Məhkəmə qərarları › İş №2-1(102)-2890/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2890/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2890/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin tutulması; etimad hüququ; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(103)-2439/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 09 aprel tarixli, 2-1(112)-3733/2024 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək iddiaçının əmək pensiyasından tutulmaların aparılması cavabdehə qadağan edilmiş, cavabdeh tərəfindən əvəzləşmə yolu ilə iddiaçının ə mək pensiyasından tutulan 3158,57 (üç min bir yüz əlli səkkiz manat 57 qəpik) manat məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 21(103)-2439/2024 nömrəli qərarı ilə (hakimlər G.M.Abbasova /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il 09 aprel tarixli, 2-1(112)-3733/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, ödənilmiş əmək pensiyasının müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qərar ləğv edilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, artıq ödənildiyi iddia edilən müavinət məbləğinin geri qaytarılmasını və bununla bağlı əmək pensiyasından tutulmalar etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Məhkəmələr həmçinin qeyd etmişlər ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına ə sas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir.

4. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə ona Fondun Balakən rayon şöbəsi tərəfindən 16 yanvar 2010-cu il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə, məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2170,00 manat, qulluq illərinə görə əlavə 976,50 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələri 2202,83 manat olmaqla orta aylıq əmək haqqı 5487,33 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (5487,33 manat) 80 faizi-4389,86 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına hər ay 4643,89 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 9145,08 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 3040,00 manat, qulluq illərinə görə əlavə 1368,00 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavələri 3058,33 manat olmaqla orta aylıq əmək haqqı 7604,33 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (7604,33 manat) 80 faizi - 6083,46 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında 4643,89 manat məbləğində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 1439,57 manat pul vəsaiti hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 7675,50 manat məbləğində hesablanmalı olduğu halda, 2023-cü ilin yanvar ayında 6091,98 manat məbləğində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya ödənilməli olan 1583,52 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya 6121,99 (9145,08-1439,57-1583,52) manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 135,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsi ndə və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əs aslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddu r. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1560/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-1088/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-768/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-112/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-3/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarları) artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qaydanı tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə istinad olunaraq göstərilmişdir ki, həmin normanın tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmə k pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

9. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur – könüllü və ya məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri qaytarmaya razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etməklə həmin vəsaiti geri almaq səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarı lmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, yaxud əmək pensiyaçısının bununla bağlı aşkar ifadə olunan razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək və pensiyadan tutulmalar aparmaq səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını bildirir, öz növbəsində cavabdeh də tutulmaları belə razılıq əsasında apardığına istinad etmir.

10. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilm əsini təsbit edir. Hazırkı iş üzrə isə sözügedən məbləğin tutulması üçün cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilməsi faktı öz təsdiqini tapmır. Cavabdeh qanunla müəyyən edilmiş qaydanı pozmaqla pensiyaçının razılığı olmadığı halda əmək pensiyasından tutulmalar aparmışdır.

11. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən səhv hesablanma nəticəsində artıq pul vəsaitinin ödənildiyi əsas gətirilərək iddiaçının əmək pensiyasından müvafiq tutulmalar aparılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticə sində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

12. Həmçinin məhkəmə kollegiyası bildirir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə də ziddir. Belə ki, “ İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

13. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı biri nin mövcudluğu müəyyən edilməmişdir.

14. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1999/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)1560/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-1088/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)-768/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli; 2-1(102)895/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-662/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-549/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)539/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli; 2-1(102)-112/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarları) hüquqi mövqe məhz yuxarıda qeyd ol unan məzmunda olmuşdur.

15. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

16. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı ə lavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(103)-2439/2024 nömrəli qərarından cavabdeh Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar