Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2912/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvinə dair iddianın qeyri-mümkünlüyü, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçıya 2021-ci ilin gəlir vergisi üzrə 5026,52 manat əlavə vergi məbləği hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia müddətinin bərpa edilməsinə dair ərizə təqdim edərək, vergi orqanı tərəfindən göndərilmiş bildirişi telefon vasitəsilə oxuya bilmədiyini, bu səbəbdən mübahisələndirilən vergi qərarından yalnız 2024-cü ilin yanvar ayında məlumatı olduğunu və hazırkı iddianı qaldırdığını bildirmiş, bu səbəbdən iddia müddətinin bərpa olunmasını xahiş etmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizə təqdim edərək buraxılmış iddia müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməklə işə mahiyyəti üzrə baxılmalıdır. Lakin, iddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, iş materiallarına əsasən iddiaçı 2021-ci il ərzində 125663 manat elektron alış aktları ilə mal almışdır. Vergi orqanının yoxlaması zamanı iddiaçının fəaliyyətinə dair vergi uçotunun aparılmadığı, müşahidə zamanı həmin malların onun anbarında aşkar edilmədiyi bildirilmişdir. Hazırkı mübahisə iddiaçının anbara yığdığı xurma məhsuluna görə alış aktını təqdim etməməsi ilə bağlı yaranmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır. Həmçinin, iddia ərizəsindən və iddiaçının izahatından görünür ki, onun tərəfindən satış məqsədi ilə alınan mallara dair qaimələr verilməmiş, gəlirin əldə olunmasına çəkilən xərcin məbləğinə dair sübut mövcud olmamışdır.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəqani Səmədov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Tural Həsənov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
18. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
19. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin onun üçün əlverişsiz xarakter daşıyan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
20. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
21. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
22. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
23. Yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur.
24. Hazırkı mübahisədə iddiaçı sözügedən kameral vergi qərarına münasibətdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
25. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı hazırkı iddianı ##.##.2024-cü il tarixdə qaldırmışdır. Cavabdeh iddiaya qarşı etirazında mübahisələndirilən kameral vergi qərarının elektron qaydada imzalanaraq ##.##.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirildiyini, ##.##.2023-cü il tarixdə isə iddiaçı tərəfindən oxunduğunu və beləliklə, iddia müddətinin buraxıldığını bildirmişdir.
26. İddiaçı ##.##.2024-cü il tarixdə iddia müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və müddətin vergi orqanı tərəfindən ona göndərilmiş bildirişi telefon vasitəsilə oxuya bilmədiyi üçün ötürüldüyünü bildirmişdir.
27. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
28. İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
29. Hazırkı mübahisədə sözügedən kameral vergi qərarının ləğv edilməsinə dair iddia prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra qaldırılmışdır. İddiaçı tərəfindən prosessual müddətin bərpa edilməsinə dair ərizə isə mübahisələndirilən kameral qərarın iddiaçıya çatdırıldığı ##.##.2023-cü il tarixdən bir ildən çox müddət keçdikdən sonra, yəni ##.##.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuşdur.
30. İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət məhdudiyyətini istisna edən şərtlərin, yəni təbii fəlakət və ya digər qarşısıalınmaz halların, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı halların mövcudluğu iş üzrə materiallardan müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilən hallar iddia müddətinin bərpasına dair ərizənin və bunun üzərindən müddət ötürüldüyünə görə iddianın mümkün sayılmaması üçün yetərli əsas sayılmalıdır.
31. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxsə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi kameral vergi qərarı barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
32. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
33. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
34. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Qərar qətidir.