Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3069/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin ** saylı Yevlax ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-ölçü sənədinin verilməsi, vahid sənəd prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestrinin ** saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Torpağa mülkiyyət hüququna dair JN-0008 (kod: ********) nömrəli dövlət aktına əsasən, Yevlax rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 3,5771 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X2, X1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) mülkiyyətinə verilmişdir.
2. Yevlax rayon Dəlləklər kəndində yerləşən həmin 3,5771 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ##.##.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarış verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini xahiş etmişdir.
4. Cavabdeh sənədləşdirilməsi nəzərdə tutulan 3,5771 ha torpaq sahəsi ilə X5 Uçotu İnformasiya Sistemində göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin sahə göstəriciləri arasında uyğunsuzluq aşkar edildiyini, həmin məlumatlara əsasən torpaq sahəsinin ölçüsünün 2,5771 ha olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2015-ci il tarixli çıxarışa əsasən, iddiaçı və ailə üzvlərinin (inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X2, X1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) ümumi birgə mülkiyyətində olan Yevlax rayon Dəlləklər kəndində yerləşən 3,5771 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş ##.##.2015ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçı və ailə üzvlərinə məxsusdur. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Halbuki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə cavabdeh orqanın özü tərəfindən rəsmi sənəd (çıxarış) verilmişdir. Torpaq sahəsinin mülkiyyətdə olduğu halda, ona dair plan-ölçü sənədinin verilməsindən imtina edilməsi anlaşılmaz və absurd bir haldır.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ərazi idarəsinin arxiv materiallarına və elektron baza məlumatlarına əsasən araşdırma zamanı sənədləşdirilməsi nəzərdə tutulan 3,5771 ha torpaq sahəsi ilə X5 Uçotu İnformasiya Sistemində göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin sahə göstəriciləri arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin ölçüsü 2,5771 ha-dır. Azalmanın səbəbi onunla izah olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron (DWJ) xəritə baza məlumatlarına əsasən verilsə də, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli Fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşma ilə bağlı X4 İnformasiya Sistemi yaradıldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyasının olması ilə bağlıdır. İddiaçıya izah olunmuşdur ki, sənəd və faktiki sahə üzrə uyğunsuzluğun aradan qaldırılması üçün onun rəsmi razılığı əsasında 2,57 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi mümkündür. Bu sahədə artıq inzibati təcrübə də mövcuddur. Belə ki, hüquq sahibi faktiki istifadə etdiyi sahəyə dair azalmanı könüllü qaydada öz iradəsi ilə qəbul edir və buna dair notarial qaydada razılıq verir. İddiaçı 2,57 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsi ilə rəsmi müraciət edərsə, mübahisənin məhkəmədənkənar həlli mümkündür.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli, 2 *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X2, X1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Tural Həsənov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Vüqar Musayev) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin başlıca dəlili kimi iddiaçının istifadəsində olan torpaq sahəsinin elektron xəritə bazasına işlənilməsi zamanı həmin torpaq sahəsində faktiki istifadə vəziyyəti ilə əlaqədar azalma yarandığına istinad edir. Cavabdehin həmin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 3,5771 ha torpaq sahəsi üzərində iddiaçı və onun ailə üzvlərinin (üçüncü şəxslərin) ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin də mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Lakin, cavabdeh tərəfindən həmin torpaq sahəsinin plan-ölçü sənədi hazırlanmamışdır. İddiaçıya qüvvədə olan çıxarış əsasında torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsinə və mülkiyyət hüququnun bərpa edilməsinə cavabdehin etirazında və şikayətində göstərdiyi hallar mane ola bilməz. Belə ki, cavabdeh tərəfindən sözügedən 3,5771 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və üçüncü şəxslərin adına aparılmış qeydiyyatın qanuni olmadığı müəyyən edilmədiyindən, çıxarışda qeyd edilmiş torpaq sahəsinin plan-ölçü sənədinin tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Göründüyü kimi, cavabdeh inzibati orqan vəzifə öhdəliklərini tam yerinə yetirməyərək, torpaq sahəsinin texniki göstəriciləri ilə bağlı hər hansı araşdırma aparmamış, müvafiq ölçmə işləri ilə bağlı heç bir tədbir görməmişdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin plan-ölçü sənədini tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh orqanın vəzifəsidir. Eyni zamanda qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının və üçüncü şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin başqa vətəndaşın istifadəsində olması ilə bağlı cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 3,5771 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə nail olmaqdan ibarətdir.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və belə əsasların mövcudluğu müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə cavabdeh əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi barədə yenidən cavabdehə müraciət etməli olur və hətta müəyyən hallarda cavabdeh tərəfindən çıxarış verilmiş şəxslərə belə, müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da, növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə çıxarışla eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirilməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki sənədin (texniki pasportun və ya plan-ölçü sənədinin) verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq texniki sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə təqdim olunmasını ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtinasında istinad edilən hallar məhkəmə qərarının icrası mərhələsində həll olunmalı məsələlərdir və cavabdeh məhz icra mərhələsində xidməti vəzifəsinə görə həmin məsələlərin həlli (uyğunsuzluqların aradan qaldırılması) üçün müvafiq tədbirlər görə bilər.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.