Məhkəmə qərarları › İş №2-1(102)-2969/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2969/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2969/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,0374 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2007-ci il tarixli, **** nömrəli rəyi, həmçinin Abşeron rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Buna dair iddiaçının adına A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

3. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək ## ### 2023-cü il tarixli məktubla bildirmişdir, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0374 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi Idarəsinə ## #### 2022-ci il və ## ### 2023-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0374 ha torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsinin təyinatını müəyyən etməyin mümkün olmadığı aşkarlanmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 0,0374 ha torpaq sahəsinin ************ reyestr nömrəli çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən 0,0066 ha hissəsi istisna olmaqla, qalan 0,0308 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini bu qərarın 1-3-cü bəndlərində qeyd olunanlara uyğun əsaslandırmışdır.

6. Cavabdehin iddia ərizəsinə yazılı etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.

7. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 0,0374 ha torpaq sahəsinin ************ reyestr nömrəli çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən 0,0066 ha hissəsi istisna olmaqla, qalan 0,0308 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarına əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2007-ci il tarixli, **** nömrəli rəyi, həmçinin Abşeron Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. 8.2. “xxxx” ASC tərəfindən tərtib edilmiş ## #### 2022-ci il tarixli məktubda mübahisə predmeti olan, İddiaçı ayrılmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsinin 10 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi və elektrik xəttinin istismarına heç bir maneçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Təqdim olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. Cavabdehin apelyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0374 ha torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; 2. sözügedən torpaq sahəsinin təyinatını müəyyən etməyin mümkün olmadığı; 3. Ərazi Idarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində faktiki olaraq 0,0374 ha torpaq sahəsinin (0,0066 ha hissəsinin başqa sənədlə üst-üstə düşdüyü–məhkəmə tərəfindən bu hala münasibət bildirirlib) 0,0279 ha hissəsinin digər şəxsin faktiki istifadəsində olduğu, 0,0095 ha hissəsinin isə avtodayanacaq ilə üst-üstə düşdüyü qeyd edilmiş, məhkəmə tərəfindən son iki hala münasibət bildirmədiyi. 11.2. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün 2 metr müəyyən edilir. Işdə olan “xxxx” ASC tərəfindən tərtib edilmiş ## #### 2022-ci il tarixli məktubda İddiaçı ayrılmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsinin 10 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi və elektrik xəttinin istismarına heç bir maneçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. 11.2. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarına əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ###### 2007-ci il tarixli, **** nömrəli rəyi, həmçinin Abşeron Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ## ###### 2006-cı il tarixli, *** nömrəli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bundan əlavə, indiki halda torpaq sahəsi naturada mövcuddur, habelə ona dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən torpaq sahəsinin təyinatının müəyyən edilməməsi halına istinad edilməklə iddiaçının mövcud olan hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin (mütənasiblik) tələbinə zidd olmuşdur. Birinci instansiya məhkəməsinin sorğularına əsasən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsünün 0,0374 ha olduğu; torpaq sahəsinin 0,0066 ha hisssəsinin ************ reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü; şimal-şərq və cənub-şərq istiqamətlərindən keçən 10 kv-luq elektrik xətlərinin bir hissəsinin kəsildiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Abşeron rayonu Xırdalan bələdiyyəsinin iddiaçı İddiaçı ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0374 ha torpaq sahəsinin koordinatları qeyd olmadığından sualın cavablandırılması mümkün olmamışdır; Abşeron rayonu Xırdalan bələdiyyəsinin iddiaçı İddiaçı ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0374 ha torpaq sahəsinin koordinatları olmadığından, ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır; Elektron məlumat bazasına əsasən ləğv edilmiş DT və XK tərəfindən İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə ************ reyestr nömrəli çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən hissəsi 0,0066 ha təşkil edir; Müayinə edilən torpaq sahəsi ilə bağlı mübahisə olub-olmaması barədə sualın cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. 11.3. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh orqanın ## ###### 2023-cü il tarixli məktubu ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışlar və onun verilməsinə əsas olmuş sənədlər həm birinci instansiya məhkəməsinə, həmçinin apellyasiya məhkəməsinə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna, vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan, yolverilməz olduğu da nəzərə alınmalıdır. 11.4. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər əsasında məlum olmuşdur ki, İddiaçı ayrılmış 0,0374 ha torpaq sahəsinin 0,0279 ha hissəsi “xxxx” MTK tərəfindən faktiki olaraq zəbt edilmiş, həmin hissə hasara alınmışdır. Bundan əlavə, torpaq sahəsinin 0,0095 ha hissəsində isə avtodayanacaq yaradılmışdır. Bu hallar torpaq sahəsinin fiziki istifadəsində mövcud olan problemləri göstərsə də, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və qanuni əsasını dəyişdirmir. Beləliklə, faktiki istifadə məsələləri mülkiyyət hüququndan ayrı, ayrıca mübahisə predmetidir və hazırkı iş üzrə əsaslı təsirə malik deyil. Həmçinin, mübahisəli əraziyə yerli baxış təyin edilsə də, mütəxəssis və tərəflərin iştirak etməməsi səbəbindən yerli baxışın keçirilməsi mümkün olmamış, lakin yuxarıda qeyd edilən hal kollegiyanın əraziyə müşahidəsi əsasında da öz təsdiqini tapmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən də görünür ki, hazırkı iş üzrə iddiaçı İddiaçı “xxxx” MTK-ya qarşı “Abşeron rayonu Xırdalan Bələdiyyəsinin ##.##.2007-ci il tarixli *** saylı qərarı ilə ayrılmış Xırdalan bələdiyyəsi ərazisində yerləşən, İddiaçı məxsus 0,0308 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması, torpaq sahəsinin cavbadehin hesabına boşaldılması, qeyri-qanuni inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin üçüncü dəlili də əsassız olmuşdur.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayəti imtina, iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: ... bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; ...

6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. … Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları … 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. … 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

19. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. …

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları:

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Istifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.

22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış 0,0374 ha torpaq sahəsinin ************ reyestr nömrəli çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən 0,0066 ha hissəsi istisna olmaqla, qalan 0,0308 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar