Məhkəmə qərarları › İş №2-1(102)-3064/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3064/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3064/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icra olunan funksional vəzifənin (işin) eyniliyi, güzəştli iş stajı barədə işəgötürənin arayışının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ona 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə azı 25 il (31 il 11 ay) ümumi iş stajına malik olması mübahisələndirilmir. Həmçinin iddiaçının işlədiyi 5 il 6 ay 11 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Hazırkı iş üzrə mübahisənin predmeti, iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların işlədiyi sahənin elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid olmaması təşkil edir. Cavabdeh hesab edir ki, iddiaçının ##.##.1988-##.##.1989-cu illərdə “Etilen Polietilen” zavodunda “briqadir”, ##.##.1993-##.##.1995-ci illərdə “baş usta” peşələrində işlədiyi peşələrin müvafiq Siyahıda göstərilmədiyini, həmçinin ##.##.2001-##.##.2005-ci illərdə və ##.##.2012- ##.##.2020-ci illərdə STP “xxxx” MMC-də “quraşdırıcı çilingər” işlədiyi sahənin arayışda göstərildiyi kimi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, filizin hazırlanması, bina, qurğu və digər obyektlərin inşasına aid deyildir. Qeyd edilməlidir ki, iddiaçı ona məxsus əmək kitabçasına əsasən, ##.##.1985-ci il tarixdən ##.##.1996-cı il tarixədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X1” zavodunun karbohidrogenlərin xlorlaşdırılması sexində “NÖC və avtomatika çilingəri”, “NÖC və avtomatika üzrə baş usta” peşələrində, ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək “Azərikimya” istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun buxar generator kompleksində “NÖC və avtomatika təmiri üzrə çilingər” peşəsində, ##.##.2012-ci il tarixdən ##.##.2020-ci il tarixədək “xxxx” MMC-də 4-cü dərəcəli “quraşdırıcı çilingər” peşəsində işləmişdir. İddiaçının ##.##.2012-ci il tarixdən ##.##.2020-ci il tarixədək “xxxx” MMC-nin Maşınqayırma zavodunun Xüsusi təyinatlı maşın və mexanizmlərin istehsalı sahəsində işlədiyi 4-cü dərəcəli “quraşdırıcı çilingər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 2-ci fəslində müəyyən edilmiş “Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması” 2.3 bəndinin a-fəhlələr hissəsinin 63-cü sətrində müəyyən edilmiş “metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodları avadanlığının quraşdırıcıları”, 81-ci sətrində müəyyən edilmiş “təmirçi çilingərlər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir, iş stajı 7 il 10 ay 5 gün təşkil edir. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur.

6. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 7.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).

11. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına onun işəgötürəninin (olmadığı təqdirdə isə, həmin sahədə fəaliyyət göstərən analoji müəssisənin) malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar