Məhkəmə qərarları › İş №2-1(102)-2966/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2966/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2966/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə əmək pensiyası, sığorta stajı (iş № 2-1(102)-2966/2019) Bakı şəhəri 19 noyabr 2019-cu il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X13, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 15 fevral 2017-ci il tarixdən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1711/2019 saylı, 23 iyul 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə İddiaçı xx xxxxxx 1962-ci ildə anadan olmuş, Bakı şəhəri, N ərimanov rayonu, 10-cu köndələn ünvanında qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya 15 fevral 2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 29 dekabr 1980-ci il tarixli əmək kitabçasına əsasən 12.02.1980-ci ildən 01.10.1980-ci ilədək, 18.02.1981-ci ildən 16.09.1982-ci ilədək, 01.07.1985-ci ildən 19.08.1987-ci ilədək, 17.11.1988-ci ildən 31.08.1990-cı ilədək, 01.09.1990-cı ildən 30.12.1992-ci ilədək, 04.01.1995-ci ildən 03.02.2003-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 10 dekabr 1998-ci il tarixli əmək kitabçasına əsasən 10.12.1998-ci ildə “xxxx” ASC-nin Binəqədi rayon Agentliyində sığorta agenti vəzifəsinə işə qəbul edilmiş, 06.06.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya ünvanladığı 29 mart 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim edilmiş şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1962-cı il təvəllüddür, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 13 il 04 ay sosial sığorta stajına qarşı 10 il 04 ay sığorta stajı olduğundan, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. 1 aprel 1997-ci il tarixdən 3 fevral 2003-cü il tarixədək olan ödənişsiz məzuniyyətdə olduğu dövr sosial sığorta stajına daxil edilmir. Cavabdehin pensiya sektorunun məsləhətçisi X5, Sosial sığorta sektorunun məsləhətçisi X2, Ulduz EİB baş direktoru X3 iştirakları ilə tərtib edilmiş aktın təsdiq edilmiş surətindən görünür ki, sosial sığorta stajının müəssisədə (təşkilat, arxiv) saxlanılan əmək haqqı ödəniş sənədlərinə (cədvəllərinə), məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçotu kitabına, T2 şəxsi vərəqələrinə və əmrlər kitabına əsasən qarşılıqlı yoxlama zamanı müəyyən edildi ki, iddiaçı həqiqətən də, 17.11.1988-ci il tarixində Ulduz zavodunda qablaşdırıcı-sementləşdirici vəzifəsinə işə qəbul edilib, 01.04.1997-ci il tarixdən 16K nömrəli əmrlə öz hesabına məzuniyyətə göndərilib. İddiaçı 27 fevral 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 15 fevral 2017-ci il tarixdən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəra r qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə 18 yaşı tamam olmamış başlamış, ümumilikdə 18 ildən artıq əmək stajı var. Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən ona 15 fevral 2017-ci il tarixdən ümumi xəstəliklə əlaqədar (göz xəstəliyi) ikinci qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12.1, 30.1, 31.2, İnzibati Prosessual Məcəllənin 39, 73, 75-ci maddələrinə istinad edərək cavabdehin imtinasını əsassız hesab edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4 2-1(82)-1442/2019 saylı iş), 13 may 2019-cu il tarixli qərarı ilə iddia təmin olunaraq iddiaçıya 15.02.2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci i nstansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit etmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun (1 iyul 2017-ci ilədək olan redaksiyası) 12-ci maddəsi ilə müəyyən edilmiş əsaslar vardır. 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin13 may 2019-cu il tarixliqərarı ilərazılaşan BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X9-məruzəçi, X10 və X11, 2-1(103)-1711/2019 saylı iş) 23 iyul 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci inst ansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 1 avqust 2019-cu il tarixdə qərarın surətini almış, 21 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının Şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 13 il 04 ay sosial sığo rta stajına qarşı 10 il 04 ay sığorta stajı olduğundan, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq aydın şəkildə görünür ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hesab edir ki, zəruri staja malik olduğundan, onun əlilliyə görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin mövqeyinə görə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 13 il 4 ay sığorta stajı əvəzinə 10 il 4 ay stajı mövcud olduğundan onun əlilliyə görə pensiya hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri vardır. Əmək pensiyasının təyin edilməsi növü hazırkı işdə əlilliyə görədir. İddi açının əlilliyi 15 fevral 2017-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan pensiya qanunvericiliyinə əsasən mübahisə həllini tapa bilər. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddətimüvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx xxxxxx 1962-ci ildə doğulduğundan və 15 fevral 2017-ci ildə əlillik yarandığından, bəhs olunan normaya görə iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün (15.02.2017-xx.xx.1962=54 yaş 3 ay-15 yaş=39 yaş 3 ay x 4 ay staj=13 il 3ay) 13 il 3 ay sığorta stajına malik olmalıdır. İddiaçının əmək kitabçasında olan məlumatlara əsasən, onun 1980-2003-cü illərdə müəyyən fasilələrlə işlədiyi dövr nəzərə alınmaqla 13 il 3 aydan çox sığorta stajı mövcud olmuşdur. İddiaçının 1980-1992-ci illərdə işlədiyi vaxt qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndində əmək stajını təsdiq edən sənəd kimi əmək kitabçası göstərilmişdir. İddiaçının 1992-2006-cı illərdə işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən ləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlə tlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Odur ki, mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut qədim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə müraciət edən zaman o, 13 il 3 aydan çox sosial sığorta stajına malik olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1711/2019 saylı, 23 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar