Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3074/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Babayev İbrahim Saleh oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: karta mədaxil əməliyyatları üzrə şərti rentabellik qaydasında vergi hesablanması; sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Babayev İbrahim Saleh oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbi haqqında inzibati mübahisəyə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞIN HALLARI
1. İddiaçı (VÖEN: **********) fərdi sahibkar olan vergi ödəyicisi kimi ətriyyat və kosmetika mallarının pərakəndə satışı ilə məşğuldur.
2. Cavabdeh iddiaçıya ünvanlandığı “Vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə” *-**-*-*/*-*****/**** nömrəli məktubla, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən müvafiq əməliyyatların aparıldığına və bu əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu ehtimalının müəyyən edilidiyinə görə, həmin vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda, müvafiq bank hesablarından çıxarışların araşdırmaya təqdim edilməsi üçün iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehin inzibati binasına dəvət olunmuşdur.
3. İddiaçı tərəfindən cavabdehə müvafiq məlumatlar təqdim olunmadığından və inzibati icraatda iştirak etmədiyindən, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə iddiaçıya 2023-ci il üzrə 82.220,80 manat gəlir vergisi hesablanmışdır.
4. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin qərarın ləğv olunmasını tələb edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv olunması bаrədə qərаr çıхаrılmаsını xahiş etmişdir.
6. İddiaçı tələbini əsasən onunla əsaslandırmışdır ki, fəaliyyəti ətriyyat və kosmetika mallarının pərakəndə satışından ibarət olmaqla, 2023-cü il üzrə, ümumilikdə 145.413 manat vergi tutulan dövriyyəni vergi orqanına bəyan edərək, həmin dövriyyəyə hesablanmış 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğlərini dövlət büdcəsinə ödədiyi halda, vergi orqanı şəxsi istifadə məqsədilə ilə açdığı bank hesabına və plastik karta mədaxil olan vəsaiti vergi tutulan dövriyyə kimi qiymətləndirmiş və qanunsuz olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi orqanının hesabladığı 82.000 manat vergi öhdəliyinin yaranması üçün xalis gəlirinin 411.000 manat, bu məbləğdə xalis gəlir əldə etmək üçün isə 20 faiz rentabelli biznes hesab edilməklə 2 milyon manat məbləğində dövriyyənin olması vacibdir. Vergi orqanının hesabladığı vergi məbləği reallığı əks etdirmir. İddiaçı bank məlumatlarının vergi orqanına təqdim edilməsi ilə əlaqədar qeyd etmişdir ki, müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq təqdim oluna bilər. İddiaçının qənaətinə görə, həmin hallar və verilmə qaydası Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddə yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin şəxsi məqsədlər üçün açdıqları hesablar, sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından, həmin hesablar üzrə məlumatların verilməsi qanunsuz olmuşdur. Beləliklə, fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. İddiaçı iddiaya əlavədə qeyd etmişdir ki, onlayn kargüzarlıq vasitəsi ilə gələn məktublar sırasında cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması üzrə hər hansı uyğunsuzluq məktubu aşkar edilməmişdir. Belə olan təqdirdə isə, vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmədən, bəyannamə üzrə kameral vergi yoxlaması keçirilməsi və birbaşa müvafiq qərarla əlavə vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. İddaçı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin pozuntusuna yol verildiyini, yəni kameral məktubla qərar arasında 30 iş günündən çox müddət keçdiyini və bu halda qərarın qanunsuz sayılaraq ləğv edilməli olduğunu, həmçinin, sadələşdirilmiş vergi ödəyicisi olduğu, vergi mükəlləfiyyətini dəyişmədiyi halda, barəsində gəlir vergisi hesablandığını qeyd etmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına satışdan 2.466.624 manat pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, 241912********** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim olunması tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 82220,80 manat (Nazirlər Kabinetinin ** saylı qərarına əsasən) gəlir vergisi hesablanmış və buna dair qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Cavabdeh “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Cavabdeh etiraza əlavədə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə ona uyğunsuzluq məktubu göndərilmədən kameral vergi yoxlamasının keçirilməsinin qanunsuz olduğuna dair mövqeyinə münasibətdə qeyd etmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum məlumatlar əsasında keçirilən yoxlamadır. Həmçinin Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi, Vergi Məcəlləsində vergi orqanı tərəfindən uyğunsuzluq məktubunun göndərilməli olması ilə bağlı qayda nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh orqan tərəfindən bank hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışın araşdırmaya təqdim olunması üçün iddiaçı ##.##.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Lakin iddiaçı məktubda qeyd olunanlarla bağlı sənəd, izahat təqdim etməmiş və araşdırma onun iştirakı olmadan aparılmışdır. İş üzrə məlum olduğu kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesablarına mədaxil olunan pul vasaiti ilə bağlı məktub göndərilmiş, Baş İdarəyə dəvət olunmuş və müvafiq izahatın təqdim olunması ilə bağlı məktub göndərilmişdir. Lakin iddiaçı izahat yerinə vergi ödəyicisinə yaraşmayan ##.##.2024-cü il tarixli məktubla cavab vermişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicilərinin bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumatlar almaq, habele mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır.
8. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) # ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *- **-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının şəxsi məqsədlərlə açdırdığı bank hesabı və plastik kart ilə bağlı məlumatları əldə edərkən “Banklar haqqında” Qanunun 41.2, 41.2.2-ci, Vergi Məcəlləsinin 76.1, 76.1- 1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının 2023cü il üzrə gəlirləri hesablanarkən, onun şəxsi məqsədlər üçün açdığı bank hesablarına daxil olmuş vəsait əsas götürülmüşdür. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının şəxsi hesabına mədaxil nəticəsində daxil olmuş vəsaitin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu cavabdeh orqan tərəfindən sübut edilməmişdir. Bu hissədə məhkəmə İPM-in 14.1ci maddəsinə istinad etmişdir. Hər iki halı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2023-cü il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü tədqiqatla öz təsdiqini tapmamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşad Mamedov /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Aygül İsgəndərova) ## ### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh, apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 16, 23.1.2, 33.3, 33.5, 34, 67.1, 85.4, 130.1-ci, İnzibati Prosessual Məcəllənin 8.1.2, 12.1, 58.7, 87.8-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarının tələblərinin pozulduğuna istinad etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (qısaldılmış halda – VM və ya Vergi Məcəlləsi) Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; …. 6.1.9. sadələşdirilmiş vergi; Maddə 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.4. Vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1 və 16.1.2. Vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.1 və 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Maddə 16.1 və 16.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 20.1. Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər. Maddə 20.2. Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirirlər. Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Maddə 20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Maddə 23.1. və 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 33.4. … Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Maddə 35.1. Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir. Maddə 35.7. Bank əməliyyatlarını aparan şəxslər hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması üfüqi monitorinq zamanı aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 60.1. Kredit və elektron pul təşkilatları, bank əməliyyatlarını aparan şəxslərə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: 60.1.1. vergi ödəyicisinə hesablar açdıqda həmin hesabların vergi orqanında qeydiyyata alınması üçün elektron məlumatın bu Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq vergi orqanına təqdim edilməməsinə görə - hər açılmış hesab üzrə 400 manat məbləğində, habelə vergi orqanında qeydiyyata alınmamış hesablar üzrə və ya bu Məcəllənin 35.2-ci maddəsində müəyyənləşdirilən qeydiyyat bildirişi daxil olanadək məxaric əməliyyatları (dövlət büdcəsinə və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə büdcədənkənar fondlara məxaric əməliyyatları istisna olmaqla) aparıldığı halda aparılmış məxaric əməliyyatının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 76.1. Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun hesabları və hesab əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir. Maddə 76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Maddə 76.2. Kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən irəli gəldiyi halda xarici dövlətin səlahiyyətli orqanından daxil olan müraciətdə (sorğuda) hesab sahibinə müvafiq məlumatın verilməməsi qeyd edildiyi təqdirdə, hesab sahibinə rəsmi məlumat göndərilmir. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 97.3. Gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Maddə 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Maddə 46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmiş, sübutetmə yükünün müəyyən edilməsində qanunla təsbit olunan tarazlıq pozulmuşdur. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən əsaslarla əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
24. İlk növbədə qeyd edilməlidir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarın ləğvinə nail olmaqdan ibarətdir.
27. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının şəxsi məqsədlər üçün açdığı bank hesabına 2.466.624 manat pul vəsaiti daxil olmuşdur. Cavabdeh daxil olan vəsaitin iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqəli gəlir olubolmamasını
28. aydınlaşdırmaq məqsədi ilə kameral vergi yoxlamasına başlamış, lakin yoxlama çərçivəsində iddiaçı bu məsələnin aydınlaşdırılması istiqamətində mötəbər sənədlər və dəlillər təqdim etməmişdir. Nəticədə vergi orqanı daxil olmuş vəsait əsasında mübahisələndirilən qərarla iddiaçıya 2023-cü il üzrə 82.220,80 manat (şərti rentabellik norması əsasında) gəlir vergisi hesablamışdır.
29. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, vergi orqanı tərəfindən gəlir vergisi iddiaçının bank hesablarına daxil olan vəsaitlər üzərindən hesablanmışdır. Lakin cavabdeh həmin vəsaitlərin iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqəli olduğunu sübuta yetirə bilməməmişdir.
30. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, hazırkı mübahisənin əsas mahiyyəti fiziki şəxsin bank hesabına daxil olmuş pul vəsaitlərinin hansı mənbədən formalaşmasının müəyyən edilməsi, həmin vəsaitlərin şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab olunması və vergitutma obyekti qismində vergiyə cəlb edilməsinin mümkünlüyü ilə bağlıdır.
31. Mübahisəyə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, şəxsin sahibkar statusunda olması onun bank hesablarına daxil olan bütün pul vəsaitlərin avtomatik olaraq sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi qəbul edilməsi üçün yetərli hüquqi əsas sayıla bilməz. Eyni zamanda, bunun əksi olaraq, şəxsi bank hesabına müəyyən vəsaitin daxil olması faktı da, həmin vəsaitin şəxsi hesab sahibinin sahibkarlıq fəaliyyəti ilə hər hansı əlaqəsinin olmadığı anlamına gəlmir. Bu səbəbdən mübahisə yalnız hesabın hüquqi statusuna istinadən deyil, hesaba daxil olmuş pul vəsaitlərinin real iqtisadi mahiyyətinin, mənbəyinin, pul köçürmə əməliyyatlarının tərəfləri arasındakı münasibətlərin müəyyən olunması və qiymətləndirilməsi üzərindən həll oluna bilər.
32. Nəzərə almaq lazımdır ki, şəxsi hesab sahibinin eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vergi orqanı tərəfindən vergitutma məqsədləri baxımından onun bank hesabları vasitəsi ilə aparılan pul dövriyyəsinin araşdırılması (xüsusilə həmin dövriyyənin yüksək həcmdə olması) üçün əsaslı şübhə yarada bilən hal kimi qiymətləndirilə bilər. Belə ki, sahibkarlıq fəaliyyətinin faktiki həyata keçirilməsi zamanı bütün əməliyyatların rəsmi uçotda əks etdirilməməsi, satışdan əldə olunan vəsaitlərin şəxsi bank kartlarına köçürülməsi, “card-to-card” ödənişlərindən istifadə olunması və ya digər elektron ödəniş vasitələri ilə vəsaitlərin qəbul edilməsi praktik olaraq mümkündür. Başqa sözlə, sahibkarın şəxsi hesabından istifadə etməsi faktı müəyyən hallarda sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlərin rəsmiləşdirilmədən qəbul edilməsi ehtimalını yarada bilər. Bu hal vergi orqanına müvafiq araşdırma aparmaq və vergi ödəyicisindən həmin vəsaitlərin mənbəyi barədə izahat və təsdiqedici sənədlər tələb etmək üçün əsas verə bilər. Lakin burada prinsipial məsələ ondan ibarətdir ki, şübhənin yaranması və şübhə üzərindən həmin vəsaitlərin avtomatik olaraq sahibkarlıq gəliri kimi tanınması eyni hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Şübhə yalnız araşdırmanın başlanması üçün əsas qismində çıxış edə bilər, həmin araşdırma çərçivəsində isə vəsaitlərin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi tanınması hüquqi və faktiki baxımdan əsaslandırılmalı və bu yetərli sübutlarla təsdiq olunmalıdır.
33. Digər tərəfdən, şəxsi hesab sahibinin bank məlumatlarının qorunması ilə bağlı maraqla sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı ictimai maraq arasında balansın təmin olunması baxımından, vergi ödəyicisinin də müəyyən hüquqi öhdəliklər daşıdığı nəzərə alınmalıdır. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxs vergi qanunvericiliyinin tələblərinə əməl etməli, gəlirlərinin və xərclərinin düzgün uçotunu aparmalı, vergi orqanının qanuni tələblərinə cavab verməli və vergi öhdəliyinin müəyyən edilməsi üçün əhəmiyyətli olan halları təsdiq edən sənədləri təqdim etməlidir. Bu prizmadan yanaşdıqda, vergi ödəyicisinin şəxsi bank hesabına əhəmiyyətli məbləğdə və ya sistemli xarakter daşıyan pul vəsaitlərinin daxil olmasının müəyyən olunduğu, lakin həmin şəxsin bu vəsaitlərin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını iddia etdiyi hallarda, onun həmin vəsaitlərin mənbəyi barədə ağlabatan və mötəbər sübutlar təqdim etmək öhdəliyi daşıdığı qəbul edilməlidir. Məhz belə davranış vicdanlı vergi ödəyicisindən gözlənilən davranışdır.
34. Başqa sözlə, vergi orqanının qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını təmin edən faktiki halları müəyyən etmək və öz mövqeyini sübutlarla əsaslandırmaq vəzifəsi, vergi ödəyicisinin sərəncamında olan bank hesabına daxil olan vəsaitlərin mənbəyinə dair məlumatların heç bir əsaslı izahat vermədən gizli saxlamasına haqq qazandıra bilməz.
35. Hazırkı mübahisədə inzibati icraatın başlanmasının əsası qismində yalnız bir hal - müəyyən pul vəsaitlərinin şəxsin bank hesabına daxil olması və bunun sənədlərlə təsdiqini tapması faktı çıxış edir. Deməli, mübahisə vəsaitin mövcud olub-olmaması ilə deyil, onun hüquqi təbiəti və iqtisadi mahiyyəti ilə bağlıdır. Əgər şəxs həmin vəsaitlərin sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlir olmadığını iddia edirsə, o zaman bu iddianın konkret faktlarla təsdiq olunması zəruridir.
36. Nəzərə alınmalıdır ki, hesaba daxil olmuş vəsaitin borc kimi, yaxud ailə üzvündən və ya digər şəxsdən qarşılıqsız maliyyə yardımı qismində alınması, əmlakın satışından əldə edilməsi, əvvəllər verilmiş borcun əvəzi olaraq qaytarılan və ya şəxsin özünün başqa hesablarından köçürülən vəsait olması mötəbər məlumat və sübutlarla təsdiq edilməlidir. Vergi ödəyicisinin, həmin vəsaitin konkret mənbəyini və iqtisadi əsasını təsdiq edən mötəbər sübutlar təqdim etmədən, xüsusilə də pul vəsaitlərinin hesaba daxil olmasının sistemli xarakter daşıdığı, müxtəlif şəxslərdən daxil olduğu və şəxsin faktiki sahibkarlıq fəaliyyəti ilə zaman və məbləğ baxımından uyğunluq təşkil etdiyi hallarda, yalnız “bu vəsait sahibkarlıq fəaliyyəti ilə bağlı deyil” məzmunlu ümumi izahat verməsi yetərli sayıla bilməz və nəticə etibarilə həmin vəsaitlərin uçotdan gizlədilmiş sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlər olması, vergi öhdəliyinin yerinə yetirilməsindən və ya vergilərin ödənilməsindən yayınma ehtimalını əsaslı şəkildə gücləndirən hal kimi qiymətləndirilə bilər.
37. Burada xüsusi olaraq vurğulanmalıdır ki, vergi münasibətlərində əsas məqsəd yalnız formal bank hesabının statusunu müəyyən etmək deyil, faktiki iqtisadi əməliyyatın mahiyyətini üzə çıxarmaqdır. Bu baxımdan vergitutma obyektinin düzgün müəyyən edilməsi, qanunvericiliyin vergi ödəyicilərinə tanıdığı imkanlarından sui-istifadəyə yol verilməməsi üçün vergi ödəyiciləri tərəfindən təqdim olunan formal sənədlər və bəyanlar deyil, əslində həyata keçirilən faktiki fəaliyyət üzərindən qiymətləndirmə aparılmalıdır. Belə yanaşma, faktiki məzmunun formadan üstün olması - “Substance over form” prinsipindən irəli gəlir.
38. Əgər şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilirsə, bu zaman onun fəaliyyətindən əldə olunan vəsaitlərin şəxsi bank hesabına yönəldilməsi həmin vəsaitlərin vergidən kənarda qalması üçün formal əsas kimi qəbul edilə bilməz. Əks yanaşma, faktiki olaraq onun sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinin şəxsi hesablar vasitəsilə qəbul edilməsi və rəsmiləşdirilmədən kənarda qalması imkanını genişləndirər, nəticədə vergi qanunvericiliyinin fiskal məqsədləri və vergi öhdəliklərinin bərabərliyi prinsipi zədələnərdi.
39. Vergi siyasətinin əsas məqsədlərindən biri vergitutma bazasının real iqtisadi fəaliyyətə uyğunluğunu təmin etmək, vergidən yayınmanın qarşısını almaq və bütün vergi ödəyicilərinin qanun qarşısında bərabərliyini qorumaqdır. Bu baxımdan, vergi orqanı tərəfindən şəxsi bank hesabına daxil olmuş vəsaitlərlə şəxsin sahibkarlıq fəaliyyəti arasında mümkün əlaqənin araşdırılması öz-özlüyündə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Əksinə, belə hallarda vergi orqanının apardığı araşdırma dövlətin vergi nəzarəti funksiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
40. Pul vəsaitlərinin mənbəyinin araşdırılması həm də ona görə əhəmiyyətlidir ki, pul vəsaitlərinin mənbəyi yalnız iki alternativlə - sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlə və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olan gəlirlə məhdudlaşmaya bilər. Vəsaitlərin mənbəyi qanuni və ya qanunsuz başqa əməliyyatlar ola bilər. Məsələn, vəsait borc münasibətlərinin, əmlakın özgəninkiləşdirilməsinin, hədiyyənin və ya digər mülki-hüquqi münasibətlərin nəticəsi ola bilər. Eyni zamanda, müəyyən hallarda vəsaitlərin hüquqa zidd xarakter daşıyan əməllər nəticəsində əldə edilməsi ehtimalı da istisna oluna bilməz.
41. Məhkəmə kollegiyası qeyd edir ki, belə mübahisələrin həlli üçün yalnız “daxil olan vəsaitin sahibkarlıq faəliyyəti ilə əlaqəsi sübuta yetirilmədi” qənaəti ilə kifayətlənmək yetərli sayıla bilməz. İş üzrə icraat zamanı məhkəmələr tərəfindən vəsaitlərin faktiki mənbəyinin müəyyənləşdirilməsi istiqamətində mümkün və zəruri araşdırma həyata keçirilməlidir.
42. Bu baxımdan iş materiallarında şəxs barəsində vergidən yayınma və ya digər iqtisadi xarakterli hüquqazidd əməl üzrə cinayət təqibinin başlanması barədə məlumatın olması ayrıca əhəmiyyət kəsb edir. Əgər belə cinayət işi mövcuddursa və həmin iş üzrə bank hesablarına daxil olan eyni pul vəsaitlərinin mənşəyi, təyinatı, ödənişi həyata keçirən şəxslər, elektron köçürmələr, satış əməliyyatları və digər maliyyə hərəkətləri araşdırılırsa, mübahisəyə baxan inzibati məhkəmənin həmin materialları nəzərdən keçirməsi məqsədəmüvafiqdir. Əlbəttə, cinayət işinin başlanması öz-özlüyündə şəxsin təqsirli olduğunu və ya mübahisəli vəsaitlərin sahibkarlıq gəliri olduğunu sübut etmir. Lakin həmin cinayət işi üzrə əldə edilmiş sənədlər, ifadələr, bank məlumatları, ekspert rəyləri, elektron ödəniş məlumatları və digər sübutlar mübahisənin faktiki hallarının müəyyən edilməsi üçün əhəmiyyətli ola bilər. Buna görə də məhkəmə həmin materialların mövcudluğunu və onların hazırkı vergi mübahisəsinə aidiyyəti olub-olmadığını araşdırmalıdır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan iş üzrə nəticəyə gəlmişdir.
44. İşə təkrar baxan məhkəmə sübutları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini və məzmununu nəzərə almaqla qiymətləndirməlidir. Bu mənada bank hesabına pul vəsaitlərinin daxil olması faktı, şəxsin sahibkar statusu, pul köçürmələrinin təkrarlanması və sistemli xarakteri, ödənişlərin müxtəlif şəxslər tərəfindən həyata keçirilməsi, köçürmələrin məbləği, tarixləri, onların sahibkarlıq fəaliyyətində göstərilən malların və ya xidmətlərin dəyəri ilə mümkün uyğunluğu, şəxsin həmin dövrdə faktiki sahibkarlıq fəaliyyəti həyata keçirib-keçirməməsi, habelə vergi ödəyicisinin pul vəsaitlərinin mənbəyinə dair izahatının məzmunu araşdırılmalı və birlikdə qiymətləndirilməlidir.
45. Beləliklə, hazırkı işdə sübutetmə predmetini yalnız vergi orqanının “bu pul sahibkarlıq gəliridir” iddiası təşkil etmir. Eyni zamanda vergi ödəyicisinin “bu pul sahibkarlıq gəliri deyil” mövqeyinin faktiki əsasları da müəyyən edilməlidir. Çünki, vergi ödəyicisi vəsaitin sahibkarlıq gəliri olmadığını bildirirsə, həmin vəsaitin hansı konkret hüquqi və iqtisadi əsasla əldə edildiyini göstərmək imkanına malikdir. Bu məlumatların təqdim edilməməsi, təqdim edilmiş izahatların ziddiyyətli olması və ya heç bir obyektiv sənədlə təsdiqlənməməsi məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.
46. Nəticə etibarilə, yalnız belə hərtərəfli araşdırmadan sonra mübahisəli pul vəsaitlərinin sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir olub-olmadığı barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür. Məhz belə yanaşma həm vergi orqanının vergi nəzarəti və vergidən yayınmanın qarşısının alınması üzrə qanuni səlahiyyətlərinin, həm də vergi ödəyicisinin hüquqlarının qorunmasını təmin edən balanslı və hüquqi baxımdan əsaslandırılmış yanaşma sayıla bilər.
47. Beləliklə, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.