Məhkəmə qərarları › İş №2-1(102)-2986/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2986/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2986/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kameral vergi qərarının ləğvi, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67ci maddəsinin tələblərinin pozulması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi və həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741,27 manat məbləğin silinməsi barədə qərarın ləğv olunmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, fərdi sahibkar İddiaçı (VÖEN: 1403520192) kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi üzrə 6538,09 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin, vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin “kameral yoxlanılmalı məbləğ” xanasında qanunsuz olaraq 6.741,27 manat əks olunmuşdur. Hesablamanın əsası kimi, xərclərin qəbul edilməməsi olmuşdur. Iddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir. Iddiaçının 2022-ci il üzrə də əsas fəaliyyəti ehtiyat hissələrinin satışından ibarət olmuşdur. 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumilikdə 41.066,78 məbləğində mal təqdim etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan bu tipli yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış mal-materialların bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. Iddiaçının qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi 34.222,31 xərc (şərti rentabellik norması tətbiq olunmaqla müəyyən edilmiş) sənədlərlə təsdiq olunmadığından, vergi orqanı tərəfindən qəbul edilməmişdir. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əks etdirmir. Belə ki, alınmış malların alış sənədlərinin təqdim edilməsi mümkün olmasa da, faktiki olaraq həmin mallar alınmışdır və onların alınmasına xərc çəkilmişdir. Vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədləri olmadığı halda, cavabdeh gəlir (mənfəət) vergisini müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablamalı idi. Lakin vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vasitələrindən istifadə etməmiş, vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı hallarda gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququnu təmin etməmişdir. Vergi orqanı iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin ** nömrəli Qərarının tələbinə uyğun olaraq, şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda, Nazirlər Kabinetinin Qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. Bundan əlavə, şəxsi hesab vərəqəsinin aşağı hissəsində qanunsuz olaraq mövcud olan kameral yoxlanılmalı məbləğ xanasında 6538,09 manat məbləği əks olunmuşdur. Vergi qanunvericiliyində isə kameral yoxlanılmalı məbləğ ifadəsi yoxdur. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlanılması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

3. Cаvаbdеh iddiaya etirazında qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli, *-**-*-*/*- *****/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 6538,09 manat vergi məbləği hesablanmışdır. Işin faktiki halları barədə qeyd olunmalıdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə ##.##.2024-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 6.538,09 manat vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası, haqlarının hesablanması barədə” qərar göndərilmişdir.

4. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli, qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı barədə qəbul edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*- */*-*****/**** nömrəli qərarı ləğv edilmiş, həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741,27 manat məbləğin silinməsi vəzifəsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Vergitutma obyektinin müəyyən edilməsi hər hansı səbəbdən mümkün olmadıqda (iddiaçının xərclərini müəyyən edilməsi mümkün olmadığı və s.) cavabdeh inzibati orqanı ödənilməli olan verginin müəyyən edilməsi üçün vergitutma obyektini Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən əsaslara görə müəyyən etməlidir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” iddiaçıya münasibətdə tətbiq edə bilərdi. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd edilən qərar iddiaçıya münasibətdə tətbiq edilməmiş, iddiaçıya 2022-cü il üçün 6.538,09 manat məbləğində əlavə gəlir vergisinin Vergi Məcəlləsinin 67-ci maddəsinin hansı əsas ilə hesablandığı göstərilməmişdir. Məhkəmə hesab edir ki, bu hal Vergi Məcəlləsinin yuxarıda sadalanan, iddiaçı barədə inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan müddəalarının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki yuxarıda sadalandığı kimi, vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan qanunvericilik normaları ilə qanunverici gəlir vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablanmasını nəzərdə tutmuşdur. 5.2. Eyni zamanda, qanunverici inzibati orqan üçün xərc sənədlərinin olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanları nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis gəlir (mənfəət) kimi qəbul olunması halını istisna edir. Vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitələrindən istifadə etməmişdirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtina olunması Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı qəbul edilən zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun deyildir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Halbuki, hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, “Inzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

13. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.

14. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar