Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3049/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış binasının istismarına icazə sənədinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “İstismara icazə sənədinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, *** nömrəli “2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə” sənədinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat” MMC tərəfindən inşa edilmiş 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binasının istismarına ##.##.2019-cu il tarixdən icazə verilmişdir (Tikintiyə dair icazə sənədləri qismində Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı Şəhər Dövlət Memarlıq-Tikinti Müfəttişliyinin ##.##.2004-cü il tarixli, **** nömrəli və ##.##.2005-ci il tarixli, **** nömrəli “İcazə” sənədləri göstərilmişdir).
2. İstismara icazə sənədinin 8-ci bəndində tikinti obyektinin əsas texniki göstəriciləri kimi binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi (yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə), mənzillərin sayı 309 ədəd, mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) ədəd, girişlərin sayı 6 ədəd göstərilmişdir.
3. İstismarına icazə verilmiş həmin yaşayış binalarından ** saylı binanın mansarda mərtəbəsində yerləşən ** nömrəli mənzil ##.##.2020-ci il tarixdə, ** nömrəli mənzil isə ##.##.2020-ci il tarixdə üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına müvafiq çıxarışlar verilmişdir.
4. Sözügedən binanın 14-cü mərtəbəsində yerləşən ** nömrəli mənzil ##.##.2020ci il tarixdə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına müvafiq çıxarış verilmişdir.
5. Sözügedən binanın 14-cü mərtəbəsində yerləşən **A nömrəli mənzil ##.##.2019cu il tarixdə iddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına müvafiq çıxarış verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “İşıq İnşaat” MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binası sırasında olan ** saylı evin istismarına ##.##.2019-cu il tarixli, *** nömrəli icazə sənədinin 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi” bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəsində yerləşir. Mənzillərdən yuxarıda isə binanın dam hissəsi yerləşir. 2018-ci ilin yayında bütün qonşular kimi onlar da yaranan səs küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrəniblər ki, onları məlumatlandırmadan “İşıq İnşaat” MMC-nin rəhbərliyi tərəfindən binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi texniki sahənin, əsas layihə sənədlərinə zidd olaraq, mənzil kimi istifadə edilməsi üçün təmir işləri aparılır. İddiaçılar “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüquqları pozulanadək mövcud olan vəziyyətin bərpası, hüquqlarını pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh “İşıq İnşaat” MMC-yə qarşı Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən ** saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış, iddiaçıların mənzil hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh “İşıq İnşaat” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda, “İşıq İnşaat” MMC-nin müdiriyyəti binanın damında yerləşən qeyri-yaşayış sahəsini ** saylı mənzil kimi üçüncü şəxs1 satmış və hətta həmin sahəyə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi 1120077216 olmaqla ##.##.2020-ci il tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılması, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərə və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyinə görə həmin hallar iddiaçıların narahatlığına gətirib çıxarmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən kobud qanun pozuntularına yol verilməklə qeyri-yaşayış sahəsi təyinatı dəyişdirilərək mənzil sahəsi hesab edilmişdir. Mübahisə predmeti olan sahə layihədə məhz qeyri-yaşayış sahəsi kimi əks olunmuş, oraya hətta lift vasitəsilə xidmət göstərilməsi də nəzərdə tutulmamışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli, */**** nömrəli məktubunda bildirmişlər ki, həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsi hesab edilməsinə dair layihə sənədlərində heç bir dəyişiklik edilməmiş və bu məqsədlə heç bir sərəncam verilməmişdir. Bundan başqa onlara məlum olmuşdur ki, yaşayış binasının istismarına ##.##.2019-cu il tarixdə cavabdeh tərəfindən verilmiş icazə sənədinin 8-ci bəndində, layihədə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulsa da, “Tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi bölməsində (“yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydi edilməklə), binanın mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin mənzil kimi istismar edilməsinə göz yumulmuşdur. Halbuki, nə həmin icazə sənədi verilənədək, nə də bu günə kimi sözügedən qeyri-yaşayış sahəsi mənzil kimi istifadə edilməmişdir. Həmin sahə təyinatına, yerləşməsinə və ölçülərinə, bir sözlə şəhərsalma və tikinti normalarına görə də mənzil kimi istifadə edilə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cü maddəsi müəyyən edir ki, yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. İmperativ xarakterli həmin qanun normasının tələbləri pozularaq verilmiş sənədlərdən isə görünür ki, yaşayış sahəsi qismində üçüncü şəxs1 mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmış həmin qeyri-yaşayış sahəsinin döşəməsindən tavanına kimi olan hündürlüyü 2 metr 55 sm təşkil edir. Qeyd edilən qanun pozuntusunun aradan qaldırılması, məqsədilə cavabdehə müraciət edilsə də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq cavab alınmamışdır.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən “İşıq İnşaat” MTK-ya məxsus çoxmənzilli yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamı ilə torpaq sahəsi ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2005-ci il tarixli tikinti işlərini aparmaq üçün icazə sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanının icrası çərçivəsində Komitənin ##.##.2019-ci il tarixli *** nömrəli “İstismara icazə” sənədi əsasında “İşıq İnşaat” MTK-ya məxsus 6 ədəd 1 girişli, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Bildirilir ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı, ötən müddət ərzində sakinlərin hüquq və maraqları nəzərə alınmadan, şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tikilmiş və ya sənədləşdirilməsində ciddi qüsurlar olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. Həmin Fərmana əsasən 2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Həmin Fərmanının 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən “İşıq İnşaat” MMC, üçüncü şəxs1, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi üçüncü şəxslər qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə hesab edir ki, tikintiyə icazə üçüncü şəxs üçüncü şəxs1 məxsus ** nömrəli evin mansarda mərtəbəsinə münasibətdə qanuni hesab edilə bilməz. Belə ki, həmin icazə inzibati aktın qəbulu üçün nəzərdə tutulmuş məqsədə uyğun olmamaqla, inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olmayaraq, yəni səlahiyyətlərinin yanlış tətbiqi nəticəsində qəbul edilmişdir. Qeyd edilənlər mübahisələndirilən inzibati aktın mübahisələndirilən hissədə qanunsuz olduğu və dəyişdirilməli olduğu qənaətinə gəlmək üçün yetərlidir. Məhkəmə nəzərə alır ki, “İşıq İnşaat” MMC həmin mansarda mərtəbəsinin texniki mərtəbə olması və bina sakinlərinin ümumi mülkiyyətində olan sahə olmasına dair mənzil mülkiyyətçilərinin məhkəmə iddialarının yekun ərəfəsində (birinci instansiya məhkəməsinin qətnaməsi ##.##.2018-ci il tarixli, Ali Məhkəmənin yekun aktı ##.##.2019-cu il tarixlidir) qeyd edilən məhkəmə aktlarının icrasından yayınmaq məqsədilə tikinti obyektinin istismarına dair cavabdeh tərəfindən ##.##.2019-cu il tarixdə istismara icazə sənədinin hazırda mübahisələndirilən şəkildə qəbul edilməsinə nail olmuşdur. Halbuki, ilkin olaraq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli və ##.##.2005-ci il tarixli, **** nömrəli tikintiyə icazə sənədində bir girişli 14 mərtəbəli 6 yaşayış binasının tikintisinə icazə verilmiş, tikintiyə icazədə mansarda səviyyəsinin yaşayış təyinatına dair hər hansı qeyd mövcud olmamışdır və qüvvədə olan məhkəmə aktlarına əsasən həmin sahənin (mansarda mərtəbəsinin) ** saylı binanın sakinlərinin ümumi istifadəsində olan texniki sahə (liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sisteminin kommunikasiya xətlərinin yerləşdiyi sahə) olması müəyyən edilmişdir. Qeyd edilən mübahisəli vəziyyət “İşıq İnşaat” MMC-yə məlum idi (həmin tarixə ən azı iki instansiya məhkəməsinin həmin məsələyə dair qənaəti mövcud idi). Belə ki, hazırkı iş üzrə cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin iş üzrə tərəf olmasa da belə, artıq məhkəmə tərəfindən müəyyən edilmiş hallar mövcud idi. Odur ki, “İşıq İnşaat” MMC inzibati aktın qanunsuz olduğunu bildiyi üçün etimadının qanunla qorunması hüququ yoxdur.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “xxxx” KB ASC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Rəşid Səmədov) ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh və üçüncü şəxs “xxxx” KB ASC ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.
kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin II cildinin 81 və 88-ci vərəqlərində olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, üçüncü şəxs üçüncü şəxs1 xüsusi mülkiyyətində 2 mənzil vardır, yəni həmin binada yerləşən qeydiyyat tarixi ##.##.2020-ci il olan ** nömrəli və qeydiyyat tarixi ##.##.2020-ci il olan ** nömrəli mənzillər. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən binanın ** nömrəli mənzilində müayinə sadəcə iddiaçıların və üçüncü şəxs üçüncü şəxs1 nümayəndələrinin iştirakı ilə aparılmış, nə mütəxəssis, nə ekspert işə cəlb edilərək, müayinəyə dəvət edilməmişdir. Halbuki üçüncü şəxs “xxxx” KB ASC tərəfindən məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması barədə ərizə və əmlaka baxış keçirilməsi barədə vəsatət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi həm ərizəni, həm də vəsatəti təmin etməmişdir. Yəni bu hərəkətlərin edilməsi zəruridir. Belə ki, üçüncü şəxs1 xüsusi mülkiyyətində olan mansardanın yaşayış sahəsi kimi istifadə edilməsinin iddiaçıların nə kimi hüquqlarının pozulması, belə bir iddia irəli sürməsinə subyektiv hüququnun olub-olmaması tam və hərtərəfli araşdırılmamışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, adıçəkilən binanın istismarına icazə barədə ##.##.2019-cu il tarixli, *** nömrəli sənəd (icazə) “İşıq İnşaat” MMC-yə verilmişdir, yəni iddiaçılara deyil, təbii ki, bundan sonra iddiaçılar mənzilə dair müvafiq çıxarışı məhz bu inzibati akt əsasında almışlar. Yəni, ən azı həmin dövrdə bu inzibati aktdan xəbərləri olmalı idi. Başqa sözlə, iddiaçılara yönəlməyən və onlara aid olmayan əlverişli inzibati aktın (icazənin) iddiaçılar tərəfindən mübahisələndirilməsinə subyektiv hüquqlarının olub-olmaması məsələsi də diqqət mərkəzində olmaqla, tam və hərtərəfli araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, iş apellyasiya instansiyası məhkəməsində olduğu zaman “xxxx” KB ASC işə üçüncü şəxs kimi cəlb edilərək, üçüncü şəxs1 rəsmi olaraq hərrac vasitəsilə sözügedən binanın 58 və ** nömrəli mənzillərini (ipoteka saxlayan olaraq) əldə etdiyini bildirmiş və buna dair mötəbər sənədlər təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki bank bu məsələdə vicdanlı əldə edəndir və onun hüquqları qanun tərəfindən qorunur. Habelə, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin “İşıq İnşaat” MMC-nin əlverişli inzibati akt olan adıçəkilən binanın istismarına icazə verilməsi barədə sənədə (icazəyə) etimadının qanunla qorunması hüququnun olmadığı barədə gəldiyi nəticə ilə razılaşmış, lakin maraqlı şəxs olan üçüncü şəxs1 və “xxxx” KB ASC-nin “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə uyğun olaraq həmin icazəyə etimadının qanunla qorunması istiqamətində, ümumiyyətlə, araşdırma aparmamışdır.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Ceyhun Məmmədov) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, ##.##.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İstismara icazə sənədinin 8-ci bəndində tikinti obyektinin əsas texniki göstəriciləri kimi binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə göstərilmiş, mənzillərin sayı 309 ədəd, mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) ədəd, girişlərin sayı 6 ədəd qeyd olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Göründüyü kimi, mansarda mərtəbəsi həm yaşayış, həm də qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulur. Mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istismarına icazə verilməsi tikinti hüquq normalarının pozulması hesab edilmir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanında qeyd olunur ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir. Həmin Fərman da məhz belə çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsinə xidmət edir. Həmin Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini təmin etmək məqsədilə verilmiş və 2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydalarını müəyyən edir. Mübahisələndirilən istismara icazə sənədi məhz qeyd olunan Fərmanın tələblərinə uyğun verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 34, mənzil 58 və 59 müvafiq olaraq ##.##.2020-ci və ##.##.2020-ci il tarixlərdə üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzillərin “xxxx” KB ASC-də ipoteka ilə yüklü edilməsi və hərrac vasitəsi ilə bank tərəfindən əldə olunması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapdığından, “xxxx” KB ASC hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Birinci instansiya məhkəməsi “İşıq İnşaat” MMC-nin əlverişli inzibati akt olan adıçəkilən binanın istismarına icazə verilməsi barədə sənədə (icazəyə) etimadının qanunla qorunması hüququnun olmadığını qeyd etsə də, üçüncü şəxs1 və “xxxx” KB ASC-nin “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə uyğun olaraq həmin icazəyə etimadının qanunla qorunması məsələsinə qiymət verməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, mübahisələndirilən icazə sənədi ilə bağlı həmin şəxslərə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından (həmin Qanunun 67.5-ci maddəsinə uyğun olaraq) onlar etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən icazə sənədinin 8-ci bəndində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında 6 ədəd yaşayış binasının hamısında mərtəbələrin sayı 14 (+2 səviyyəli mansarda) və binanın ümumi sahəsində mənzillərin ümumi sahəsi yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə göstərilmişdir. Belə olan halda yalnız bir binaya aid hissədə dəyişikliyin edilməsi qeyri-bərabərliyə və qeyri-müəyyənliyə səbəb olar. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyasında ikinci icraat zamanı iddiaçıların nümayəndəsi və vəkilinin, üçüncü şəxs “xxxx” KB ASC-nin nümayəndəsi və vəkilinin, DƏDKR * saylı Bakı Ərazi İdarəsinin mühəndisinin iştirakı ilə həmin yaşayış sahəsinin məhkəmə tərəfindən yerində müayinəsi həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, iddiaçıların mənzillərinin yerləşdiyi mərtəbədən pilləkən mansarda mərtəbəsinə qalxır, mansarda mərtəbəsinin ümumi giriş qapısı mövcuddur və həmin qapı mansarda mərtəbəsinin koridoruna açılır. Binanın liftlər, havalandırma sistemi koridorda yerləşir, koridor mübahisələndirilən 58 və ** nömrəli mənzillərin sahəsinə aid deyil. Həmin koridorda 58 və ** nömrəli mənzillərin hər birinin ayrıayrılıqda giriş qapısı var. Koridora açılan qapı 58 və ** nömrəli mənzillərin qapısı deyil. Mansarda mərtəbəsində ümumi istifadə yerləri 58 və ** nömrəli mənzillərdən ayrıdır, ümumi istifadə yerindən mənzillərə keçirlər, həmin mənzillər mansarda mərtəbəsində sakinlərin ümumi istifadə yerlərindən istifadəsinə maneçilik törətmir. Qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən icazə sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdir, onun dəyişdirilməsinə əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir.
21. İddiaçı iddiaçı1 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin dəlilləri təşkil edir.
kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Üçüncü şəxs “xxxx” KB ASC tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçı iddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Maddə 3.0.15. mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə; Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
25. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Fərmanı Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, 2019-cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019cu il ######ın #-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; 1.2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 4.1. istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin etsinlər;
9. Bu Fərman 2020-ci ilin ######ın #-dək qüvvədədir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi və iddia bölünməz olduğu üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi onların mülkiyyətlərində olan mənzillərin yerləşdiyi yaşayış binasının mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istismarına verilmiş icazənin ləğv edilməsinə nail olmaqdan ibarətdir. Bu səbəbdən də iddiaçılar sözügedən yaşayış binası da daxil olmaqla 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binasının istismarına verilmiş ##.##.2019-cu il tarixli, *** nömrəli icazə sənədinin 8-ci bəndində “tikinti obyektinin əsas texniki göstəriciləri” hissəsində “mənzillərin ümumi sahəsi” bölməsində “yaşayış üçün istifadə olunan 2 səviyyəli mansarda ilə birlikdə” qeydinin həmin sənəddən xaric edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışlar.
33. İddiaçılar tələblərinin əsası kimi sözügedən yaşayış binasının mansarda mərtəbəsinin yaşayış sahəsi kimi binanın layihə sənədlərində nəzərdə tutulmamasına, layihə sənədlərindən kənara çıxılmasının, habelə binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılmasının isə, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərə və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyinə istinad etmişlər.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.