Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-304/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1939, FİN:xxxxxxx) cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayonu Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 198528 mart 1995- ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-658/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Quba rayonu, Tüləkəran Sovetinin İcraiyyə Komitəsi sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1985-28 mart 1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1624/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı Quba rayonu, Tüləkəran sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx.1985-xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdeh Quba Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin t əmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-658/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)1624/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı Quba rayonu Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba Rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1985-28 mart 1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
6. İddiaçı sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-658/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasını Ali Məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş 2-1(102)-2559/2022 saylı bildirişdə qərardadın 18 noyabrda iddiaçı tərəfindən rəsmi qaydada alınması ilə bağlı məlumat texniki səhv olaraq qeyd edilmişdir. Çünki əgər iddiaçı qərardadı 18 noyabrda rəsmi qaydada almış olsa, 22 noyab r tarixdə şikayət verərkən 10 günlük müddəti ötürə bilməzdi. Bununla da iddiaçı iş materiallarında qərardadın onun tərəfindən alınma tarixinin hansı tarix qeyd edildiyini bilmədiyini, əgər qərardaddan şikayətlə bağlı müddəti ötürmüşsə də, bu üzrlü səbəblərdən və ya poçt rabitəsində çalışan şəxslərin məsuliyyətsizliyi səbəbindən baş verdiyini qeyd edir. Çünki poçt göndərişlərinin izlənməsinə dair elektron portalda da həmin məktubun iddiaçıya 13 noyabr 2022-ci il tarixdə çatdırıldığının qeyd edilməsi onun yanılaraq müddəti üzrlü səbəbdən ötürməsinə səbəb ola bilərdi. İddiaçı hesab edir ki, formal əsaslara görə buraxılmış müddətin bərpasından imtina edilməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit olunmuş s əmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən ist ifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə
90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəmə sində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tut ulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
12. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Qeyd edilən hallar kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.
13. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 (on) günlük müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
14. İddiaçı müddətin bərpası barədə məhkəməyə ərizə təqdim etmişdir. Müddətin bərpası barədə ərizədə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir.
15. İddiaçının prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya göndərilmiş 27 dekabr 2022-ci il tarixli bildirişdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-658/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadının iddiaçıya 18 noyabr 2022—ci il tarixdə qeyd edilməsi ilə bağlı qeyd texniki səhv olaraq qeyd edilmiş və bu barədə 15 fevral 2023- cü il tarixli təkrar bildiriş göndərilmiş, qərardadın 9 noyabr 2022-ci il tarixdə təqdim edildiyi bildirilmişdir.
16. Bundan başqa poçt göndərişlərinin izlənməsi barədə portalda qərardadın təqdim edilməsi 13 noyabr 2022-ci il tarix qeyd edilsə də, iddiaçının özünün imzaladığı poçt göndərişinin təqdim edilməsi barədə qəbzdə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarix göstərilməklə qəbzə imza edilmişdir.
17. Beləliklə, məhkəmə kollegiyası iddiaçının dəlilini ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü və yetərli səbəb hesab etmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-658/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.