Məhkəmə qərarları › İş №2-1(102)-2905/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2905/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2905/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Emin İsayevin, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2-1(103)763/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2012-ci ildə Ukrayna Respublikasında T.Şevçenko adına Kiyev Milli Universitetinə qəbul olmuş və orada qiyabi formada təhsil alaraq 30 iyun 201 7-ci il tarixdə həmin təhsil müəssisəsini bitirmişdir. Ona 30 iyun 2017- ci il tarixdə xxxbakalavr diplomu verilmişdir. Həmin diplom 13 sentyabr 2017-ci il tarixdə Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir, T.Şevçenko adına Kiyev Milli Universitetində 2012 - 2017-ci illərdə o, qiyabi təhsil almışdır. O, diplom üzrə ixtisasının ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin Təhsil Nazirliyinin ona ünvanlanmış 12 iyun 2018-cı il tarixli məktubunda imtina onunla əsaslandırılmışdır ki, müsahibə zamanı ixtisasının mənimsənilməsi üçün tədris qənaətbəxş olmamışdır. Təqdim olunan sənədlərdən görünür ki, o, təhsil aldığı müddətdə heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil müəssisəsinin t ələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomun tanınmasında heç bir hüquqi qadağa olmadığı halda diplomun tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşıya qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirilmiş və təhsilini qanuni əsaslarla başa vurmuşdur. Həmin ölkəyə müntəzəm olaraq getdiyi və orada uzun müddət qaldığı onun pasportunda aydın şəkildə görünür. Tədris dili üzrə bilik səviyyəsi ilə bağlı qeyd olunur ki, Kiyev Milli Universiteti beynəlxalq standartlara uyğun təhsil verir. Bu təhsili bildirən diploma əlavə də ona təqdim olunmuşdur. Universitetin Azərbaycanda rəsmi olaraq tanınması onun beynəlxalq standartlara uyğun təhsil verməsini təsdiqləyir. Təəssüf ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun (iddiaçının) diplom üzrə ixtisasını tanımamışdır. Bu isə onun gələcəkdə özünə karyera qurmasına və təhsili aldığı sahədə mütəxəssis kimi formalaşmasına ciddi maneə yaradır. Birinci instansiya məhkəməsinin 14.11.2018-ci il tarixli iş № 2-1(82)-4154/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.04.2019-cu il tarixli iş № 2-1(103)-763/2019 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2-1(82)-4154/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,18 iyul 2000-ci il tarixli Qanun ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınmas ı və ekvivalentliyi haqqında Saziş” təsdiq edilmişdir. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 5-ci bəndində qeyd olunur ki, Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əha tə edir. Yuxarıda sadaladığı qanuni əsaslarla iddiaçı Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetini bitirərək “hüquqşünas” ixtisasına yiyələnmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» başlıqlı qərarından da aydın görünür ki, Qaydalar ixtisasın müəyyən olunmuş qaydalara uyğunluğunun yoxlanılması məqsədini güdür, yəni, məqsəd burada şəxsin əldə etdiyi bilik bacarıqların yoxlanılması deyil, əldə etdiyi diplomun prosedur çərçivəsində və qanuni əsaslarla əldə edib-etməməsidir. Çünki bilik və bacarıq nisbi anlayışdır, eyni universiteti bitirən bütün tələbələr eyni bilik və bacarıqlara sahib ola bilməz. Amerika və ya Avropa universitetlərinin verdiyi bilik və bacarıqlar ölkədə eyni ixtisasda təhsil alanlar arasında kifayət qədər bilik və bacarıq fərqi ola bilər. Eyni zamanda əksi, Diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsində məqsəd və meyar qaydalarda göstərilmişdir və iddiaçının əldə etdiyi B17№073735 bakalavr diplomu sadalanan tələblərə cavab verir. İddiaçı hökumətlərarası Sazişdə göstərilən akkreditə olunmuş universiteti bitirdiyindən, cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi qeyd olunan diplom üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır. Qanunvericiliyə görə Şəhadətnamənin verilməsindən imtinaya görə əsaslardan biri ekspertin mənfi rəyidir. Lakin iş materiallarından da görünür iddiaçıya münasibətdə heç bir mənfi ekspert r əyi olmamışdır. Bir daha qeyd edir ki, Qaydaların 3.7-ci bəndində göstərilən mənfi rəyi vermə halları sadalanmışdır ki, iddiaçının işində belə hallar təsbit olunmamışdır. Apelyasiya məhkəməsinin öz qərarında toxunduğu bir digər nüans isə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanundur. Qanunun 1.0.43-cü maddəsində qeyd olunur ki, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Apelyasiya məhkəməsinin gətirdiyi əsassız arqument Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ qanuni ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsidir. Maddədə qeyd olunur ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əsaslı fərqlər aşk ar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Fərqlər isə: ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələblərdir ki, bu tələblərin hər hansı birində uyğunsuzluq aşkar olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi, əgər sadəcə bilik və bacarıq meyarına əsaslansaq o zaman Ukraynada təhsil almış bütün “Hüquqşünas” ixtisasından məzun olanları eyni bilik və bacarığa sahib olmalıdır deyərək bir qiymətləndirmə standartı müəyyənləşdirilməli və bu ixtisası bitirənlər də öncədən bu qiymətləndirmə meyarlarına uyğun hazırlaşaraq universiteti bitirməlidir ki, Azərbaycan Respublikasında həmin şəxslərin diplomları tanınsın. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin 26 aprel 2019-cu tarixli, 2-1 (103)763/2019 saylı qərarının ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.İsayev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu tarixli qərarının ləğv edib, iddiaçının iddia tələbinin təmin edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında q eyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 24.06.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu tarixliqərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da, cavabdehin vəkili İVəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.06.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vək ili, cavabdehinin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kolle giyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 26 aprel 2019-cu il tarixli, 2-1(103)-763/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2-1(82)-4154/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən “Təhsil haqqında” Qanunun 1.0.43, 22.2, 22.3, 27.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar vardır, buna görə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, istənilən inzibati mübahisə qəbul ediləcək məhkəmə qərarının qanuni və əsaslı olması üçün İnzibati Prosessual Məcəllənin xüsusi olaraq 12.1, 12.2, 58.1, 68.1-ci maddələrinin tələbləri riayət edilməsi mütləq şərtdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məh kəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin sözügedən maddələrini pozmuşdur və nəticə etibarı ilə də iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, apelyasiya instan siyası məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən cavabdehin 16 iyun 2018-ci il tarixli, 23-04-471/ANİ saylı cavab məktubuna əsaslanmışdır, lakin bu məktubun mətnini qərarında tam verməyərək belə yazmışdır: “Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nı, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2-ci maddəsini (Ərizənin baxılması hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqlar ın qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinin (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən Ukrayna Respublikası T.Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən 30 iyun 2017-ci il tarixdə verilmiş B17 073735 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün olmaması bildirilmişdir”. Halbuki sözügedən imtina məktubunda (inzibati aktda) göstərilmişdir ki, “Nostrifikasiya p rosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qənaətinə görə iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması hər hansı bir mötəbər sübutla (müvafiq ekspert komissiyasının rəyi, disk və video görüntü ilə) təsdiq olunmamış, yəni, bu cür sənədlər iş materiallarında mövcud deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi işin həmin halını ümumiyyətlə araşdırmamış və bu baxımdan sözügedən imtina məktubunun (inzibati aktın) əsaslı olub-olmamasını yoxlamamışdır. X4 Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin akt ın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi faktiki olaraq sadəcə cavabdehin adıçəkilən imtina məktubunu (inzibati aktı), yəni, orada yazılmışları tam və hərtərəfli araşdırmadan, onları bir fakt kimi qəbul etmiş, bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 58.7, 68.1-ci maddələrinin tələblərinə riayət etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(103)763/2019 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan təmin edil məməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2-1(103)763/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar