Məhkəmə qərarları › İş №2-1(102)-3025/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3025/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3025/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi borcunun silinməsi və həmin borcun əsası olan qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “10970.04 manat vergi borcunun silinməsi və həmin borcun əsası olan ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının 2025ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrin kameral yoxlanması nəticəsində ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən iddiaçının barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2022-ci il tarixli **************** nömrəli, ## ###### 2023-cü il tarixli **************** nömrəli, ## ##### 2023-cü il tarixli **************** nömrəli qərarlar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq hesablanmış 35.747.17 AZN (otuz beş min yeddi yüz qırx yeddi manat on yeddi qəpik) vergi borcuna dair qəbul edilmiş qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “10970.04 manat vergi borcunun silinməsi və həmin borcun əsası olan ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Iddiaçının əsaslandırması:

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Mirzəyev Yaşar ##.##.1966-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yaşayır. Müharibə veteranıdır. Əvvəllər hüquq mühafizə orqanlarında işləmiş, hər zaman cəmiyyətdə normal davranışı ilə seçilmişdir. Uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dəfələrlə xarici ölkələrdən nəqliyyat vasitələri üçün ehtiyat hissələri gətirmiş, heç vaxt gömrük və ya vergi orqanları ilə problemi olmamışdır. 2021-ci ilin müxtəlif aylarında nəqliyyat vasitələri üçün ikinci əl ehtiyat hissələri gətirib satışını həyata keçirmişdir. Həmin malların gətirilməsi zamanı bütün rəsmi prosedurlardan keçmiş və gömrük və vergi qanunveriuciliyinin bütün tələblərinə də əməl etmişdir. 2021-ci il ərzində idxal etdiyi ikinci əl avtomobil ehtiyat hissələri invoys və yük gömrük bəyannaməsi üzrə dəyəri 41265 ABŞ dolları (milli valyuta ekvivalenti 70150,50 manat) olmuşdur. Buna baxmayaraq, gömrük orqanı tərəfindən ikinci əl, işlənmiş ehtiyyat hissələri idxal olunan zaman gömrük bəyannaməsində malların statistik dəyəri şişirdilmiş qiymətlərlə artırılmışdır. Buna görə də, ikinci əl işlənmiş ehtiyyat hissələrinin real dəyəri 41265 ABŞ dolları (milli valyuta ekvivalenti 70150,50 manat) olmasına baxmayaraq, yük gömrük bəyannaməsi üzrə statistik dəyəri qaldırılaraq 266898.32 USD, yəni milli valyuta ekvivalenti 453727.15 manat olmuşdur. Lakin, malların satışı zamanı gömrükdə ödənilmiş rüsmlar malların dəyərinin üzərinə gələrək 25% ticarət əlavəsi qoyularaq 282953,21 manata tərəfindən satılmışdır. Həmin satılmış məbləğ üzrə ƏDV və Gəlir vergisi hesabtlarını təqdim etmişdir. ##.##.2022-ci il tarixli **************** nömrəli 2019cu il tarixli vergi orqanının Qərarında 424.92 manat 2019-cu il tarixində hesablanmış gəlir vergisi olmuşdursa həmin Qərarda 2021-ci il tarixində vergi orqanı tərəfndən qanunusuz hesablanmış 35747.17 göstərilmişdir. Odur ki, vergi orqanının hesabladığı kimi gəlir əldə etməmişdir. Vergi orqanının hesabladığı vergi reallıqdan uzaq olduğu və həmin hesablanmış vergi ilə razılaşmadığı üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Lakin, ** saylı Ərazi Vergilər Baş Idarəsi heç bir əsas olmadan, tamamilə qanunsuz şəkildə ona 35747, 17 AZN (otuz beş min yeddi yüz qırx yeddi manat on yeddi qəpik) vergi borcu hesablamaqla Qərar qəbul etmişdir. O, bu qərarla razı deyil və vergi orqanına da dəfələrlə bildirmişdir ki, bu qərar əsassız və qanunsuzdur. Lakin müsbət nəticə əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun heç bir vergi borcu və ya öhdəliyi yoxdur. O, ölkə qanunvericiliyinin tələblərinə tam riayət edərək fəaliyyət göstərir. ** saylı Ərazi Vergilər Baş Idarəsinin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir. Dövlət orqanı olaraq bu qədər qanusuzluğa yol verilməsi və sahibkarın hüquqlarını tapdalamağı başadüşülən hal deyil və Vergi Məcəlləsinə və qanunvericiliyə ziddir.

Cavabdehin etirazı:

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, məlumat-uçot bazasına əsasən vergi ödəyicisinin fəaliyyət növü “Sair ərzaq məhsullarının pərakəndə satışı" olsa da faktiki olaraq ikinci əl avtomobil ehtiyyat hissələrinin idxalı və satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Hazırkı etirazın tərtib olunduğu ##.##.2023-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan vergilər və faizlər üzrə borc məbləği 23018,19 manat təşkil edir. Həmin məbləğin 16531,93 manatı əsas vergi borcundan. 6486.26 manatı isə həmin əsas vergi borcunun Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə ödənilməməsinə görə hesablanmış faiz borcu təşkil edir. Həmin borcun tərkibi isə həm vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğlərdən həm də vergi orqanı tərəfindən hesablanmış məbləğlərdən ibarətdir. Belə ki. vergi ödəyicisinin özünün təqdim etdiyi vergi bəyannamələrinə əsasən bəyan etdiyi məbləğlər aşağıdakılardır: Sadələşdirilmiş vergi üzrə -2021-ci ilin II rübü üzrə sadələşdirilmiş vergi - 3985.10 manat, 2021-cı ilin III rübü üzrə sadələşdirilmiş vergi - 200 manat, 2021-ci ilin IV rübü üzrə sadələşdirilmiş vergi - 30 manat. Gəlir vergisi üzrə - 2021-ci ilin gəlir vergisi - 6360.36 manat. Əlavə dəyər vergisi üzrə - sentyabr 2021- büdcədən qaytarılmalı ƏDV-nin 19174.06 manat olmasını bəyan edilmişdir. Oktyabr 2021 - büdcədən qaytarılmalı ƏDV-nin 3773.57 manat olmasını bəyan edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğləri aşağıdakılardır: Sadələşdirilmiş vergi üzrə: 2021-ci ilin III rübü üzrə - 3957.44 manat kameral qaydada əlavə vergi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Sentyabr 2021 - büdcəyə ödənilməli olan ƏDV -nin 6587.68 manat olması barədə qərar qəbul edilmişdir. Gəlir vergisi üzrə: 2019-cu ilin gəlir vergisi üzrə - 424.92 manat gəlir vergisinin hesablanması barədə ##.## 2022-ci il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi vergi ödəyicisinin hazırda şəxsi hesab vərəqəsində mövcud olan 16531.93 manat vergi borcunun yalnız 3957 44+6587.68+424.92=10970.04 manat olan hissəsini vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri təşkil edir. Borcun qalan hissəsini isə vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələrlə bəyan etdiyi məbləğlər və 4 halda vergi hesabatını vaxtında təqdim etməməyə götə tətbiq edilmiş 4*40=160 manat maliyyə sanksiyası təşkil edir. 10970.04 manat vergi borcu vergi orqanının aşağıdakı qərarları ilə hesablanmışdır: 1) ## ##### 2023-cü il tarixli **************** nömrəli qərar. 2) ## ###### 2023-cü il tarixli **************** nömrəli qərar. 3) ## ###### 2022-ci il tarixli **************** nömrəli qərar. 4) ## #### 2022-ci il tarixli **************** nömrəli qərar. 5) ## ###### 2022-ci il tarixli **************** nömrəli qərar. 6) ## ###### 2023-cü il tarixli **************** nömrəli qərar. ## ##### 2023-cü il tarixli **************** nömrəli qərarla 2021-ci ilin III rübü üzrə 3957.44 manat kameral qaydada əlavə vergi hesablanmasının mahiyyəti ilə bağlı bildiririk ki, həmin dövr üzrə vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin 10000 manat, ödənilməli sadələşdirilmiş vergi məbləğinin isə 10000*2%=200 manat olduğu bəyan edilmişdir. Lakin, 2021-ci ilin aprelavqust aylarında Yükgömrük bəyannamələri (YGB) məlumatlarına əsasən vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 404003,55 manat, elektron qaimə-faktura ilə alınmış malların dəyəri 3123,71 manat olduğundan və vergi ödəyicisinin 2021-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində malların təqdim edilməsindən dövriyyəsinin 199255.10 manat olduğu bəyan edildiyindən və 2021-ci ilin 3-cü rübünün sonuna mal qalığı olmadığından idxal olunmuş malların dəyərindən 2-ci rüb ərzində təqdim edilmiş malların dəyəri çıxılmaqla qalan məbləğdə malların 2021-ci ilin 3-cü rübündə təqdim edildiyi müəyyən edilmiş və həmin məbləğə uyğun sadələşdirilmiş vergi məbləği hesablanmışdır. Rəqəmlərlə ifadə etsək 2021ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi malların dəyəri (404003.55+3123.71)- 199255.10=207872,16 manat müəyyən edilmiş və həmin məbləğə uyğun olaraq 207872.16*2%=4157.44 manat sadələşdirilmiş vergi məbləği müəyyən edilmiş və vergi ödəyiyicisinin bəyannaməsi nəzərə alınmaqla əlavə olaraq 3957.44 manat məbləğində hesablama aparılmışdır. ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarla 2021-ci ilin sentyabr ayı üçün 6587.68 büdcəyə ödənilməli ƏDV məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildirilmişdir ki, həmin dövr üzrə vergi ödəyicisinin ##.##.2022-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin kameral qaydada yoxlanması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlərdə (yəni ## ##.2021-ci il tarixdən sonra) idxal üzrə ödənilmiş ƏDV məbləğinin 18019.17 manat olmasına baxmayaraq, vergi ödəyicisinin əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 43780.91 manat olmuşdur ki, nəticədə 25761.74 manat məbləğində kənarlaşma yaranmışdır. Belə ki, 01211000233059, 01211000216362, 01211000257931, 01211000204510, ************** nömrəli YGB üzrə idxal əməliyyatı aparan zaman vergi ödəyicisinin ƏDV qeydiyyatında olmadığı səbəbindən həmin YGB üzrə əvəzləşdirilmə aparıla bilmədiyi halda, təqdim etdiyi bəyannamədə həmin bəyannamələr üzrə ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirdiyi üçün kameral vergi yoxlaması zamanı həmin məbləğlər əvəzləşdirmədən çıxarılmış və nəticədə büdcəyə ödənilməli ƏDV məbləğinin 19174.06- 25761.74=6587.68 manat olduğu barədə ## ###### 2023-cü ıl tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Bundan başqa məlumat-uçot bazasına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu ildə 8498.30 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etmədiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 2019-cu il üçün vergi ödəyicisinin gəlir vergisindən mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75% güzəşt hüququ nəzərə alınmaqla 8498.30*20%*75%=424.92 manat gəlir vergisinin hesablanması barədə ## ###### 2022-ci il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. ## #### 2022-ci il tarixli **************** nömrəli, ## ###### 2022-ci il tarixli **************** nömrəli, ## ###### 2023cü il tarixli **************** nömrəli qərarlarla isə 4 halda vergi hesabatının Vergi Məcəlləsində müəyyən olunmuş müddətdə təqdim olunmamasına görə hər biri 40 manat olmaqla cəmi 160 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin 424.92 manat gəlir vergisinin hesablanması ilə bağlı ##.##.2022ci il tarixli, **************** №-li qərarın 354.1 manat hissədə, 3957,44 manat sadələşdirilmiş vergi borcunun hesablanması ilə bağlı ##.##.2023-cü il tarixli, **************** №-li qərarın tam ləğv edilməsi, iddia ərizəsinin “6587,68 manat ƏDV hesablanması ilə bağlı cavabdeh orqanın ##.##.2023-cü il tarixli, **************** №-li qərarının ləğv edilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2022-ci il tarixli qərarla – vergi orqanı tərəfindən kameral yoxlama ilə müəyyən edilmiş gəlir vergisi üzrə borc – 424,92 manat müəyyən edilsə də, faktiki borc məbləği 70,82 manat olmuşdur. ##.##.2023-cü il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə 6587,68 manat ƏDV borcu düzgün müəyyən edilmişdir. ##.##.2023-cü il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə sadələşdirilmiş vergi borcunun müəyyən edilməsi əsassız olmuşdur. Beləliklə, iddiaçıya hesablanmış ümumi vergi borcu 10970,04 manat olmuşdur ki, həmin borcun 6658.5 manat hissəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qalan - 4311.54 vergi borcunun hesablanması isə əsassız olmuşdur.

9. Cavabdeh Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.V.Kərimov və T.H.Həsənov) 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli qərarla – vergi orqan tərəfindən kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 424,92 manat, ##.##.2023-cü il tarixli qərarla – kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 6587,68 manat, ##.##.2023-cü il tarixli qərarla –kameral yoxlama ilə müəyyən edilmiş vergi borcu – 4157,44 manat məbləğində olmuşdur. ##.##.2023-cü il tarixə hesablanmış vergi borcu – 23018,19 manat (16531.93 manat əsas, 6486,26 manat faiz borcu) əsas borcun 3957.44 + 424,92+6587,68= 10970,04 manat hissəsi vergi orqanı tərəfindən hesablanmışdır. Qalan məbləğ iddiaçının özünün bəyan etdiyi məbləğlər və 4 halda hesabatın təqdim edilməməsinə görə (4*160) maliyyə sanksiyasıdır. Sadələşdirilmiş vergi üzrə 2021-ci ilin - 2-ci rübü – 3985,10, 3-cü rübü – 200 manat müəyyən edilmiş, əlavə olaraq ##.##.2023-cü il tarixli qərarla 3957.44 manat vergi borcu hesablanmışdır (4-cü rüb üzrə - 30 manat). Belə ki, 2021-ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəsinin 10000 manat, ödənilməli sadələşdirilmiş vergi məbləğinin isə 200 manat (10000*2/100) olduğu bəyan edilmişdir. Lakin 2021-ci ilin yük gömrük bəyannamələrinin məlumatlarına əsasən vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 404003,55 manat, elektron qaimə faktura ilə alınmış malların dəyəri 3123,71 manat olduğundan və vergi ödəyicisinin 2021-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində malların təqdim edilməsindən dövriyyəsinin 199255,10 manat olduğu bəyan edildiyindən və 2021-ci ilin sonuna mal qalığı olmadığından idxal olunmuş malların dəyərindən 2-cü rüb ərzində təqdim edilmiş malların dəyəri çıxılmaqla qalan məbləğdə malların 2021-ci ilin 3-cü rübündə təqdim edildiyi müəyyən edilmiş və həmin məbləğə uyğun sadələşdirilmiş vergi hesablanmışdır. Beləliklə 2021-ci ilin 3-cü rübü üzrə vergi ödəyicisinin təqdim etdiyi malların dəyəri (404003,55+3123,71)- 199255,10=207872,16 manat müəyyən edilmiş və həmin məbləğə uyğun 4157,44 manat (207872,16*2/100) sadələşdirilmiş vergi müəyyən edilmiş və vergi ödəyicisinin bəyannaməsi nəzərə alınmaqla əlavə olaraq 3957,44 manat məbləğində hesablama aparılmışdır. Göründüyü kimi cavabdeh orqan tərəfindən təqdim edilmiş idxal mallarının dəyəri ilə bağlı vergi ödəyicisinin təqdim etdiyi faktiki məlumatları göz ardı edərək, gömrük orqanları tərəfindən müəyyən edilmiş statistik dəyərlər əsas götürülmüşdür.

12. Vergi ödəyicisi öz dövriyyəsini 10000 manat olaraq bəyan etmiş və bu məlumat vergi orqanı tərəfindən qəbul edilməmişdir. Vergi orqanı isə, sadəcə idxal edilən malların dəyərini (404003,55 manat) və elektron qaimə faktura ilə alınmış malların dəyərini (3123,71 manat) nəzərə alaraq, vergi ödəyicisinin 3-cü rübdəki dövriyyəsini hesablamışdır. Lakin, bu yanaşma Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə ziddir. Bu maddələrə əsasən, vergi ödəyicisi öz dövriyyəsini doğru bəyan etmişdirsə, vergi orqanı bu məlumatı əsassız olaraq dəyişdirməməli və təkrar hesablamalar etməməlidir. Odur ki, vergi orqanının idxal mallarının statistik dəyərinə əsaslanaraq vergi borcu hesablaması qanunsuz olmuşdur.

13. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** №-li ekspert rəyinin nəticə hissəsində 2-ci suala cavab olaraq sadələşdirilmiş vergi məbləğinin müəyyən edilmədiyi qeyd edilmişdir. ƏDV üzrə sentyabr 2021-ci ildə büdcədən qaytarılmalı olan ƏDV 1911740,06 manat bəyan edilmişdir. Oktyabr 2021-ci ildə büdcədən qaytarılmalı ƏDV 3773,57 manat bəyan edilmişdir. ##.##.2023-cü il tarixli qərarla cavabdeh orqan əlavə 6587,68 manat vergi borcu hesablamışdır. ##.##.2023-cü il tarixli qərarla 2021-ci ilin sentyabr ayı üçün 6587,68 manat büdcəyə ödənilməli ƏDV məbləğinin hesablanmasının mahiyyəti ondan ibarətdir ki, həmin dövr üzrə vergi ödəyicisinin ##.##.2022-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin kameral qaydada yoxlanılması zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlərdə (yəni ##.##.2021-ci il tarixdən sonra) idxal üzrə ödənilmiş ƏDV məbləğinin 18019,17 manat olmasına baxmayaraq, vergi ödəyicisinin əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyənnamələri üzrə cəmi əvəzləşdirilən ƏDV məbləği 43780,91 manat olmuşdur ki, nəticədə də, 25761,74 manat məbləğində kənarlaşma yaranmışdır. Belə ki, müvafiq nömrəli yük gömrük bəyannamələri üzrə idxal əməliyyatı aparılan zaman vergi ödəyicisinin ƏDV qeydiyyatında olmadığı səbəbindən həmin YGB üzrə əvəzləşdirmə aparıla bilmədiyi halda təqdim etdiyi bəyannamədə həmin bəyannamələr üzrə ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirdiyi üçün kameral vergi yoxlaması zamanı həmin məbləğlər əvəzləşdirmədən çıxarılmış və nəticədə büdcəyə ödənilməli ƏDV məbləğinin 19174,06- 25761,74=6587,68 manat olması barədə qərar qəbul edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannaməyə əsasən, idxal əməliyyatları üzrə ödənilən ƏDV məbləği 18019,17 manat olaraq müəyyən edilmişdir. Lakin, vergi ödəyicisi, 43780,91 manat məbləğində əvəzləşdirilən ƏDV təqdim etmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV yalnız müəyyən əməliyyatlar üzrə ödənilən məbləğlərə görə əvəzləşdirilə bilər. Konkret olaraq, "ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği" (175.1) əvəzləşdirilməlidir. Hazırkı iş üzrə iddiaçı ƏDV ödəyicisi olmadığından ödənilmiş ƏDV məbləğləri qanuna uyğun əvəzləşdirilə bilməzdi. Cavabdeh orqan tərəfindən kameral yoxlama nəticəsində, ödənilmiş ƏDV məbləği ilə bəyannamədə göstərilən məbləğlər arasındakı fərq olan 25761,74 manat çıxarılmış və düzgün hesablanmış büdcəyə ödənilməli olan ƏDV məbləği - 6587,68 manat hesablanmışdır.

14. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** №-li ekspert rəyinin nəticə hissəsində 3-cü suala cavab olaraq büdcəyə ödənilməli ƏDV məbləğinin 19174.06- 25761.74=6587.68 manat olduğu müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli qərarla cavabdeh orqan əlavə olaraq 2021-ci il üzrə - 6360.36 manat, 2019-cu il üzrə 424,92 manat gəlir vergisi hesablamışdır. Belə ki, məlumat uçot bazasına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu ildə 8498,30 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, həmin dövr üzrə vergi orqanına bəyənnamə təqdim etmədiyi müəyyən edildiyindən Vergi Məcəlləsinin 102.1.30- cu maddəsinə əsasən 2019-cu il üçün vergi ödəyicisinin gəlir vergisindən mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi 75 faiz güzəşt hüququ nəzərə alınmaqla (8498,30−(8498,30×0,75))×0,20=424,92 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** №-li ekspert rəyinin nəticə hissəsində ödənilməli olan gəlir vergisi 70,82 ((8498.30/120*20*20%)*25%)) manat məbləğində müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili vergi borcunun hesablanması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, */**** №-li ekspert rəyi ilə razılaşdığını bildirmiş, məhkəmədən sözügedən rəyin nəzərə alınmasını xahiş etmişdir. Istinad olunan ekspert rəyində iddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olaraq tərtib edilməsi, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV, Gəlir vergisi və Sadələşdirilmiş vergi bəyənnamələrinin iş materiallarında olan yük gömrük bəyannamələrinə (idxal) və vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər siyahısına uyğunluğu müəyyən edilmişdir.

15. Beləliklə, iddiaçıya hesablanmış ümumi vergi borcu 10970,04 manat olmuşdur ki, həmin borcun 6658.5 manat hissəsi məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmışdır. Qalan- 4311.54 vergi borcunun hesablanması isə əsassız olmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf kassasiya şikayətində qeyd edir ki, Şəki Inzibati Məhkəməsi sadələşdirilmiş verginin hesablanması ilə bağlı qanunvericiliyin tələblərini düzgün müəyyən edə bilməmiş, hətta özünün istinad etdiyi Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə zidd qərar qəbul etmişdir. Lakin, bu ziddiyyətin nədən ibarət olmasını göstərmir. Yəni, cavabdeh adıçəkilən maddələrin bu işdə pozulmasını təsdiq edən hər hansı bir sənəd və ya sübutu məhkəməyə təqdim etmir, yalnız bu fikirlərini əvvəlcə apellyasiya şikayətində, indi isə kassasiya şikayətində bəyan etməklə kifayətlənir. Cavabdeh tərəf kassasiya şikayətində qeyd edir ki, həm Şəki Inzibati Məhkəməsi, həmçinin Şəki Apellyasiya Məhkəməsi öz qərarlarını əsaslandırmamış, qərarı bütünlüklə yanlış ekspert rəyi əsasında qəbul etmişdir. Bu yanaşma yalnız baxılan işin yubadılmasına, əsassız şəkildə uzadılmasına yönəlmişdir. Müvafiq ekspert rəyi ##.##.2023-cü ildən e-məhkəmə sisteminə yerləşdirilib, məhkəmənin yekun qərarı isə ##.##.2024-cü ildə qəbul edilib, yəni 1 il 28 gün ərzində cavabdeh tərəf həmin ekspert rəyindən şikayət verə bilərdi, təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə vəsatət verə bilərdi, lakin bunu etməmişdir. Hətta apellyasiya məhkəməsində işə baxılan zaman cavabdeh tərəf ekspert rəyində yanlışlığın və ya özlərinin qeyd etdiyi kimi “qanunsuzluğun” konkret olaraq nədə özünü büruzə verməsi, vergi qanunvericiliyinin konkret olaraq hansı maddəsinin və ya normasının pozulmasını, ekspert rəyinin məhz hansı hissəsində səhv hesablamanın aparılmasını göstərə bilməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı məhkəməyə heç bir əsaslı ərizə, vəsatət, yaxud da hər hansı bir sənəd və ya sübut təqdim etməmişlər. Cavabdeh tərəf kassasiya şikayətində qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini öz qərarına köçürməklə kifayətlənmiş, qərarını əsaslandırmamış, cavabdehin apelyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmişdir. Beləliklə, göründüyü kimi məhkəmə kollegiyası vergi qanunvericiliyinin normalarının düzgün şərh etməmiş, işin faktiki hallarını düzgün müəyyən edə bilməmiş, iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmişdir. Cavabdeh qeyd etdiyi fikrini əsaslandırmaq üçün heç bir dəlil gətirmir. Yalnız AR Vergi Məcəlləsinin müxtəlif (16, 32.4, 37.4, 20, 67, 218.4, 219.1 və s.) maddələrini sadalayır, hətta həmin maddələri kassasiya şikayətinə olduğu kimi köçürməklə guya həmin maddələrin pozulmasını bəyan edir. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş və iş materiallarına əlavə edilən sənədləri araşdırmamış və qiymətləndirməmişdir. Bu nöqteyi nəzərdən də, barəsində şikayət olunan Şəki Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Çünki, məhkəmə kollegiyası nəinki mübahisənin araşdırılması istiqamətində heç bir addım atmamış, həm də cavabdehin apellyasiya şikayətinin tamamilə əsaslandırılmış dəlillərini görməzdən gəlmiş, onlara münasibət bildirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassız olmaqla ləğv olunmalıdır. Cavabdeh həm birinci, həm də apellyasiya instansiyasında qeyd etdiyi şifahi mülahizələri təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hətta bu halların araşdırılmasını tələb edən vəsatət və ya ərizə də təqdim etməmişlər. Bütün məhkəmə gedişində cavabdeh tərəf yalnız iddia ərizəsinə və ekspertiza təyin olunması barədə vəsatətə etiraz təqdim etmişdir. Ən azından e–məhkəmə sistemində hər iki tərəfin məhkəməyə təqdim etdikləri sənədlər var və istənilən vaxtı həmin sənədlərə baxmaq olar. Cavabdeh kassasiya şikayətində bir neçə dəfə vurğulayır ki, guya məhkəmənin qərarı heç bir sübuta, sənədə əsaslanmır, işin faktiki tərəfləri də araşdırılmamışdır. Bu yanaşma tamamilə əsassızdır, belə ki, mübahisə predmeti xüsusi bilik və bacarıq tələb edən məsələdir, konkret olaraq mühasibatlıq, maliyyə, uçot, hesablama kimi konkret sferanın mütəxəssisi və ya ekspertinin rəyini tələb edən məsələ olduğuna görə məhz məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və müvafiq rəy də məhkəməyə təqdim edilmişdir, həmçinin həmin rəy məhkəmə prosesində də hər iki tərəfin iştirakı ilə müzakirə olunmuş, ən əsası da cavabdeh həmin rəyə öz etirazını bildirməmişdir. Hətta bu işin ekspertizaya göndərilməsi zamanı həm iddiaçı, həmçinin cavabdeh tərəfə ekspert qarşısında sualların qoyulması üçün də kifayət qədər vaxt verilmişdir və hər iki tərəfin, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə tərtib etdiyi suallar da nəzərə alınmış və ekspertizaya təqdim edilmişdir. Odur ki, məhkəmə qərarını əsaslandırılmamış, heç bir sübuta istinad edilməmiş kimi qiymətləndirmək düzgün deyil. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsində qeyd edilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Inzibati icraat haqqında AR Qanununun 19-cu maddəsində qeyd edilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən iddianın təmin edilməsi üçün əsasların olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## #### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar