artıq pensiya məbləği ödənilmişdir. Kollegiyanın gəldiyi qənaətə görə, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin, inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və prosedurlar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. 11.2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2024-cü il tarixli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. Lakin cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. 11.3. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının iddia təmin edilən hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri 13.

14. Müddət axımı ## ###### 2024-cü il tarixdən etibarən başlamış və müddət ötürülmədən “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Lakin məhkəmə bu halı yanlış təfsir edərək müddət axımının başlanğıcını əmək pensiyasının təyinat tarixi ilə şərtləndirir.

b) kassasiya şikayətinə qarşı etiraz:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 63. Inzibati aktda olan aşkar səhvlərin düzəldilməsi 63.1. Inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. Inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. Inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. 63.4. Inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi kassasiya şikayətinin dəlilləri həddində yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - iddia təmin edilən hissədə ləğv edilməli və iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

21. Kollegiya, ilk növbədə, hazırkı kassasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsində icraat zamanı tələbi cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan aparılmış tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması barədə olmuş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi yalnız tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması hissəsində təmin edilərək, qalan hissədə rədd edilmişdir. Həmin məhkəmə qərarı ilə iddia qismən təmin olunsa da, cavabdeh qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarı iddianın rədd edilən hissəsində (əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğvi və əvvəlki pensiyanın bərpası) ləğv edilərək, həmin hissədə iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

22. Odur ki, hazırda kassasiya baxışının hədlərini apellyasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin iddianı təmin etdiyi hissənin - əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğvi və əvvəlki pensiyanın bərpası tələbinə dair gəldiyi nəticənin qanuniliyinin yoxlanılması təşkil edir.

23. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasının “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində göstərilən 1 (bir) illik müddət ötürülməklə aparıldığı qənaətinə gəlmiş və bu əsasla iddianı həmin hissədə təmin etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq qərarın qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Belə ki, cavabdeh iddiaçı barəsində əlverişli inzibati aktın dəyişdirilərək mübahisələndirilən qərarın qəbul edilməsini iddiaçının vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə və qulluq stajına görə əlavənin hesablanmasında yol verilmiş “yanlışlıqla” izah edir.

26. Lakin cavabdeh tərəfindən inzibati aktın dəyişdirilməsinin səbəblərinin nədən ibarət olması barədə açıqlama verilməmişdir.

27. Odur ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün, ilk növbədə, bunun səbəblərinin nədən ibarət olması aydınlaşdırılmalıdır.

28. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) illik müddət mahiyyət etibarilə kəsici müddətdir. Bu, o deməkdir ki, həmin müddət nə uzadıla bilər, nə də buraxıldığı halda bərpa oluna bilər. Müddətin keçməsi inzibati orqanın aktı ləğv etmək (geri götürmək) səlahiyyətini maddihüquqi baxımdan aradan qaldırır.

29. Həmçinin, həmin maddənin inzibati mübahisələrə tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)-****/**** nömrəli qərarı mövcuddur.

30. Həmin qərarda qeyd edilmişdir ki, “əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. Ikinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”.

31. Qərardan da göründüyü kimi, ilk növbədə cavabdehin istinad etdiyi inzibati aktın dəyişdirilməsinə əsas olmuş halların nədən ibarət olduğu müəyyən edilməlidir. Çünki, inzibati aktın dəyişdirilməsinin hüquqi əsası cavabdehin istinad etdiyi yanlışlığın xarakterindən asılıdır. Bunun hüquqi mahiyyəti aydınlaşdırılmadan onun hansı hüquq normasının tənzimləmə predmetinə aid olması barədə nəticəyə gəlmək mümkün deyildir.

32. Bununla yanaşı, inzibati aktın dəyişdirilməsinə səbəb olmuş halların cavabdehə nə vaxt məlum olduğu və bu barədə yeni qərarın 1 (bir) illik müddət daxilində qəbul edilib-edilmədiyi dəqiq müəyyən edilməlidir. Çünki “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hesablanması həmin andan başlanır və bu müddətin ötürülüb-ötürülməməsi yalnız belə araşdırmadan sonra müəyyən edilə bilər.

33. Eyni zamanda, pensiyanın yenidən hesablanmasına səbəb olmuş halın cavabdehə sonradan məlum olmuş yeni faktla bağlı olduğu, yoxsa əvvəldən onun sərəncamında olan məlumatların yenidən qiymətləndirilməsinin nəticəsi olduğu müəyyən edilməlidir. Çünki qeyd olunan maddənin məqsədi inzibati orqana yalnız sonradan məlum olan obyektiv hallara görə aktı geri götürmək imkanı yaratmaqdır. Bu baxımdan, həmin normanın tətbiqi üçün yalnız müddət məsələsinin deyil, həmin maddədə nəzərdə tutulmuş digər hüquqi şərtlərin də mövcudluğu müəyyən edilməlidir. Xüsusilə araşdırılmalıdır ki, inzibati aktın dəyişdirilməsinə əsas olan hallar, həqiqətən sonradan aşkar edilmiş hallardımı, yoxsa inzibati orqanın sərəncamında əvvəldən mövcud olmuş məlumatların sonradan fərqli qiymətləndirilməsinin nəticəsidir.

34. Bu iki hal hüquqi nəticələrinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Əgər müəyyən edilərsə ki, pensiyanın yenidən hesablanması əvvəllər mövcud olan məlumatların sonradan fərqli hüquqi və ya maliyyə qiymətləndirilməsi nəticəsində həyata keçirilmişdir, belə halda söhbət cavabdehə sonradan məlum olmuş yeni haldan deyil, əvvəl qəbul edilmiş inzibati aktın qanuniliyinin yenidən nəzərdən keçirilməsindən gedəcəkdir. Bu halda həmin faktın cavabdehə sonradan məlum olmuş hal kimi qəbul edilməsi və 1 (bir) illik müddətin yeni tarixdən hesablanması mümkün olmayacaqdır.

35. Apellyasiya məhkəməsi bu baxımdan, iddiaçının qulluq stajı, vəzifə maaşı, ixtisas dərəcəsi və digər göstəricilərlə bağlı məlumatların, əmək pensiyasının ilkin hesablanması zamanı cavabdehin sərəncamında olub-olmadığını araşdırmalıdır. Əgər həmin məlumatlar cavabdehin sərəncamında olmuşdusa, onların sonradan yenidən təhlil olunması nəticəsində aşkar edilən uyğunsuzluğun avtomatik olaraq “sonradan məlum olmuş hal” kimi qiymətləndirilməsi mümkün olmayacaqdır. Inzibati orqanın öz səlahiyyətləri çərçivəsində malik olduğu məlumatları düzgün qiymətləndirməməsinin nəticələrinin sonradan şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi üçün əsas kimi qəbul edilməsi hüquqi müəyyənlik və legitim gözlənti prinsipləri baxımından ayrıca qiymətləndirilməlidir.

36. Apellyasiya məhkəməsi isə cavabdehin istinad etdiyi yanlışlığın hüquqi mahiyyətini, pensiyanın yenidən hesablanaraq məbləğinin azaldılmasına əsas olmuş halların nə vaxt məlum olduğunu aydınlaşdırmadan və yekun olaraq hazırkı mübahisəyə “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tətbiqi üçün zəruri olan şərtlərin mövcudluğunu, o cümlədən 1 (bir) illik müddətin ötürülüb-ötürülmədiyini araşdırmadan qərar qəbul etmişdir.

37. Halbuki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

38. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar mübahisələndirilən hissədə ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan cavabdehin həmin hissədə mahiyyəti üzrə yeni qərar qəbul edilməsi barədə tələbi təmin edilməməlidir

40. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qismən - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi və təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar