Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3075/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Əmək pensiyasından tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin qaytarılması; etimad hüququ; kassasiyanın qeyri-mümkünlüyü; vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitinin geri tutulmasına dair faktiki hərəkətini qanunsuz hesab edərək, tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitinin geri tutulmasına dair faktiki hərəkətini qanunsuz hesab edərək, tutulmanın dayandırılması və pensiyadan tutulmuş vəsaitin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2006-cı il tarixdə ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda təyin edilmiş pensiyanın məbləği 2729 manatdır. Artıq hesablandığına görə 2019-cu ilin fevral ayından etibarən pensiyasından artıq ödənilmiş pul məbləğinin qaytarılmasını təmin etmək üçün hər ay 432,64 manat məbləğində pul tutulur. Tutma hələ də davam etdirilir. 2023-cü ilin yanvar ayınadək əmək pensiyasından bu qayda ilə 20.334,08 manat (432,64 manat x 47 ay = 20.334,08 manat) pul tutulub. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutula bilər. Cavabdeh qanuna əsasən ## ###### 2023-cü il tarixdən pensiyasından tutmanı dayandırmalı idi. Buna baxmayaraq, tutma hələ də davam etdirilir. Bu yolla ## ###### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək pensiyadan qanunsuz olaraq 5.624,32 manat məbləğində əlavə pul tutulub. Ona görə də ərizə ilə cavabdehə müraciət edərək, əmək pensiyasından qanunsuz tutulmanın dayandırılmasını, ondan qanunsuz tutulmuş pulun qaytarılmasını xahiş etmişdir. Cavabdeh ərizəyə cavab olaraq göndərdiyi ## ###### 2023-cü il tarixli məktubla xahişini təmin etməkdən imtina etmişdir. Cavabdeh məktubda öz mövqeyini belə əsaslandırmağa çalışmışdır: “...pensiya işinizə aid sənədlərdə sizə Fondun Zərdab Rayon Şöbəsi tərəfindən ## ###### 2010-cu il tarixindən əlilliyə görə pensiya təyin edildiyi qeyd olunub. Pensiya işinizə aid sənədlərdə və müvafiq altsistemdə qeyd olunan məlumatlara əsasən sözügedən şöbə tərəfindən vaxtilə aparılmış araşdırma nəticəsində əmək pensiyası yenidən hesablanaraq sizə ##.##.2013-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 30509,72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin 2019-cu ilin fevral ayından etibarən əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsinə başlanılıb. Lakin yenidən hesablamadan sonra aylıq pensiya məbləğiniz azaldılmalı olduğu halda, azaldılmayıb. Bununla əlaqədar ##.##.2019-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində əlavə olaraq 3868,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib.... Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında əmək pensiyanız bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə sizə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar sizə artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq, ümumilikdə 55767,23 (30509,72+3868,74+21388,77) manatdan 34454,25 manata azaldılıb. Əmək pensiyanızdan ##.##.2019-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24.683,00 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla, hazırda qalıq borcunuz 9.771,25 manat təşkil edir..” Məktubun məzmunundan göründüyü kimi, qanunla qadağan edilsə də, ## ###### 2023-cü il tarixdən onun pensiyasından qanunsuz tutma davam etdirilir. Artıq tutulmuş vəsaitin ona qaytarılmasından isə, ümumiyyətlə, söhbət getmir. Əslində, cavabdeh məktubda 2019-cu il tarixdə yenidən hesablama aparılaraq ona yenə də artıq pensiya ödənildiyini göstərməklə, 3 illik məhdudiyyətdən yayınmağa çalışır. Halbuki, 2019-cu il tarixdə aparıldığı göstərilən yenidən hesablama və əskik ödəmələr barədə məlumatlandırılmamışdır, bununla bağlı inzibati icraatın aparıldığı da ona məlum deyildir.
3. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Fondun Zərdab Rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktuba əsasən, ona ##.##.2010-cu il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin pensiyanın yenidən hesablanması ilə əlaqədar aparılmış araşdırılmalara əsasən, ##.##.2013-##.##.2019-cu il tarixləri arasında iddiaçıya ümumilikdə 30509,72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsait 2019-cu ilin fevral ayından etibarən iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsinə başlanılmışdır. Lakin yenidən hesablamadan sonra aylıq pensiya məbləği azaldılmalı olduğu halda azadılmamışdır. Bununla əlaqədar olaraq, ##.##.2019- ##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində əlavə olaraq 3868,74 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin, Fondun Zərdab Rayon Şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında iddiaçıya onun əmək pensiyasının bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Əlavə olaraq Qanunun 39.1-ci maddəsinin ##.##.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, iddiaçıya artıq ödənilmiş pul vəsaiti 3 il üzrə məhdudlaşdırılaraq, ümumilikdə 55767,23 (30509,72+3868,74+21388.77) manatdan 34454,25 manat azaldılmışdır. Iddiaçının əmək pensiyasından ##.##.2019 - ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24683,00 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla, hazırda qalıq borcu 9771,25 manat təşkil edir. Göründüyü kimi, Fondun Zərdab Rayon Şöbəsi tərəfindən qərar qəbul edilərkən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Hazırkı qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
4. Şəki Inzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) ## ###### 2025-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı dövlət qulluqçusu kimi əlilliyə görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı artıq ödənilmiş pul vəsaitinin tutulmasının dayandırılması və pensiyadan tutulmuş vəsaitin iddiaçıya qaytarılması öhdəliyinin qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.Ə.Musayev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, pensiyadan tutulma aparılarkən inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, inzibati icraatda onun iştirakı, beləliklə də dinlənilmə hüququ təmin edilməmiş, iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın yenidən hesablanmasına dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. Iş materiallarından görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2010-cu il tarixində dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə pensiyanı yenidən hesablamış, bununla bağlı inzibati icraat aparmadan 2019-cu ilin noyabr ayında qərar qəbul edilmişdir. Bundan sonra DSMF-in Zərdab rayon şöbəsi tərəfindən 2019-cu ilin noyabr ayında iddiaçıya təyin olunan əmək pensiyasının bir daha yenidən hesablanaraq yuxarıda qeyd edilən məbləğlərdən əlavə 21388,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan qərarı qəbul edərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində hansı hallara görə ##.##.2010-cu il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 2019cu il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini bildirməmişdir. Iddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə isə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal kimi istinad etdikləri hallar elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunda sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI 8.Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa və ya əmək pensiyasını yenidən hesablamağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması və ya pensiyasının yenidən hesablanması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “Inzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də, şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “Inzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
13. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
14. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (“Beinaroviç və digərləri Litvaya qarşı” iş üzrə ##.##.2018-ci il tarixli qərar, §140).
15. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
16. Nəzərə alınmalıdır ki, inzibati icraat haqqında qanunvericilik hətta əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminata dair aşağıdakı hüquqi mövqe ifadə olunmuşdur: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.”
18. Göründüyü kimi, iddiaçının hazırkı tələbi məhz pensiyasından tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılması barədədir. Işin hallarından görünür ki, cavabdeh iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair ##.##.2010-cu il tarixli qərarı dəyişdirmədən və ya ləğv etmədən onun pensiyasını yenidən hesablayaraq, artıq pensiya ödənişi müəyyən etdiyindən pensiyada tutulmalar aparmışdır. Qanunvericiliyin tələbinə əsasən, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, əvvəlki inzibati icraatı təzələyərək inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. 19.Həmçinin qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı halda isə pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya artıq ödənildiyi iddia edilən vəsaitin geri qaytarılması məhkəmə müstəvisində həll edilməmişdir. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının 2019-cu ilin fevral və noyabr aylarında yenidən hesablanmasına dair hərəkətləri qanunsuz və əlverişsiz olmuşdur. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli, 2-1(102)-8/2023, *-*(***)-***/**** nömrəli, *- *(***)-***/**** nömrəli qərarları).
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.