Məhkəmə qərarları › İş №2-1(102)-2975/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2975/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2975/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakdan pay haqqının verilməsi barədə aktlar; çıxarışın verilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı iddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2018-ci il tarixli, *** saylı sərəncamı və eyni tarixli, ** nömrəli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı2 * nömrəli “Quldar” qış otlaq sahəsindən 100,0 (yüz) hektar sahə 15 il müddətinə icarəyə verilmişdir.

2. Bundan əlavə, Dövlət Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” 200, 201 və *** nömrəli aktlarla iddiaçılara qeyri-yaşayış binaları pay verilmişdir.

3. İddiaçılar sözügedən torpaq sahəsində mövcud olan tikililərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh imtina cavabı verərək bildirmişdir ki, araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən X2, iddiaçı3 Əmrah oğlu, iddiaçı1 və iddiaçı2 Əmrah oğluna məxsus daşınmaz əmlaklara dair hüquqların qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüyyənedici və texniki sənədlər ərizəyə əlavə olunmamışdır. Bundan başqa, imtina bildirişində qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı2 Əmrah oğlunun adına tərtib edilmiş JN-**** nömrəli Torpaqdan müvəqqəti istifadəyə dair Şəhadətnamənin verilməsinə əsas olmuş ##.##.2003-cü il tarixli müqavilənin müddəti başa çatmış, lakin ##.##.2018-ci il tarixli müqavilənin verilməsinə əsas olmuş ##.##.2018-ci il tarixli sərəncam və digər hüquqmüəyyənedici sənədlər hazırkı ərizəyə əlavə edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli, **/AK-* saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və *** nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

5. İddia ərizəsində işin hallarına istinad edilərək tələblər onunla əsaslandırmışdır ki, əmlakdan pay haqqının verilməsi barədə aktlar əsasında iddiaçıların mülkiyyət hüquqları qeydə alınmalı olduğundan cavabdehin imtinası qanunsuzdur.

6. Cavabdehin iddia tələbinə yazılı etirazında qeyd edilmişdir ki, Qobustan kəndində yerləşən X2, iddiaçı1, iddiaçı2 Əmrah oğlu və iddiaçı3 Əmrah oğlunun istifadəsində olduğu iddia olunan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin tam şəkildə müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş sənədlər toplusuna iddiaçı2 Əmrah oğlunun adına Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, *** saylı 15 il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-**** nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, iddiaçı2 Əmrah oğlu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısı arasında bağlanmış ##.##.2018-ci il tarixli torpaq icarə müqaviləsi, X2, iddiaçı1, iddiaçı2 Əmrah oğlu və iddiaçı3 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktlar əlavə edilsə də, iddiaçı2 Əmrah oğlu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısı arasında bağlanmış ##.##.2018-ci il tarixli torpaq icarə müqaviləsinə dair digər hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, icarə müqaviləsinin X2, iddiaçı1, iddiaçı2 Əmrah oğlu və iddiaçı3 Əmrah oğlu ilə deyil, yalnız iddiaçı2 Əmrah oğlu ilə bağlandığı, X2, iddiaçı1, iddiaçı2 Əmrah oğlu və iddiaçı3 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktların qanunvericiliyə əsasən mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas hesab olunmaması, həmin aktlarda yalnız tikili və mal-qaranın pay kimi verildiyinin qeyd edilməsi və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə dair texniki sənədlərin təqdim olunmaması müəyyən edilmişdir. Bundan əlavə, X2 0,02 ha torpaq sahəsi üzərində istifadə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair * saylı Abşeron Ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında *-*(***)-***/**** saylı inzibati işin olması səbəbindən ərizənin icrasından imtina edilmişdir. Əlavə olaraq, cavabdehə müraciət yalnız torpaq sahəsi üzərində hüquqların qeydiyyatına dair olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində həm torpaq sahəsi, həm də əmlak kompleksi kimi müəssisə üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əmlak kompleksi kimi müəssisəyə dair texniki və hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmiş, bu tikililərin yerləşdiyi torpaq sahəsinin isə təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ####### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 münasibətdə Dövlət Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli, **/AK-* saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və *** nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair nəticəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2003-cü il tarixli, *** saylı sərəncamı ilə 15 il müddətinə mübahisə predmeti olan tikililərin yerləşdiyi 100,0 hektar torpaq sahəsi iddiaçı2 Əmrah oğlunun icarəsinə ayrılmışdır. Torpaq sahəsinin sonuncuya icarəyə verilməsinə dair JN 4015 (KOD ********) saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə tərtib edilmişdir. Daha sonra icarə müddəti bitdiyi üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2018-ci il tarixli, *** saylı sərəncamına əsasən * nömrəli “Quldar” qış otlağından iddiaçı2 Əmrah oğluna icarəyə verilmiş 100,0 hektar örüş otlaq sahəsi üzərində icarə hüququ 15 il müddətinə uzadılmaqla, onunla ## ##### 2018-ci il tarixli, ** nömrəli icarə müqaviləsi bağlanmışdır. iddiaçı2 Əmrah oğluna torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş sənədlərin araşdırılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlamış, qeyd edilən sənədlər Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ## ###### 2022-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən, iddiaçıların faktiki istifadəsində olan tikililərin koordinatları ** nömrəli “Qasıməli” qış otlağında yerləşmir, * nömrəli “Quldar” qış otlağında yerləşir və elektron baza məlumatlarına əsasən, iddiaçıların faktiki istifadəsində olan tikililərin koordinatları sənəd üzrə JN 4015 (KOD ********) saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə üst-üstə düşür. Həmçinin hazırkı iş üzrə iddiaçı qismində çıxış edən iddiaçı2 Əmrah oğlu məhkəmə iclasında izahatı zamanı bildirmişdir ki, onun icarəsində olan torpaq sahəsində yerləşən əmlak üzərində digər iddiaçılar ilə birlikdə birgə mülkiyyət hüquqlarının qeydiyyatına alınmasına etiraz etmir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/ V.E.Əzizova və G.İ.Cabbarova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, “Əmlakdan pay haqqının verilməsi” barədə aktlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulan əsaslara daxil deyildir. Bundan əlavə, iddiaçıların mülkiyyət hüquqlarının yaranması əsası kimi təqdim etdikləri aktların məzmunundan görünür ki, cədvəlin “binalar və tikintilər, o cümlədən anbar” və “Mal-qara” qrafasında “miqdar” və “dəyər” bəndləri üzrə qeydlər aparılmış (iddiaçı2 məxsus aktda əlavə olaraq “texnika və avadanlıq, o cümlədən traktor kombayn, kotan” qrafasında qeyd aparılmışdır), sözügedən əmlakın tam olaraq nədən ibarət olması, o cümlədən ölçüsü barədə hər hansı qeyd aparılmamışdır. Bununla da, iddiaçıların istinad etdiyi aktlara əsasən, onlara ayrılmış (əmlak payı) tikililərin nədən ibarət olması, ölçüsü və digər meyarları aydın deyil. Əlavə olaraq, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “xxxx” MMC-nin ## ### 2025-ci il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubundan da göründüyü kimi, iddiaçıların hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi sözügedən aktlar barədə hər hansı məlumat mövcud deyil. Həmçinin iddiaçıların iddia etdikləri tikililər iddiaçılardan birinin icarəsində olan qış otlaq sahəsində yerləşir ki, hazırkı iddianın təmini vahid əmlak prinsipinə də ziddiyyət təşkil edir. Odur ki, müvafiq tikililər üzərində iddiaçıların mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia rədd edilməlidir.

12. İddiaçı iddiaçı3 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin hallarına istinad edilərək qeyd olunmuşdur ki, təqdim edilən “Əmlakdan pay haqqının verilməsi” barədə akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənəddir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız iddiaçı iddiaçı3 şikayət verdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddiaçı3 münasibətdə yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – kassator iddiaçı3 münasibətdə ləğv edilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

21. İddiaçının hazırkı iş üzrə hüquqi marağı “Əmlakdan pay haqqının verilməsi barədə” *** nömrəli akt əsasında ona ayrılmış (əmlak payı) tikililər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına yönəlib.

22. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi əsaslardan biri “Əmlakdan pay haqqının verilməsi barədə” aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmamasıdır.

23. Məhkəmə kollegiyası bu hüquqi mövqe ilə razılaşmayaraq qeyd edir ki, Dövlət Aqrar İslahat Komissiyasının 1998-ci il ## ###### tarixli, **/AK-* saylı iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə aktlar aqrar islahatların həyata keçirilməsi məqsədilə yaradılmış səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş fərdi xarakterli qərarlar olmaqla, hüquqi mahiyyətinə görə inzibati akt hesab edilməlidir.

24. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Dövlət Aqrar İslahat Komissiyası aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının qanunvericilikdə müəyyən edilmiş qaydada bölüşdürülməsi və şəxslərə verilməsi sahəsində dövlət hakimiyyəti səlahiyyətlərini həyata keçirən inzibati orqan olmuşdur. Komissiyanın fəaliyyəti xüsusi hüquq münasibətlərindən deyil, dövlətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsindən irəli gəlmiş (publik funksiyaların icrasından), qəbul etdiyi qərarlar isə konkret şəxslərin hüquq və vəzifələrinin yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmuşdur. Bu baxımdan, Komissiyanın qəbul etdiyi fərdi qərarlar öz hüquqi təbiətinə görə inzibati aktın əsas əlamətlərini daşıyır.

25. İnzibati aktın əsas xüsusiyyəti onun səlahiyyətli inzibati orqan tərəfindən publik səlahiyyətlərin icrası çərçivəsində birtərəfli qaydada qəbul edilməsi və konkret şəxslər üçün hüquqi nəticələr yaratmasıdır. Əmlakdan pay haqqının verilməsi barədə aktlar da məhz belə hüquqi nəticələr doğurmuş, konkret şəxslərin müəyyən əmlak üzərində sahiblik, istifadə və qanunvericilikdə nəzərdə tutulduğu hallarda sərəncam hüquqlarının yaranmasına əsas olmuşdur. Həmin aktlar yalnız məlumat xarakterli sənəd deyil, dövlət iradəsinin ifadəsi olmaqla, hüquqyaradıcı və hüquqmüəyyəndici funksiyanı yerinə yetirmişdir.

26. Bu səbəbdən, aqrar islahat komissiyalarının qərarları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi baxımından hüquqmüəyyənedici sənəd hesab edildiyi kimi, bu komissiyaların qərarı ilə təsdiq edilmiş aktlar da həmin norma çərçivəsində hüquqmüəyyənedici sənəd hesab edilməlidir. Başqa sözlə, inzibati orqanların aktlarının hüquqi mahiyyəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tətbiqi baxımından formal olaraq onların adına görə deyil, hüquqi məzmununa uyğun qiymətləndirilməlidir. Həmin maddədə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi inzibati aktlar nəzərdə tutulmuşdur ki, qanunverici inzibati aktların növlərini və ya adlarını məhdud siyahı şəklində müəyyən etmədiyindən, hər hansı sənədin həmin maddənin tətbiqi baxımından inzibati akt hesab olunması onun adından deyil, hüquqi təbiətindən, səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilməsindən və hüquqi nəticələr yaratmasından asılıdır.

27. Beləliklə, Dövlət Aqrar İslahat Komissiyasının iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə aktın” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində ayrıca adı çəkilməməsi onun dövlət qeydiyyatı üçün hüquqi əsas olmasını istisna etmir. Əks yanaşma, inzibati aktın hüquqi mahiyyətinin deyil, yalnız adının əsas götürülməsi ilə nəticələnər ki, bu da inzibati hüququn ümumi prinsiplərinə və inzibati aktların mahiyyətinə uyğun hesab edilə bilməz.

28. Bununla yanaşı, qeyd edilməlidir ki, belə aktın inzibati akt kimi qəbul edilməsi onun əsasında dövlət qeydiyyatının birmənalı və şərtsiz aparılması anlamına gəlmir. Həmin akt hüquqmüəyyəndici sənəd olmaqla hüququn yaranmasının əsaslarından biri hesab edilsə də, digər inzibati aktlar kimi qanunilik və etibarlılıq tələblərinə cavab verməlidir. İnzibati akt yalnız səlahiyyətli orqan tərəfindən, qanunla müəyyən edilmiş səlahiyyət hədləri daxilində, qanuni prosedura riayət edilməklə və hüquqi baxımdan mümkün predmet üzrə qəbul edildiyi halda hüquqi nəticə doğurur.

29. Bu baxımdan, yalnız inzibati aktın mövcudluğu deyil, həmin aktın hüquqi cəhətdən icra oluna bilən və qeydiyyata əsas verən akt olub-olmadığı da qiymətləndirməlidir. Başqa sözlə, həmin aktla verilmiş hüquqlar yalnız o halda dövlət qeydiyyatına alına bilər ki, ayrılmış əmlak qanunvericiliyə əsasən müstəqil qeydiyyat obyekti hesab olunsun, həmin əmlakın konkret şəxsə verilməsi qanunla mümkün olsun, əmlak üzərində başqa şəxslərin üstün və ya əvvəlki hüquqları mövcud olmasın, əmlakı ayıran inzibati orqanın belə əmlak üzərində sərəncam vermək səlahiyyəti olsun, eləcə də aktın qəbul edilməsinə mane olan digər hüquqi hallar mövcud olmasın.

30. Deməli, Əmlakdan pay haqqının verilməsi barədə aktın mövcudluğu dövlət qeydiyyatı üçün zəruri hüquqi əsaslardan biri olsa da, bu hal öz-özlüyündə qeydiyyatın aparılmasını şərtləndirmir. Dövlət qeydiyyatı yalnız həmin inzibati aktın qanunvericiliyin müəyyən etdiyi qanunilik və etibarlılıq şərtlərinə cavab verdiyi, aktın predmetinin hüquqi dövriyyədə olan daşınmaz əmlak olduğu və həmin əmlak üzərində hüququn yaranmasına hüquqi maneələrin mövcud olmadığı müəyyən edildikdən sonra həyata keçirilə bilər. Məhz bu yanaşma, həm inzibati aktların hüquqi qüvvəsinə, həm də daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının hüquqi etibarlılığına dair qanunvericiliyin məqsədinə uyğun hesab edilməlidir.

31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin “Əmlakdan pay haqqının verilməsi barədə” aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmaması barədə mövqeyi qanuni və əsaslı olmamışdır.

32. Hazırkı işin hallarına münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iş üzrə nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, kassatora məxsus “Əmlakdan pay haqqının verilməsi barədə” *** nömrəli aktın məzmununda ona ayrılan əmlak barədə hər hansı məlumat qeyd edilməmiş, aktın “binalar, tikililər, o cümlədən anbar” bölməsində yalnız “** nömrəli” qeydi aparılmışdır. Bununla belə, məhkəmə icraatının gedişində alınmış mütəxəssis rəyində, iddia olunan ərazidə 11 tikili olduğu (çoban evi, qoyun yatağı, mal yatağı) qeyd edilmişdir.

33. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, kassatorun həmin ərazidə hansı tikiliyə iddialı olduğu, tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əmlak olub-olmaması, həmin tikilinin nə vaxt tikildiyi (aktların verildiyi dövrdə mövcud olub-olmaması), həmin əmlaka digər şəxslərin iddialı olubolmadığı, habelə həmin əmlakın qış otlaq sahəsində yerləşməsi nəzərə alınmaqla əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkün olub-olmaması ilə bağlı tam və hərtərəfli araşdırma aparmalı, habelə torpağın mülkiyyətçisinin (xüsusilə, torpağın dövlət mülkiyyəti olması nəzərə alınmalıdır) əmlak üzərində mülkiyyət hüququn qeydə alınmasına razılığının olub-olmamasını öyrənməklə və hazırkı qərarda əks olunmuş mövqeləri rəhbər tutmaqla iş üzrə nəticəyə gəlməlidir.

34. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar mübahisələndirilən hissədə - iddiaçı3 münasibətdə ləğv edilməli, İPM-in 12.1ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir.

36. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən - mübahisələndirilən hissədə ləğv edilsin və iş eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar