Məhkəmə qərarları › İş №2-1(102)-2971/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2971/2019

29.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2971/2019 29.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin təyinatı. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaç ı, üçüncü şəxsin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-967/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 05.07.2017-ci il tarixli **********51 saylı məktubu ilə Suraxanı rayonu, Qum adası bağ massivi ünvanında yerləşən 25a saylı bağ sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia t ələbi onunla əsaslandırılmışdır ki, həmin bağ sahəsi 1988-ci ildə “Qum Adası” NQÇİ “Bahar” bağçılıq yoldaşlığının qərarına əsasən ona ayrılmışdır. Orada ev inşa edilmişdir və iddiaçı 1988ci ildən həmin evdə yaşayır. Bütün kommunal xərclər (elektrik enejisi, qaz və s. üzrə) onun tərəfindən ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı, 12 iyun 2018-ci il tarixli qərarı ilə (hakim - R.L.Kərimli) iddia tələbi təmin edilməmişdir. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, alınmış mütəxəssis rəyində iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin “Bahar” bağçılıq yoldaşlığına ayrılan ərazi hüdudlarında yerləşdiyinin müəyyən olunmaması, eləcə də bağ sahəsinin Abşeron neft OC-nun ərazisi hüdudlarında olmasının müəyyən edilməsi bildirilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2374/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı, 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə olduğu kimi razılaşmışdır. İddiaçı daha sonra həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)347/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – S.Ə.Hüseynova və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2374/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-967/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – İ.B.Əhmədov və V.M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, həmin bağ sahəsi 1988-ci ildə “Qum Adası” X5 İdarəsi tərəfindən iddiaçıya ayrılmış və "Bahar” bağçılıq yoldaşlığının Qərarına əsasən həmin bağ sahəsi iddiaçıya verilmişdir. İddiaçı ayrılmış bağ sahəsində yaşayış binası inşa edərək 1988-ci ildən həmin bağ sahəsində yaşayır. Həmin vaxtdan elektrik enerjisinin, qaz pulunun, su haqqını, ev telefonu abunə haqqını müvafiq təşkilatlarla bağlanmış müqavilələrə əsasən ödəyir. Zığ Bələdiyyəsinə müvafiq ödənişləri aparır. “Qum Adası” X5 İdarəsi tərəfindən torpaq sahəsi ayrılarkən boş sa hədə hər bir bağçılıq üzvünə püşkatma yolu ilə torpaq sahəsi ayrılaraq, xırda dirəklərlə sahələrin sərhəddi müəyyən edilmişdir. İddiaçının və bağ sahəmin dörd bir tərəfi digər bağçılıq üzvləri tərəfindən abadlaşdırılaraq bağ evləri inşa edilmişdir. Azərbaycan Respublikası İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərində mübahisə edilən bağ sahəsinin hansı ərazidə yerləşməsinin müəyyən edilməsi göstərişi qoyulsa da, apellyasiya instansiyası məhkəməsi yeni baxışda buna əməl etməyərək hesab etmişdir ki, iddiaçıya ayrılan bağ sahəsi sənaye əhəmiyyətli torpaq sahələrinə aiddir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, qeyd edilən bağ sahəsi “Qum Adası” X5 İdarəsinin "Bahar” bağçılıq yoldaşlığının "V” blokunda yerləşdiyi göstərilmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin torpaq sahələri Bakı şəhəri İcraiyyə Komitəsinin Qərarına əsasən "Qum Adası” X5 İdarəsi tərəfindən "Bahar" bağçılıq yoldaşlığı üzvlərinə paylanmışdır. Bundan başqa, qərarın 5-ci vərəqində rəydə aşağıdakıların bildirildiyi göstərilmişdir: - müraciətlə bağlı torpaq sahəsinə yerində baxış keçirilmiş, göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Göstərilən torpaq sahəsi 690 kv.m. olmaqla üzərində tikili vardır. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin elektron bazasında dəqiqləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddia edilən və göstərilən torpaq sahəsi “Qum Adası” X5 İdarəsinin “Bahar” bağçılıq yoldaşlığının "V" blokunda yerləşir. Bağçılıq yoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizi təqdim olunmadığından, göstərilən sahənin 25a saylı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə tərəfindən Bağçılıq yoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizinin təqdim olunmasının tələb olunması üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclaslarında yazılı vəsatət verərək Bağçılıq yoldaşlığının sənədlərinin təqdim edilməsinin təmin olunmasını xahiş etsələr də, apellyasiya məhkəməsi vəsatətə əhəmiyyət verməmişdir. Bundan başqa, iddiaçının dediklərini şahid X3 da (b ağçılıq yoldaşlığının rəhbəri) təsdiq etsə də, məhkəmə şahidin dediklərindən yola çıxaraq işi geniş araşdırmağa meyl göstərməmiş, cavabdeh inzibati orqandan sənədləri tələb edə bilməmişdir. Bunlarla yanaşı, işə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft şirkətinin nümayəndəsi məhkəməyə xəritə təqdim edərək guya mübahisəli bağın qeyd edilən “V” blokuna düşmədiyi bildirmişdir. Məhkəmə kollegiyasına işin daha dəqiq araşdırılması üçün ekspertizanın təyin edilməsi barədə vəsatət verilsə də, kollegiya mübahisəli bağ sahəsinin hansı ərazidə yerləşməsini müəyyən etmək istəməmişdir. Halbuki, iddiaçı tərəf etiraz edərək bağ sahəsinə üzvlük biletinin hazırda da qüvvədə olduğunu bildirmişdir. Həmçinin, Mütəxəssis rəyinin 2-ci bəndində göstərilmişdir ki, 1 saylı Bakı şəhər Ərazi İdarəsinin və “xxxx” MMC-nin elektron bazasına əsasən iddia edilən və göstərilən torpaq sahəsinə kiməsə texniki və hüquqi sənədin verilməsi barədə məlumat yoxdur, iddia edilən və göstərilən torpaq sahəsinin yaxınlığında magistral yol aşkar olunmamışdır. Belə olan halda, apellyasiya məhkəməsinin hansı əsasla sahənin sənaye əhəmiyyətli torpaq sahəsi olduğu qənaətinə gəldiyi qeyrimüəyyəndir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 05.07.2017-ci il tarixli **********51 saylı məktubunda göstərilmişdir ki, guya Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Lakin bu siyahının kim tərəfindən və nə vaxt təqd im edilməsinin göstərilməməsi sübut edir ki, bu sırf yalan məlumatdır. Göstərilən məktubda qeyd edilmişdir ki, bağ sahəsi Azərbaycan Respublikası Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.05.2018-ci il tarixli rəyində isə göstərilir ki, bağ sahəsinin yaxınlığında magistral yol aşkar olunmamışdır. Bu faktın özü də 05.07.2017-ci il tarixli **********51 saylı məktubun qərəzli, yalan məlumatlarla dolu tərtib edildiyini sübut edir. Tərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilməd ən baxılmışdır İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla m üəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, a pellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən isə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eləcə də kassasiya məh kəməsinin hüquqi mövqeyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Abşeron Neft CO-nun ərazisi hüdudlarında olmaqla sənaye təyinatlı torpaqlara aiddir. Məhkəmə bu zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 may 2018-ci il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi iddiaçının tələb etdiyi bağ sahəsinin Abşeron Neft CO-nun ərazisi hüdudlarında olmaqla sənaye təyinatlı torpaqlara aid olmasına dair nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, apellyasiya məhkəməsi bu halın aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ek spertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Belə olan halda, xüsusi bilik tələb edən məsələ üzrə müvafiq ekspert rəyi olmadan məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. İPM-in 1.2-ci maddəsindən hərəkətlə MPM-in 81-ci maddəsində müəyyən olunmuş qaydaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd olunan normalarını nəzərə almaqla təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının iddia etdiyi torpaq sahəsinin Abşeron Neft COnun ərazisi hüdudlarında olmaqla sənaye təyinatlı torpaqlara aiddiyyətinin yalnız dövlət torpaq kadastrının məlumatlarına əsasən verilmiş müvafiq ekspert rəyi ilə müəyyən edilə biləcəyi ni nəzərə almaqla bu məsələyə dair ekspert rəyinin alınmasını təmin etməlidir. Bu həm də ona görə əhəmiyyətlidir ki, məhkəmənin istinad etdiyi mütəxəssis rəyi öz daxilində də ziddiyyətlidir. Belə ki, həmin rəyin birinci bəndində mübahisəli torpaq sahəsinin “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi bildirilsə də, üçüncü bənddə sahənin Abşeron Neft CO-nun ərazisi hüdudları daxilinə düşdüyü göstərilmişdir. Bundan başqa, mütəxəssis rəyində sahənin Abşeron Neft CO-nun ərazisi hüdudları daxilində yerləşdiyi nəticəsinə elektron baza məlumatlarına əsasən gəlinmişdir. Apellyasiya məhkəməsi sözügedən halları hərtərəfli araşdırmalı, sahənin “Bahar” bağçılıq yoldaşlığına ayrıldığını, iddiaçıya bununla bağlı məhz həmin bağçılıq tərəfindən sənədlər verildiyini nəzərə al maqla məsələnin dəqiq müəyyənləşdirilməsini təmin etmək üçün “Bahar” bağçılıq yoldaşlığına aid sənədləri əldə edib tədqiq etməlidir. İşin hallarının düzgün müəyyənləşdirilməsi üçün bu həm də ona görə vacibdir ki, məhkəmədə şahid qismində dindirilmiş X3 27 oktyabr 1987-ci il tarixdə 20/396 saylı Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə bağçılıq təsərrüfatının yaradılması üçün Serebrovski adına NQÇİ-yə 13 ha torpaq sahəsinin ayrıldığını, bununla bağlı həmin NQÇİ nəzdində 1987-ci ildə “Bahar” bağçılıq yoldaşlığının yaradıldığını və 1988-ci ildə iddiaçıya sözügedən bağçılığın ərazisindən torpaq sahəsinin verildiyini bildirmişdir. İddiaçı vəsatət verərək bununla bağlı bu və digər məsələlərin araşdırılmasını tələb etsə də (i.v.132), məhkəmə həmin vəsatətdən irəli gələn məsələlərin ar aşdırılmasını əsassız olaraq təmin etməmişdir. Halbuki, həmin vəsatətdə göstərilən sənədlərin əldə edilməklə tədqiq olunması işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olmuşdur. Odur ki, təkrar apellyasiya baxışı zamanı işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün bütün zəruri addımlar atılmalı, o cümlədən vəsatətdə göstərilən sənədlər əldə edilməklə tədqiq olunmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, kassasiya məhkəməsi özünün əvvəlki qərarında da bununla bağlı verdiyi göstərişində qeyd etmişdi ki, “Bahar” bağçılıq yoldaşlığının məhkəmə iclasında iştirakı təmin edilməli, iddiaçının sonradan bağçılığın üzvlüyünə qəbul edilməsinə dair araşdırma aparılmalıdır. Məhkəmənin bu göstərişi o haldan irəli gəlmişdi ki, cavabdeh hüququ qeydə almaqdan imtina edərkən həm də ona istinad etmişdi ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Kassasiya məhkəməsi isə əvvəlki qərarında bununla bağlı qeyd etmişdir ki, “Bahar” bağçılıq yoldaşlığının 25 may 1992-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı istifadəsinə bl “B” 25a saylı bağ sahəsi ayrılaraq ona 15 may 1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verildiyindən 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin siyahıda təbii olaraq iddiaçının adı olmayacaqdı. Məhkəmə həmçinin Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixdə 20/396 saylı qərarında “Azneft” İB-nin ərazisindən bağçılıq üçün sahənin ayrıldığını da nəzərə almalı, məhz bu səbəbdən elektron bazada sahənin sənaye təyinatlı s ahə kimi qalmasının mümkünlüyünü yoxlayaraq qiymətləndirməli, eləcə də bağçılığa ayrıldıqdan sonra torpağın təyinatına əvvəlki kimi sənaye təyinatlı sahə kimi yanaşmanın mümkünlüyünə qiymət verməlidir. Bu məsələ ilə bağlı yanaşmanın düzgün müəyyənləşdirilməsini təmin etmək üçün məhkəmə “Bahar” bağçılıq yoldaşlığının ərazisində digər vətəndaşlara ayrılmış bağların mülkiyyət hüququ əsasında qeydə alınıb-alınmadığını da yoxlamalı və müəyyən etdiyi hala müvafiq qiymət verməlidir. Nəhayət, cavabdeh tərəfindən bildirilən sahənin avtomobil yolunun mühafizə zolağında yerləşdiyi və bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etməyin mümkün olmadığı ilə bağlı dəlillərlə əlaqədar aşağıdakılar nəzərə alınmalıdır. İlk növbədə qeyd edilməlidir ki, sahənin avtomobil yolunun mühafi zə zolağında yerləşdiyi təsdiq olunmur. Belə ki, cavabdeh bu halı təsdiq edən hər hansı sübut verməyib, eləcə də işdəki mütəxəssis rəyində sahənin yaxınlığında magistral yol aşkar olunmadığı bildirilib. Bölgü sxeminin təqdim olunmadığına dair dəlilə münasibətdə isə nəzərə alınmalıdır ki, həmin sənədi təqdim etmənin yükü iddiaçının üzərinə qoyula bilməz. Çünki sözügedən sənəd iddiaçının tərtib edib saxlamalı olduğu sənəd deyildir, daha çox müvafiq bağçılığın vəzifəsidir. Ona görə də, həmin sənədin təqdim olunmaması iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə təşkil etməməlidir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının istifadəsində olan sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşdüyünə dair də işdə məlumat yoxdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-967/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar