Məhkəmə qərarları › İş №2-1(102)-3063/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3063/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3063/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sosial adaptasiya ilə bağlı birdəfəlik pul müavinətinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Rusiya CIFXI-nin Tula vilayəti üzrə * saylı Islah koloniyası tərəfindən verilmiş ****** nömrəli arayışdan görünür ki, iddiaçı ##.##.2015-ci ildə Kaluqa vilayəti Kaluqa Şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndinə, 111-ci maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 3-cü hissəsinə əsasən – cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. ## #### 2014-cü ildən ## ### 2024-cü ilədək cəzasını çəkib qurtarmaqla cəzadan azad olunmuşdur.

2. Rusiya Federasiyası Tula vilayətinin Kimovsk Rayon Məhkəməsinin ## #### 2024cü il tarixli qərarından görünür ki, X1 Nazirliyinin Tula vilayəti üzrə Idarəsinin inzibati qaydada deportasiya edilməli olan Azərbaycan Respublikası vətəndaşı İddiaçı X1 Nazirliyinin Tula vilayəti üzrə Idarəsinin X4ma müddətinin uzadılması barədə inzibati iddiası təmin edilmiş, Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ##.##.1994-cü il təvəllüdlü, İddiaçı X1 Nazirliyinin Tula vilayətində vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsində (Kimovskda yerləşən), Tula vilayəti, Kommunist küçəsi, ev 7d, qalan müddətin 60 gün, yəni ##.##.2024-cü il tarixədək uzadılması qərara alınmışdır.

3. Iddiaçının sənəd məlumatları barədə AZEMIS-dən çıxarışdan görünür ki, ona ##.##.2024-cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Iddiaçının ünvanı ünvan 1 qeyd edilmişdir.

4. Iddiaçı sosial adaptasiya ilə bağlı birdəfəlik pul müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı Rusiya Federasiyası Ədliyyə Nazirliyi Federal Dövlət Müəssisənin CIFXI-nin Tula vilayəti üzrə * saylı Islah koloniyasının ##.##.2024-cü il tarixli arayışına əsasən, ##.##.2014-cü il tarixdən ##.##.2024-cü il tarixədək azadlıqdan məhrumetmə yerlərində cəza çəkib və cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. O, ##.##.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin ödənilməsini xahiş etmiş, lakin 3 ay müddətinə Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığından müraciətin müsbət həlli mümkün olmamışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və cavabdehin üzərinə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq, ona minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası Kaluqa vilayəti Kaluqa Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi və 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Kaluqa Regional Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. O, həmin cinayət işi üzrə ## #### 2014-cü ildən həbsdə olmuşdur. Buna görə də hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını ##.##.2024-cü il tarixdə çəkib qurtarmış və həbs yerindən azad olunmuşdur. Hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını Rusiya Federasiyasının Tula vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkmişdir. 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkməyi barədə cəzaçəkmə müəssisəsi tərəfindən ona ## ### 2024-cü il tarixli, ****** nömrəli arayış (Forma-B arayışı) verilmişdir. Bundan sonra məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasına deportasiya olunmalı idi, lakin sənədləri qaydasında olmadığından, yəni Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına göndərilməsi mümkün olmamışdır. Rusiya Federasiyası Tula vilayətinin, Kimovsk Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına əsasən onun Tula vilayətində X4ma müddəti ##.##.2024-cü il tarixədək uzadılmışdır. ##.##.2024-cü il tarixdə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsini əldə edib həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikasına qayıtmışdır. Bu səbəbdən o, Rusiya Federasiyasında azadlıqdan məhrum etmə cəzasını ##.##.2024-cü il tarixdə çəkib qurtarsa da, Azərbaycan Respublikasına ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə əsasən qayıtmışdır. ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra qanunla müəyyənləşdirilmiş 3 ay ərzində, yəni ##.##.2024-cü il tarixdə birdəfəlik müavinətin alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ##.##.2024ci il tarixdə qəbul etdiyi əsassız qərarla müraciətini təmin etməmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən, yəni sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün həbsdən azad olduqdan dərhal sonra Azərbaycan Respublikasına qayıda bilməmişdir.

7. Cavabdeh iddia tələbinə etirazını imtinaya uyğun əsaslandırmışdır.

8. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: M.T.Mahmudlu-Abbaszadə) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. Iddiaçı Rusiya Federasiyası Kaluqa vilayətinin, Kaluqa Rayon Məhkəməsinin ## #### 2015-ci il tarixli hökmünə əsasən, Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi və 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Kaluqa Regional Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı həmin cinayət işi üzrə ## #### 2014-cü ildən həbsdə olmuşdur. Buna görə də hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını ## ### 2024-cü il tarixdə çəkib qurtarmış və həbs yerindən azad olunmuşdur. Bundan sonra, iddiaçı məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasına deportasiya olunmalı idi, lakin sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına göndərilməsi mümkün olmamışdır. Rusiya Federasiyası Tula vilayəti Kimovsk Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarına əsasən, iddiaçının Tula vilayətində X4ma müddəti ## ######## 2024-cü il tarixinədək uzadılmışdır. ## ######## 2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsini əldə edib, həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikasına qayıtmışdır. “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, iddiaçıya ##.##.2024-cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda istinad olunan Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş, cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət iddiaçının cəzadan azad edildiyi ##.##.2024-cü il tarixdən deyil, ##.##.2024-cü il tarixdən hesablanmalıdır. Belə olan halda, Qanunda nəzərdə tutulmuş 3 aylıq müddət də ötürülməmiş hesab olunacaqdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, T.B.Axundov və Z.İ.Məmmədov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cəza çəkməkdən azad edildikdən sonra öz iradəsi ilə ölkəyə qayıda bilməmiş, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına qayıtmağı mümkün olmamışdır. ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasına göndərilmişdir. Bu səbəbdən də iddiaçının cəza çəkməkdən azad edildikdən sonra üç aylıq müddət onun cəzadan azad edildiyi ##.##.2024-cü il tarixdən deyil, Azərbaycan Respublikasına deportasiya olunduğu ##.##.2024-cü il tarixdən hesablanmalıdır. Iddiaçı ##.##.2024-cü il tarixdən üç ay müddətində, yəni ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən, müddətin buraxılması əsası ilə iddiaçıya birdəfəlik müavinətin verilməsindən imtina barədə cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassız olmuşdur.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı “Inzibati icraat haqqında” Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmişdir.

15. Həmçinin, birinci və apellyasiya məhkəmələri tərəfindən iddiaçının ölkəyə qayıtmadığına səbəb olmuş ümumvətəndaş pasportuna malik olmaması halını araşdırmamış, həmin pasportun hansı tarixdə alınması və hansı səbəblərdən gec alınması ilə bağlı müvafiq sorğular göndərməmiş və qeyd edilən istiqamətdə araşdırma aparılmamışdır.

16. “Vətəndaş cəza çəkməkdən azad olunduqdan sonra istənilən vaxt sosial adaptasiya ilə bağlı müraciət edə bilər və həmin şəxsə münasibətdə adaptasiya tədbirləri həyata keçirilməlidir” mövqeyi sui-istifadə hallarına və sosial adaptasiyanın qanunçuluq, sosial ədalət, ünvanlılıq prinsiplərinin pozulmasına səbəb olacaqdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

18. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar ... 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər; 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemi. Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 3.2. cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunda nəzərdə tutulmuş tədbirlər yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər barəsində məhdudlaşdırıla bilər. Maddə 7. Sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması ... 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Maddə 14. Cəza çəkməkdən azad edilmiş şəxslərə sosial, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. ...

19. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, cavabdehin üzərinə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq, iddiaçıya minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin qoyulmasına dair lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı cəza çəkməkdən azad edildikdən sonra öz iradəsindən asılı olmayan səbəblərdən ölkəyə qayıda bilməmiş, yəni Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına qayıtmağı mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddətin, onun cəzadan azad edildiyi ##.##.2024-cü il tarixdən deyil, Azərbaycan Respublikasına deportasiya olunduğu ##.##.2024-cü il tarixdən hesablanmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Iddiaçı ##.##.2024-cü il tarixindən hesablanmaqla üç ay müddət ərzində, yəni ##.##.2024-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 3 aylıq müddət onun tərəfindən ötürülməmiş hesab edilməlidir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar