Məhkəmə qərarları › İş №2-1(102)-309/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-309/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-309/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya məbləğinin inzibati orqana müraciətdən əvvəlki üç illik müddət üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962; FİN: 1TX4806) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2911/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2014-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 2. 12 fevral 2021-ci il tarixdə müraciətinə əsasən, əmək pensiyasının məbləği 267.32 AZN-dən 354.72 AZN-ə artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üçün yenidən hesablanmışdır. Hesablanan fərq məbləği ödənilmişdir.

3. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün fərq məbləği hesablanması və ödənilməsi üçün cavabdehə müraciət etmişdir.

4. Cavabdehin 09 iyul 2021-ci il tarixli, **********3 nömrəli “Keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında” imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsin in İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı ilə məhkəmələrə sözügedən məsələnin nəzərə alınması tövsiyə edilmişdir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üçün hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün fərq məbləğinin hesablanması və ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona 22 aprel 2014-cü il tarixdən əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləğinin azlığı ilə əlaqədar dəfələrlə Dövlət Sosial Müdaf iə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cuzi miqdarda artım olmuşdur. 12 fevral 2021-ci il tarixdə müraciətinə əsasən, əmək pensiyasının məbləği 267.32 AZN-dən 354.72 AZN-ə artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üçün yenidən hesablanmışdır. Hesablanan fərq məbləği ödənilmişdir. Lakin, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün fərq məbləği hesablanmamış və ödənilməmişdir.

7. Bakı İnzibati Məhkəməsi 12 may 2022-ci il tarixli, 2-1(112)-4001/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, iddiaçıya yaranmış pensiya fərqi məbləğinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, hazırki işin inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı onun pensiyasının yenidən hesablanması üçün inzibati orqana xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun əmək pensiyası yenidən hesablanaraq keçmiş müddət üçün ödənilməli olan məbləğ xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üzrə ödənilmişdir. Halbuki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, keçmiş müddət üçün ödənilməli olan pensiya məbləği ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2911/2022 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-4001/2022 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aparılmış fərq məbləği üzrə ödənişlər nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 26.3, 29.1, 32.1-1, 37.7ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 14. kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada: Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.... 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada: Maddə

31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün mürac iət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pe nsiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir....

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı:

1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

17. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın q əbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir C əfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ola n həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixinədək yaransa da, o, keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra müraciət etmişdir.

26. Belə ki, iddiaçıya məxsus 111145 nömrəli pensiya işindən görünür ki, iddiaçı onun pensiyasının yenidən hesablanması üçün inzibati orqana ilkin olaraq xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən isə onun əmək pensiyası yenidən hesablanaraq keçmiş müddət üçün ödənilməli olan məbləğ xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üzrə ödənilmişdir. Cavabdeh iddiaçının sonuncu müraciətinin xx.xx.2021-ci il tarixində idarəyə daxil olması ilə bunu əsaslandırmışdır.

27. Beləliklə, hazırkı qərarın 15-16-ci bəndlərində qeyd olunan no rmaların tələbləri baxımından iddiaçıya keçmiş müddət üçün ödənilməli olan pensiya məbləği ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Yəni xx.xx.2017-ci ildənxx.xx.2020-ci ilədək olan dövrlər üzrə ödəniş aparılmalı idi.

28. Belə olan halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2018-ci ildən fərq məbləği hesablanaraq ödənilsə də, xx.xx.2017-xx.xx.2018-ci illər arasındakı dövr üzrə yaranmış fərq məbləği də ödənilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı q iymətləndirməsi ilə də razılaşır.

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 21(103)-2911/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar