Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2913/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı hüquq varisi Məhərrəmova Frəngiz Əmirxan qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) 04.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı hüquq varisi Məhərrəmova Frəngiz Əmirxan qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2-1(103)-1607/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və park-bağ təsərrüfatının inkişafı Departamenti Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli, 33394 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 204 ç/t nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubunda müraciətin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 204 ç/t bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin, göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə, çox hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Məhərrəmova Frəngiz Əmirxan qızı onun vərəsəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 204 ç/t nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 204 ç/t nömrəli 0,12 ha bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 251 nömrəli qərarı əsasında bağlanmış m üqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir, həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə edilir. İddiaçı həmin bağ sahəsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, 204 ç/t bağ nömrəsinin sxematik xəritədə olmadığını, həmçinin göstərilən sahənin bir hissəsinin digər şəxsin müraciəti ilə, bir hissəsinin isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.
7. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyildir. Cavabdehin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahənin bir hissəsi "xxxx" MMC-yə məxsus, bir hissəsi isə digər vətəndaşa məxsus torpaq sahələri ilə üst-üstə düşür. 204 ç/t nömrəli bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə, bağ sahələri sxematik plana uyğun hasarlanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Həmçinin, iddiaçı cavabdehə əvvəlki müraciətində indi göstərdiyi sahənin cənubunda yerləşən sahəyə iddia etmişdir ki, həmin sahənin bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmüşdür.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 01 iyul 2021-ci il tarixli, 21(112)-570/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 ç/t nömrəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə q oyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İdarənin arxivində mövcud olduğu qeyd olunmuş xx.xx.2004-cü il tarixli, 33394 nömrəli müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Cavabdeh həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyildir. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Hazırda həmin bağ sahəsi idd iaçının istifadəsindədir və qeyd olunan xx.xx.2004cü il tarixli, 33394 nömrəli müqavilə isə ləğv və ya etibarsız hesab edilməmişdir, qüvvədədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1 0/5450 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən faktiki sahənin sərhədləri şərti olaraq 1200 kv.m təşkil edir və sahənin üzərində tikili yoxdur. Sözügedən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmır, həmin hissədə sxematik xəritəyə əsasən bağ nömrəsi əks olunmamışdır, qeyd olunan əraziyə BİM-in və digər hüquqi və fiziki şəxslərin fərqli konfiqurasiyalarla müraciətləri mövcuddur. Ümumi ərazi dövlət mülkiyyəti torpağıdır. Sözügedən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından sahənin sənəd üzrə hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüse yn /sədrlik edən və məruzəçi/, Raqib Qurbanov və Vüsalə Baxışova) 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-37/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t nömrəli bağ sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər onda olmadığından iddia etdiyi sahənin xx.xx.2004-cü il tarixli, 33394 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyildir. Ey ni zamanda, ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t nömrəli bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçı həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə etdiyini qeyd etsə də, mütəxəssis rəyi ilə müəyyən olunur ki, sahənin üzərində tikili mövcud deyildir.
15. İddiaçının arvadı Məhərrəmova Frəngiz Əmirxan qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
16. İş üzrə kassasiya icraatı zamanı Məhərrəmova Frəngiz Əmirxan qızının iddiaçının hüquqi varisi kimi tanınması əsaslı hesab edilmiş və İddiaçı öldüyü üçün hü quq varisi Məhərrəmova Frəngiz Əmirxan qızı ilə əvəz edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 17 noyabr 2023cü il tarixli, 2-1(102)-1631/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, İddiaçı bundan 6 ay əvvəl ölmüşdür. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək, ölmüş şəxsin barəsində qərar qəbul etmişdir. Odur ki, apellyasiya instansiyas ı məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının hüquq varisi X1 iştirakı ilə işə mahiyyəti üzrə təkrar baxılmalıdır.
19. Həmçinin qeyd edilməlidir ki, mübahisə predmeti olan bağ sahəsi ilə bağlı müvafiq sənədlər İddiaçı adına tərtib edildiyindən, yəni hüquq sahibi məhz sonuncu olduğundan, iddiaçı tərəf isə hüquq varisi ilə əvəz edildiyindən, iddia tələbi artıq “hüquqların dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi” kimi deyil, qanuni əsaslar olduğu halda, “hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi” məzmununda təmin edilə bilər. Odur ki, iddia tələbinin qanunvericiliyin tələbinə uyğunlaşdırılması məqsədilə məhkəmə tərəfindən proses iştirakçısı olan iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddia tələb inin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçının hüquq varisi Məhərrəmova Frəngiz Əmirxan qızı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t nömrəli bağın 0,12 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 02 iyul 2024-cü il tarixli, 2-1(103)-1607/2024 nöm rəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204 ç/t nömrəli bağın (0,12 ha torpaq sahəsinin) mərhum İddiaçı məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (elektron çıxarışın) iddiaçının hüquqi varisi Məhərrəmova Frəngiz Əmirxan qızına verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və park-bağ təsərrüfatının inkişafı Departamenti Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə mərhum İddiaçı arasında imzalanmış “Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli, 33394 nömrəl i müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 hektar torpaq sahəsi olan 204 ç/t nömrəli bağ mərhum İddiaçı istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən İdarənin arxivində mövcud olduğu qeyd olunmuş həmin müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
23. Cavabdeh həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olmamışdır. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxil dir. Həmçinin, həmin bağ sahəsi mərhum iddiaçının istifadəsində olmuş və qeyd olunan xx.xx.2004-cü il tarixli, 33394 nömrəli müqavilə isə ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.
24. Müvafiq ünvanda olan bağ sahəsinin mərhum İddiaçı məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, həmçinin həmin bağ sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının hüquqi varisinin təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum iddiaçının adına qeydiyyata alınması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır.
25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşd ırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə is tənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün a şağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqd im olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və m əzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyə t üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlə r inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv e dilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyə tcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması haqqında arayışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyə t və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Hazırkı mübahisəyə münasibətdə daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyı cısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 2021-ci il 28 oktyabr tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və norma tiv hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin vəzifəsidir.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 21(103)-1607/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.