Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2918/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, daxili işlər orqanlarında xidmətə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin qismən ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ##.##.2016-cı il tarixdən daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir və sonuncu xidmət yeri R rütbəsində Daşkəsən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsi olmuşdur.
2. Cavabdehin “Daşkəsən RPŞ-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” ##.##.2024-cü il tarixli, *-**/Ə***/**** nömrəli əmri ilə iddiaçı, Daxili Təhqiqatlar İdarəsinin rəyinə əsasən “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 17 və 22-ci maddələrinin, İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq, tabeliyindəki əməkdaşla lüzumsuz danışıqlara yol verdiyinə, ona xidmət üzrə rəis müavinindən müxtəlif dövlət orqanlarına və xarici ölkələrin səfirliklərinə şikayət etməyi məsləhət gördüyünə, araşdırma zamanı qeyri-səmimiliyə yol verdiyinə, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Daşkəsən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfərləri Şahin Məmmədov və digərlərinin qətiyyətsizliyi üzündən ictimai qaydanı pozan və polisin qanuni tələbinə tabesizlik göstərən vətəndaş Vüsal Süleymanov hadisə yerindən yayınmağa nail olmuşdur. Buna görə aidiyyəti əməkdaşlar Daşkəsən RPŞ-nin ##.##.2023-cü il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. R Şahin Məmmədov intizam tənbehini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək, atası vasitəsilə şöbənin xidmət üzrə rəis müavini Rəşadət Qəhrəmanov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna həqiqətə uyğun olmayan şikayətlər ünvanlamışdır. Bununla yanaşı, sonuncu haqqında sübutlar toplamağa cəhd göstərərək şəxsi heyət arasında pozuculuq fəaliyyəti ilə məşğul olmuşdur. Daşkəsən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi İddiaçı sahənin polis nəfəri Şahin Məmmədova bu işdə dəstək verərək onu xidmət üzrə rəis müavini Rəşadət Qəhrəmanovdan müxtəlif dövlət orqanlarına, o cümlədən xarici ölkələrin səfirliklərinə şikayət etməyə istiqamətləndirmişdir. Polis zabitinə yaraşmayan bu cür hərəkətlərə yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli, *-**/Ə***/**** nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli, *-**/Ə***/**** nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin mart ayından Daşkəsən RPŞ-nin PPX tağımında polis sıravisi rütbəsi ilə xidmətə başlamış, 2017-ci ilin avqust ayından isə həmin şöbənin İTB-də polis sahə rəisi vəzifəsinə təyin edilmişdir, R rütbəsində olmuşdur. İddiaçı xidmət etdiyi dövr ərzində cəmi iki dəfə - polis nəfəri işləyərkən məzəmmət intizam tənbehi, polis sahə rəisi işləyərkən isə töhmət inzibati tənbehi almışdır. İddiaçı 2020-2024-cü illər ərzində heç bir intizam tənbehi almamışdır. Əvvəllər onun tabeliyində xidmət aparmış sahənin polis nəfəri, R Şahin Məmmədov RPŞ-nin xidmət üzrə rəis müavininə işdə qalmasına görə 12000 manat pul verdiyini iddia edərək müxtəlif qurumlara şikayət etmişdir. Bununla bağlı araşdırma aparan DİN-in Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı iddiaçının izahatını alan zaman ona bildirmişdir ki, “Bizdə məlumat var ki, sən Şahin ilə mobil telefon vasitəsi ilə danışmısan və ona bildirmisən ki, müraciətinə baxılmasa ölkə rəhbərliyinə “Yutub” və “Tik-tok” vasitəsi ilə müraciət et, həmçinin yenə də müraciətinə baxılmasa, xarici ölkə səfirliklərinə müraciət et”. İddiaçı həmin əməkdaşa Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 4-cü bəndini xatırlatmışdır. Qeyd edilməlidir ki, Şahin Məmmədov həmin müraciət formalarından heç birindən istifadə etməmişdir. İddiaçı Şahin Məmmədovla nə vaxt danışmasını belə xatırlamır. Həmçinin, vətəndaşa müraciət etmək hüququnu izah etmək daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət hesab edilə bilməz. İddiaçı daha sonra yenidən DİN-nin Daxili Təhqiqatlar İdarəsinə dəvət edilmiş, araşdırma ilə bağlı izahatında dəyişikliklərin olmadığını görmüş, araşdırma materialının arxasında ona “rəylə tanış oldum” ifadəsi yazdırılmış, xidməti vəsiqəsi təhvil alınmışdır. Sonradan isə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyi qeyd olunaraq, onun daxili işlər orqanlarından xaric edilməsi barədə əmr verilmişdir. Halbuki, bunun üçün heç bir sübut və əsas olmamışdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində qeyd edildiyi kimi, müraciət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Əməlində xidməti intizam qaydalarının pozulması varsa belə, onun 2024-cü il ərzində heç bir intizam tənbehi olmadığından, ona digər növ intizam tənbehi verilə bilərdi.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Daşkəsən RPŞ-nin ##.##.2023-cü il tarixli əmri ilə R Şahin Məmmədov, eləcə də digər əməkdaşlar barəsində intizam tənbeh tədbiri görülmüşdür. Sahənin polis nəfəri Şahin Məmmədov intizam tənbehini özünə qarşı qərəzli münasibət kimi qəbul edərək atası vasitəsilə rəis müavini R.Qəhrəmanov barəsində Baş Prokurorluğa həqiqətə uyğun olmayan şikayətlər ünvanlamışdır. Daşkəsən rayon prokurorluğunda aparılan araşdırma zamanı göstərilən xüsusatlar təsdiqlənmədiyindən, toplanmış material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, işin gedişində Daşkəsən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi olan iddiaçı, tabeliyindəki Şahin Məmmədovla lüzumsuz danışıqlara yol verərək, ona xidmət üzrə rəis müavini R.Qəhrəmanovdan müxtəlif dövlət orqanlarına və xarici ölkələrin səfirliklərinə şikayət etməyi məsləhət görmüşdür. Yol verdiyi nöqsanla iddiaçı “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4 və 17-ci maddələrini tələblərini pozduğuna görə Daxili İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli, *-**/****/**** nömrəli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyi üçün xidmətdən xaric edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Ruhiyə Tağıyeva) ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq daxili işlər orqanı, xidməti intizam qaydalarını pozmağa görə polis əməkdaşlarına göstərilən intizam tənbehlərindən birini tətbiq etməkdə səlahiyyət sərbəstliyinə malikdir. Başqa sözlə, göstərilən halda inzibati orqan diskresion səlahiyyətə malikdir. Bu zaman müvafiq daxili işlər orqanı, polis əməkdaşının hərəkətlərinin (hərəkətsizliyinin) xarakterinə uyğun olaraq göstərilən intizam tənbehlərindən birini tətbiq edə bilər. Hazırkı iş üzrə cavabdeh baş vermiş hadisələrlə bağlı araşdırma aparmış və iddiaçının hərəkətinə uyğun olaraq “xidmətdən xaric edilmə” intizam tənbehini uyğun hesab etmişdir. Həmçinin məhkəmə tərəfindən hazırda mübahisələndirilən inzibati aktın qanunsuz olması ilə bağlı hal aşkar edilməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərov) ## ##### 2025-ci il tarixli, 2-1(104)- 124/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tabeliyində olan polis nəfərinə xidmət etdiyi qurumun rəhbər şəxslərindən biri barəsində müxtəlif dövlət qurumlarına əsassız şikayətlər etməsini tövsiyə etmişdir. Həmçinin bununla yanaşı, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadəsi ilə, həmçinin iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı Şahin Məmmədova sosial şəbəkələrə müraciət etməsi ilə bağlı məsləhətlər vermişdir. İddiaçının daxili işlər orqanının əməkdaşı olaraq xidmət göstərdiyi qurum haqqında digər əməkdaşa sosial şəbəkələrdə şikayətlər səsləndirməsinə istiqamət verməsi daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir. ##.##.2024-cü il tarixli, *-**/Ə***/**** nömrəli əmr qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halı aşkar edilməmiş, mübahisələndirilən əmrin qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Maddə 3. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir (İ hissə). Maddə 13. İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır (İ hissə): 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. Maddə 33. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Maddə 34. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (İ hissə) 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;
16. Azərbaycan Respublikasının 2001-ci il ## #### tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə Maddə 108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Maddə 109. Daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. Maddə 114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Maddə 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;
17. Azərbaycan Respublikası Daxili İşlər nazirinin ##.##.2005-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”
5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır.
16. Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir.
17. Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir.
22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin ##.##.2024-cü il tarixli, *-**/Ə***/**** nömrəli əmrinin onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsi hissəsində ləğv olunmasına və bunun üzərindən onun əvvəlki iş yerinə bərpa edilməsinə və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsinə nail olmaqdan ibarətdir.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.