Məhkəmə qərarları › İş №2-1(102)-2987/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2987/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2987/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1960-cı il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRI Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən N.S.Rəfibəylinin 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

3. Iddiaçı İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh iddiaçının mərhum ərinin dövlət qulluğu stajının 15 ildən az olmasını əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ## #### 2024-cü il tarixli, *-**-*/*-R-******/**** nömrəli imtinasının qanunsuz və əsassız olduğu üçün mərhum əri X3 - dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin imtina olunduğu andan hesablanması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 ##.##.2019-cu il tarixdə ölmüşdür. Iddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin ## #### 2024-cü il tarixli məktubu ilə ona imtina veilmişdir. Halbuki, iddiaçının ərinin dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcuddur. Belə ki, 1990-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında X5 Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Dövlət Komitəsi (Azərbaycan SSR Dövdağtexnəzarət) yaradılmışdır. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1991-ci il tarixli *** nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X5 Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilmiş və Komitə bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən X5 Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli **** nömrəli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin struktur tərkibinə daxil edilmiş və “X5 Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi” kimi formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli *** nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq olunmuş və Agentlik bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməyə başlamışdır. Iddiaçının əri ##.##.1994-cü il tarixdə Neft müfəttişliyinə böyük dövlət müfəttişi vəzifəsinə təyin olunmuşdur və dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcud olduğu üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2024-cü il tarixli məktubu ilə verilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməli olduğu halda heç bir əsas olmadan imtina verilmişdir.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala müraciəti nəticəsində mərhum Namiq Rəfibəylinin “Dövlətdağtexnəzarət” Komitəsinin Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyində sahə müfəttişi, Neft müfəttişliyində böyük dövlət müfəttişi və ** nömrəli baş dövlət müfəttişi vəzifələrində ##.##.1990-##.##.1992-ci il və ##.##.1994- ##.##.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilibedilməməsi barədə məlumatların, həmçinin mərhuma ##.##.2017-##.##.2019-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş əməkhaqqı barədə arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na * nömrəli Əlavəyə uyğun (mükafatlar və müavinətlərin büdcədən, yaxud büdcədən kənar pul vəsaiti hesabına ödənilməsi göstərilməklə) tərtib edilərək göndərilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli məktubu ilə mərhumun ##.##.2017-##.##.2019-cu illər üzrə qulluq stajına görə əlavələrin hesablanması üçün arayış təqdim edilmiş, ##.##.1990- ##.##.1992-ci il və ##.##.1994-##.##.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə cavabdehin sorğusu X1 göndərilmişdir. Azərbaycan Respublikası X2 ##.##.2024-cü il tarixli məktubunda mərhumun ##.##.1991-ci ilədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olmadığı, ##.##.1991-##.##.1992-ci il və ##.##.1994-##.##.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, mərhum X4 ##.##.2003-##.##.2005-ci və ##.##.2006-##.##.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün dövlət qulluğu stajı vardır.

7. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı ##.##.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının ərinin dövlət qulluğu stajının ##.##.2003-##.##.2005-ci və ##.##.2006- ##.##.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün olduğunu qəbul edir. Beləliklə, çatışmayan staj müddəti 2 aydan azdır. Cavabdeh tərəfindən X4 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə xidmət müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması ilə bağlı X2 məlumatına dair təkzibedici sübut təqdim edilməmişdir. Bu baxımdan sübut mötəbər hesab edilməli və 1992-1994-cü illərdə xidmət müddəti iddiaçının ərinin dövlət qulluğu stajına hesablanmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, ##.##.1991-##.##.1992-ci il və ##.##.1994-##.##.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmaması iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət X5 Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi dövlət idarəetmə orqanı sayılmış və Nazirlər Kabineti yanında fəaliyyət göstərmiş, respublikada ona həvalə edilmiş dövlət nəzarətini bilavasitə və ona tabe olan sahə və rayon dağ-texniki müfəttişlikləri vasitəsilə həyata keçirmişdir. Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyinin və Neft müfəttişliyinin hüquqi statusu və Komitənin strukturunda yerini müəyyən etmək mümkün olmasa da, iddiaçının sahə müfəttişi, böyük dövlət müfəttişi və 16-cı dərəcəli baş dövlət müfəttişi vəzifələri Komitənin funksiyalarını icra etdiyindən dövlət qulluğu stajı kimi qəbul edilməlidir.

12. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. ... Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ...

16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Iddiaçının hüquqi marağı ərinin ölümü ilə əlaqədar hüququnun yarandığı ##.##.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə yönəlib.

24. Cavabdeh iddiaçının ərinin dövlət qulluğu stajının ##.##.2003-##.##.2005-ci və ##.##.2006-##.##.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün olduğunu qəbul edir. Belə olan halda çatışmayan staj müddəti 2 aydan az təşkil edir. Bununla bağlı (çatışmayan staj müddəti) aşağı instansiya məhkəmələrində icraat zamanı iddiaçının mərhum ərinin dövlət qulluğu stajının 15 ildən artıq olması sübuta yetirilmişdir.

25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar