Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2963/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: test imtahanının nəticəsinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs X8 PHŞ) “test tapşırığının cavabının iddiaçının xeyrinə nəzərə alınması və yaş məhdudiyyəti nəzərə alınmadan iddiaçının müsahi bə mərhələsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-560/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 18 dekabr 2022-ci il tarixdə gömrük orqanlarına xidmətə qəbulla əlaqədar olaraq test imtahanında iştirak etmiş və 69 bal toplamışdır. 2. 22 dekabr 2022-ci il tarixdə Apellyasiya Şurasına elektron müraciət edərək test imtahanındakı suallarda olan yanlışlıqlarla bağlı nəticənin yenidən araşdırılmasını xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 07 fevral 2023-cü il tarixdə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, test tapşırıqlarının yanlış olması barədə müraciət araşdırılmışdır. Araşdırma zamanı test tapşırıqlarının hazırlanması və ekspertizası üzrə ixtisaslaşmış qurum olan X4 rəyi öyrənilmişdir. Rəydə imtahan suallarının tərtibində səhv olmadığı bildirilmişdir. Eyni zamanda Apellyasiya Komissiyası tərəfindən qeyd olunan test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmişdir. X4 və aparılmış təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsinə qəbulla bağlı 30 yaş məhdudiyyəti nəzərə alınmadan onu gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilən müsabiqənin müsahibə mərhələsinə keçirilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə gömrük orqanlarına xidmətə qəbulla əlaqədar keçirilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş və mümkün 100 baldan 69 bal toplamışdır. Müsabiqənin müsahibə mərhələsinə keçmək üçün tələb olunan keçid balı 80 baldan 70 bala endirilmişdir. İddiaçı hesab edir ki, test imtahanında tərtib olunmuş bir neçə sualın tərtibatında, mətnində, cavablarında və variant saylarında yanlışlıq olmuşdur və bu da onun nəticəsinə təsir göstərmişdir. Əgər yanlış tərtib olunmuş sual ların hamısı iddiaçının xeyrinə düzgün cavab olaraq qəbul edilsəydi, iddiaçı test imtahanı mərhələsində tələb olunan 70 keçid balını keçmiş olacaqdı. xx.xx.2022-ci il tarixdə test imtahanının cavabları açıqlanmışdır. DGK-nın saytında hər imtahan vermiş namizədin elektron kabinetinə yalnız namizədin imtahanda topladığı balın sayı qeyd edilmiş, hansı suala yanlış cavabların verilməsi, yanlış cavab verilmiş sualda hansı variantın DGK tərəfindən düzgün olaraq qəbul edilməsi barədə isə heç bir məlumat yerləşdirilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə həm customs.gov.az saytındakı elektron müraciətlər bölməsindən, həm də Elektron ünvan e-mail ünvanına DGK-da yaradılmış apellyasiya şurasına imtahan suallarında yanlışlıqların olması səbəbindən imtahan nəticəsindən narazı olmağı barədə eyni məz munda elektron müraciət ünvanlamışdır. Bundan əlavə heç bir cavab gəlmədiyini görərək Dövlət Gömrük Komitəsinin Sədrinə xx.xx.2023-cü il tarixdə customs.gov.az saytındakı elektron müraciətlər bölməsindən elektron, xx.xx.2023-cü il tarixdə isə eyni məzmunlu məktubla yazılı müraciət edərək imtahan suallarında olan yanlışlıqları nəzərə alaraq müsahibə mərhələsinə keçirilməyini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2023-cü il tarixli iddiaçıya müsahibə mərhələsinə keçirilməyindən imtina edilməsi barədə rəsmi cavab vermişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7744/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X8 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə təqdim edərək gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında onun qeyd etdiyi cavabın xeyrinə nəzərə alınması və iddiaçının yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılmağı vəzifəsinin Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7744/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vətəndaşın inzibati qaydada müraciətinə ünvanlanmış cavab məktubunda qeyd edildiyi kimi Komitə xidmətə qəbulla bağlı elan edilmiş müsabiqə nin test imtahanı mərhələsində istifadə edilən məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünyagörüşünün yoxlanılması üzrə test tapşırıqlarının yanlış olması barədə müvafiq araşdırma aparmışdır. Aparılmış araşdırma zamanı test tapşırıqlarının hazırlanması və ekspertizası üzrə ixtisaslaşmış qurum olan X4 də rəyi öyrənilmiş, həmin rəydə imtahan suallarının tərtibində səhv olmadığı bildirilmişdir. Bununla yanaşı obyektivliyin təmin edilməsi məqsədilə Komitənin Apellyasiya Komissiyası tərəfindən istər gömrük qanunvericiliyinə aid suallar üzrə, istərsə də qeyd olunan test tapşırıqlarının yenidən ekspertizasının keçirilməsi təşkil edilmiş, təkrar ekspertizanın rəyinə uyğun olaraq Apellyasiya Komissiyası müraciətdə qeyd olunan test tapşırıqlarında imtahan nəticəsinə təsir göstərə biləcək səhvlərin olmadığı barədə qərar qəbul etmişdir (25 yanvar 2023-cü il tarixli 01 nömrəli Protokol).
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7744/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında İddiaçı qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məntiqi təfəkkürün və Azərbaycanda baş verən mühüm tarixi hadisələrə dair dünya görüşünün yoxlanıl ması ilə bağlı 96-cı test tapşırığında qeyd olunan “fərqli olanı seç” şərtinə əsasən bütün cavablar hər hansı cəhətdən qiymətləndirilməli və həmin qiymətləndirilmə üsuluna görə 4 cavabdan 3-ü uyğunluq, biri isə fərqlilik təşkil etməlidir. Cavabdeh tərəfindən müvafiq test tapşırığının cavabının A variantı olmasına dair əsaslandırma təqdim olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müvafiq test tapşırığın cavabının C olmasına dair məntiqi əsaslandırma təqdim olunmuşdur. İddiaçının əsaslandırılması test tapşırığının “şəxslə müəyyən əlaqədə (münasibətdə) olan adamları (insanları) birləşdirilməsindən” irəli gələn qiymətləndirmə ilə bağlıdır. Yəni iddiaçı bildirir ki, “baba, dost və düşmən”lə şəxsi münasibətlər, “müştəri” ilə digərlərindən fərqli olaraq xidməti münasibətlər mövcuddur, bu da onu n fərqləndirici əlamətidir. Cavabdeh qurumun əsaslandırılması isə digərlərindən fərqli olaraq “baba”nın qohumluq münasibətləri ilə (genetik) bağlı olması ilə şərtlənir. Lakin məhkəmə hesab edir ki, cavabdehin, eləcə də mütəxəssisin dəlilləri iddiaçı tərəfindən təqdim edilən əsaslandırmanın yanlış olması və ya məntiqi təfəkkürə uyğun olmamasını istisna etmir. Odur ki, konkret halda test tapşırığının cavabları dəqiq və birmənalı deyil. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən seçilmiş cavabın da məntiqi əsaslandırılması təkzib edilə və ya yanlış olduğu iddia edilə bilməz.
12. Sualın şərti və cavabları qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi Qaydaların 5.4.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavablarının dəqiq, aydın və birmənalı olmas ı tələbinə uyğun deyildir. İddiaçı test tapşırığı üzrə cavabını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir. Odur ki, qeyd edilən test tapşırığının cavabı iddiaçının xeyrinə nəzərə alındığı təqdirdə, o, minimum keçid balını (70) toplamaqla (hazırda 69 bal toplayıb) müsabiqənin növbəti müsahibə mərhələsinə keçid hüququ əldə etmiş olur və bu zaman yaş məhdudiyyəti ondan asılı olmayan səbəblərdən ötürülmüş olur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-560/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərarı ilə ( hakimlər X3 (məruzəçi), X5 və X2) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7744/2023 saylı 10 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 mütəxəssisinin “test imtahanında istifadə olunan mübahisəli 96-cı test tapşırığına dair 24 iyul 2023-cü il tarixli rəyindən göründüyü kimi, “baba” sözünün digər sözlərdən fərqli olması - həm ümumi, həm fərdi, həm də fonetik-morfoloji baxımdan, hərtərəfli təhlilli verilmişdir. İddiaçının isə bu təhlili təkzib edə bilən hər hansı əsaslandırması, sair sübutetmə vasitəsi mövcud deyildir. Başqa sözlə, həmin test tapşırığının səhv olduğunu deməyə əsas verən hər hansı bir aydın olma yan məqam və elementlərin mövcudluğu müəyyən olunmur. İddiaçının həmin test tapşırığının səhv olduğunu, onun fərqli söz kimi seçdiyi “müştəri” sözünün də düzgün cavab qiymətləndirilməsinin mümkün olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə, mütəxəssis rəyinə səthi yanaşmış, hüquqi qiymət verilməmiş, əsaslandırma iddiaçının ziddiyyətli mülahizəsi əsasında qurulmaqla, istinad etdiyi qanunvericiliyin tələblərindən kənarlaşmış, beləliklə də, iddianın təmin edilməsi barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, “Gömrük orqanlarında xidmətə müsabiqə vasitəsi ilə qəbul qaydaları haqqında” Təlimata istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 11-ci bəndini, “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında” Təlimatın 5.4.2-ci və 5.4.5-ci bəndlərini pozmuşdur. Məlum olduğu kimi iddiaçıya gömrük orqanlarına xidmətə qəbulla əlaqədar müsabiqədə aşağıdakı məzmunda sual düşmüşdür: “Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən xüsusiyyətinə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın: a) Baba b) Dost c) Düşmən d) Müştəri”. İddiaçı bu suala “D) müştəri cavabı vermişdir ki, işin mübahisəsiz halı odur ki, bu cavab da doğrudur. Cavabdeh Gömrük Komitəsi yalnız “A” cavabını qəbul etmək və nəticədə iddiaçının cavabını səhv saymaqla “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 11-ci bəndini, “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında” Təlimatın 5.4.2-ci və 5.4.5-ci bəndlərini pozmuşdur. Həmçinin cavabdehin xeyrinə qərar qəbul edən apellyasiya instansiyası məhkəməsi də bu maddi normaları pozmuşdur.
19. Daha sonra qeyd edilir ki, iş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan məhkəməyə iddiaçının düzgün cavab olaraq seçdiyi “d) Mü ştəri” cavabının düzgün olmasını təkzib edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Yəni imtinasının dəlillərini sübut etmək vəzifəsi daşıyan cavabdeh bunu edə bilməmişdir. Qeyd edildiyi kimi iddiaçının seçdiyi “d) Müştəri” cavabı düzgündür. Belə ki, sualın tələbi budur: Fərqli sözü tapın. Baba, dost və düşməndən fərqli olaraq müştəri insanın biznes fəaliyyəti, yaxud xidmət sahəsində göstərdiyi fəaliyyət nəticəsində münasibətinin yarandığı şəxsdir, müştəri ilə xidməti(iş) münasibət mövcuddur. Digər 3 bənddə göstərilən şəxslərin heç biri insanın peşəsindən asılı olmadan onunla müsbət və ya mənfi münasibətdə olan şəxslərdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasn amə” Ümumi müddəalar
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
21. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı
5. Komitənin fəaliyyətinin təşkili... 5.6. Sədr:... 5.6.19. gömrük orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir;
22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 dekabr 2022-ci il tarixli 1000/284 nömrəli Sərəncamı i lə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında” Təlimat
5. Test bankının hazırlanması 5.1. Test imtahanında istifadə olunan test tapşırıqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun olaraq hazırlanır. 5.2. Gömrük orqanlarında xidmətə qəbul məqsədilə keçirilən test imtahanını test tapşırıqları ilə təmin etmək üçün konfidensiallıq qorunmaqla test bankı (bundan sonra-Test Bankı) formalaş dırılır. 5.3. Test Bankına daxil edilən test tapşırıqlarının aşağıdakı növləri var: 5.3.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 5.3.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 5.3.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar 5.4. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 5.4.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 5.4.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 5.4.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə gös tərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 5.4.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 5.4.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, hazırkı iş üz rə iddiaçının hüquqi marağı gömrük orqanlarına işə qəbul imtahanı zamanı 96-cı sualda qeyd etdiyi cavabın düzgün cavab olaraq qəbul edilməsi və yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılmasına yönəlmişdir.
28. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti əsasında iddiaçının iddia tələbini rədd edərkən X4 mütəxəssisinin “test imtahanında istifadə olunan 96-cı test tapşırığına dair 24 iyul 2023-cü il tarixli rəyinə əsaslanmış və bildirmişdir ki, həmin test tapşırığının səhv olması ilə bağlı iddiaçının mövqeyi qəbul edilə bilən deyil.
29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
30. Məntiq – hər bir insanın düzgün düşü nə bilməsidir. Düşünmək öz-özünə mübahisə etmək deməkdir. Seçilən cavabın niyə məhz həmin cavab olmasını yəqinləşdirən fikirlərin hamısı məntiqin özüdür. Məntiqi təfəkkür özündə səbəb nəticə əlaqəsinin tapılmasını, problemin sadə yolla həllini, prosesin başlanğıcının və sonunu müəyyənləşdirməyi, faktlar əsasında mühakimə yürütməyi və əsaslandırmağı əks etdirir.
31. Elm məntiqi xətaların da baş verməsini istisna etmir. Məntiq xətası arqumentlərin söyləyən zaman fikirləri etibarsız edən və zəif arqumentlər əsasında çıxarılmış yanlış nəticələrdir. Məntiq xətası nəticəyə gələrkən fikirlər arasında yanlış əlaqə qurulduqda və zəif arqumentlər əsasında yanlış nəticə çıxarıldıqda baş verir.
32. Yuxarıda qeyd edilən halları hazırkı iş üzrə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının 96- cı testlə bağlı gəlmiş olduğu nəticə məntiqi təfəkkürə uyğun olmuşdur.
33. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən müvafiq test tapşırığının cavabının A variantı olmasına dair əsaslandırma təqdim olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müvafiq test tapşırığın cavabının D olmasına dair məntiqi əsaslandırma təqdim olunmuşdur. İddiaçının əsaslandırılması test tapşırığının “şəxslə müəyyən əlaqədə (münasibətdə) olan adamları (insanları) birləşdirilməsindən” irəli gələn qiymətləndirmə ilə bağlıdır. Yəni iddiaçı bildirir ki, “baba, dost və düşmən”lə şəxsi münasibətlər, “müştəri” ilə digərlərindən fərqli olaraq xidməti münasibətlər mövcuddur, bu da onun fərqləndirici əlamətidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının seçdiyi cavab variantında məntiq xətası da mövcud deyildir.
35. Cavabdeh qurumun təqdim etdiyi əsaslandırmada cavabın “baba” kimi qəbul edildiyi qeyd edilmiş və bildirilmişdir ki, digər variantlardan fərqli olaraq “baba” qohumluq münasibətləri ilə (genetik) bağlıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə, cavabdehin, eləcə də mütəxəssisin dəlilləri iddiaçı tərəfindən təqdim edilən əsaslandırmanın yanlış olması və ya məntiqi təfəkkürə uyğun olmamasını istisna etmir. Odur ki, konkret halda test tapşırığının cavabları dəqiq və birmənalı deyil. Belə ki, qeyd edildiyi kimi iddiaçı tərəfindən seçilmiş cavabın da məntiqi əsaslandırılması təkzib edilə və ya yanlış olduğu iddia edilə bilməz.
37. Bəhs olunanlara əsasən iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-560/2024 qərarı ləğv edilsin. İddia təmin edilsin. Gömrük orqanlarına xidmətə qəbulla əlaqədar xx.xx.2022-ci il tarixdə keçirilmiş test imtahanının C variantında verilmiş 96 nömrəli test tapşırığında İddiaçı qeyd etdiyi cavabın onun xeyrinə nəzərə alınması və yaş məhdudiyyəti nəzərə alınmadan müsabiqənin müsahibə mərhələsinə buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərar qətidir.