Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2920/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 ASC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tələblərin təmin edilməməsi; üçüncü şəxsin kassasiya şikayəti vermək hüququ; barəsində müstəqil qaydada kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayətin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 ASC-nin Cavabdehnə və üçüncü şəxslər Qədimov Ayəddin Şıxı oğluna və “X2” MMC-yə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair i ş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-324/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərardadından üçüncü şəxs Qədimov Ayəddin Şıxı oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş 07 may 2014-cü il tarixli, 100 nömrəli və 22 iyul 2014-cü il tarixli, 158 nömrəli sərəncamların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-01/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim F.N.Abbasov) iddia “Cavabdeh 22 iyul 2014-cü il tarixli, 158 nömrəli sərəncamının ləğv ed ilməsi” hissəsində mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 2-1(120)01/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-324/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər M.K.Həsənov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və C.F.İmanov) İddiaçı1 ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-01/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır.
5. Üçüncü şəxs Qədimov Ayəddin Şıxı oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-324/2023 nömrəli, 18 sentyabr 2023- cü il tarixli qərardadının ləğv edilməsinə və iddianın “Cavabdeh 22 iyul 2014-cü il tarixli, 158 nömrəli sərəncamının ləğv edilməsi” hissəsində mümkün sayılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. 7. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilmə si və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı: “...
69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdır an prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.
70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır”. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Qədimov Ayəddin Şıxı oğlunun şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. Belə ki, bu qərarın 6-cı bəndində istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
10. Həmin normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından yalnız onların müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verilə bilər. Həmçinin inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilm ədiyi təqdirdə şikayət vermək hüququna malikdirlər.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirilən sərəncam üzrə iddia müddətini ötürməmişdir, dolayısıyla, iddia həmin hissədə mümkündür və mahiyyəti üzrə baxılmalıdır.
12. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardad qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı halda kassasiya şikayəti vermiş üçüncü şəxsin tələblərinin təmin olunmaması nəticəsini doğurmur. Belə ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadının qəbul edilməsi nəticəsində üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması vəziyyəti yaranmamışdır. Odur ki, üçüncü şəxs Qədimov Ayəddin Şıxı oğlunun apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassas iya şikayəti vermək hüququ istisna edilir.
13. Qeyd edilənlərə əsasən, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-324/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qərardadından üçüncü şəxs Qədimov Ayəddin Şıxı oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.