Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2893/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvi üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. Həmin qərar onunla əsaslandırılmışdır ki, iddiaçının ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. İddiaçı tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixlərində cəmi 43000 manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “süfrə (stol 160*90) (hazır 240*170), xələt (1250qr XL), miflon (stol 160*90), can dəsmalı (600qr 90*150), yorğan üzü (cüt nəfərlik 200*220), ruçnik (50*50) ağ x/b və s.” qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə-faktura üzrə onun alışında, idxalında qeyd edilən mallar və ya onların istehsalı üçün xammal müəyyən edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin sözügedən qərarı inzibati icraat və vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən tamamilə əsassız və qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmindən vergi ödəyir. Belə olan halda, hansı vergi üstünlüyü (vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma) və vergidən yayınma sxemindən (vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat) söhbət gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndində göstərilir ki, bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir. İnzibati orqanın istinad etdiyi həmin Meyarların 3.1.1-ci yarımbəndində göstərilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, vergi ödəyicisinin apardığı həmin əməliyyatlar riskli əməliyyat hesab olunur. Göründüyü kimi, qanunverici vergi ödəyicisi tərəfindən aldığı maldan fərqli malın satılması halını nəzərdə tutub. Hazırkı məsələdə belə hal mövcud deyildir.
5. Cavabdeh iddiaya qarşı etiraz edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4, 2.1, 3.1-ci bəndlərinə istinadən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. Belə ki, cavabdeh öz qərarında formal olaraq iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyini qeyd etsə də, məhkəməyə bu halı (fərqli mallar alınmasını) təsdiq edən alınma sənədlərini və ya bu barədə hər hansı sübut təqdim etməmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və Zakir Quliyev) ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cü hissəsinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci yarımbəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd kompüter almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd kompüter almış, lakin 5 ədəd satmışdır). Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dispozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və ya “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi işin hallarına hazırkı qərarda əks olunan mövqeyi nəzərə almaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndi baxımından yenidən qiymət verməlidir.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elvin Əliyev /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Xəyalə Cəmilova) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları daha konkretdir. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Eyni zamanda həmin əsaslar malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırmasına xidmət etməməli, vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməli olmadığını, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə vergilərin müəyyən edilməsinin qadağan olunması, diskriminasiya xarakteri daşıya bilməməsindən ibarətdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin (inzibati aktın əsaslandırılması) tələbləri pozulmuşdur. Belə ki, mübahisələndirilən qərarda iddiaçının riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi elektron qaimə-faktura üzrə onun alışında, idxalında qeyd edilən mallar və ya onların istehsalı üçün xammalın müəyyən edilməməsi qeyd olunmuşdur. Lakin mübahisələndirilən qərarın maddi əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci yarımbəndinə istinad olunmuşdur. Meyarların 3.1.1-ci yarımbəndində qeyd olunmuşdur ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın maddi hüquqi əsaslandırması kimi Meyarların fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yarımbəndinə, yəni 3.1.1-ci yarımbəndinə istinad etdiyi halda, işin faktiki halları isə tamamilə fərqli olmuşdur. Belə ki, mübahisə predmeti olan qərarın əsaslandırma hissəsi Meyarların 3.1.2-ci yarımbəndi (vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) ilə uyğunluq təşkil etdiyi halda, cavabdeh tamamilə fərqli bəndə (vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) əsaslanaraq inzibati aktı qəbul etmişdir. Cavabdehin etiraz və şikayətlərinin dəlillərindən belə qənaət hasil olur ki, o, iddiaçıya mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərdən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığına əsaslanmış, lakin iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutubtutmaması, tərəflərin müqavilə öhdəliklərini icra edib-etməməsi ilə bağlı araşdırma aparmamış, bununla da iddiaçının (vergi ödəyicisinin) xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir (Vergi Məcəlləsinin 36.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi). Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi və bu əsasla ona əlavə vergi hesablaması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də inzibati icraat haqqında hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)
1. Ümumi müddəalar 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
2. Riskli vergi ödəyicisinin meyarları 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən cavabdehin şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci yarımbəndinə istinadən iddiaçının riskli vergi ödəyicisi olunması barədə qərar qəbul etmişdir. Bu zaman cavabdeh tərəfindən iddiaçının ##.##.2022-##.##.2022-ci il tarixlərdə təqdim etdiyi malların onun alışında və idxalında aşkar olunmadığına, həmçinin onların istehsalı üçün xammalın müəyyən edilmədiyinə istinad olunmuşdur. İddiaçı da həmin malların alışını təsdiq edən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir.
28. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi, iddianın təmin edilməli olması barədə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Həmçinin mübahisə predmeti olan qərarın əsaslandırma hissəsi Meyarların 3.1.2-ci yarımbəndi (vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) ilə uyğunluq təşkil etdiyi halda, cavabdeh Meyarların 3.1.1-ci yarımbəndinə (vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) əsaslanaraq inzibati aktı qəbul etmişdir. Bununla da, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun 61ci maddəsinin (inzibati aktın əsaslandırılması) tələbləri pozulmuşdur.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Meyarların hazırda qüvvədən düşmüş 3.1.1-ci yarımbəndinə görə, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, şəxs riskli vergi ödəyicisi hesab oluna bilərdi. Bu hala istinad üçün şəxsin həm alışını, həm də satışını təsdiq edən sənədlər mövcud olmalı və həmin malların müxtəlif çeşiddə olduğu müəyyən edilməlidir. Hazırkı işdə isə, iddiaçının alışını təsdiq edən mötəbər sənədlər mövcud olmadığından, iddiaçının satdığı malların aldığı mallarla fərqli çeşiddə olması (müqayisə üçün hər iki malın mövcudluğu tələb olunduğundan) barədə cavabdehin iddiası əsaslı sayıla bilməz. Cavabdeh Meyarların 3.1.1-ci yarımbəndini düzgün təfsir etməyərək, iddiaçının alışında olmayan malı fərqli çeşiddə malın təqdim edilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdehin Meyarların 3.1.1-ci yarımbəndinə istinadən, iddiaçını riskli vergi ödəyicisi hesab etməsi əsassız sayılmalıdır.
30. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Meyarların 3.1.2-ci yarımbəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. İstinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dispozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur (Bununla bağlı bax: hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı).
31. Beləliklə, vergi ödəyicisinin sənədsiz aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1.2-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.
32. Bu mənada iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə cavabdehin qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinin tələblərinə uyğun sayılmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın qərarın əsaslandırma hissəsində istinad edilən maddi hüquq normasının dispozisiya şərtlərinin müəyyən olunmasında yol verdiyi yanlışlıq mütləq qayda həmin qərarın ləğvini şərtləndirmir. Bu zaman nəzərə alınmalıdır ki, məhkəmə tətbiq olunan normanın dispozisiya şərtlərinin baxılan mübahisəyə münasibətdə mövcudluğunu xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
34. İnzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi anlamında formal-hüquqi baxımdan qanunsuz olması, hər bir halda onun ləğvi üçün yetərli sayıla bilməz. Bu zaman İPM-in 70.1-ci maddəsində təsbit olunmuş qaydanın inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallara şamil olunduğu diqqətə alınmalıdır. Həmin qayda isə məhkəmə tərəfindən ən azından tətbiq olunan normanın dispozisiya şərtlərinin yoxlanılmasını istisna etmir və etməməlidir.
35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi isə araşdırma apararkən qeyd olunan xüsusatı, həmin xüsusatla bağlı iş üzrə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini və Meyarların 3.1.2-ci yarımbəndi baxımından iddiaçının riskli vergi ödəyicisi kimi tanınması üçün qanuni əsasın olduğunu nəzərə almamışdır.
36. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.