Məhkəmə qərarları › İş №2-1(102)-310/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-310/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-310/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya müddəti, şikayətin mümkünlüyü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə,, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2156/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1972-ci ildən 1977-ci ilə qədər təhsil dövrü, 24 oktyabr 1985-ci ildən 17 iyul 2003-cü ilə qədər iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin ca vabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 23 sentyabr 2019-cu il tarixdə qərarın surətini almış, 30 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunmas ı məqsədilə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması 28 yanvar 2020-ci il tarixətəyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kassasiya şikayətini tərtib etmiş cavabdehə məhkəmə bildirişi göndərilmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şifahi vəsatət verərək iş yükünün çoxluğu ilə əlaqədar şikayət üzrə müddətin buraxıldığını bildirib müddətin bərpa edilməsini xahiş etmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayəti üzrə müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Cavabdeh tərəfindən mübahisə olunan apellyasiya instansiya məhkəməsinin qərarı 23 sentyabr 2019-cu ildə ona təqdim edilmişdir (səh.41). Vəkilin orderində müqavilə tarixi və orderin tərtib edilmə tarixi 30 oktyabr 2019-cu il qeyd edilmişdir (səh. 47). Kassasiya şikayətinin göndərilməsi zərfində poçta daxil olma tarixi 30 oktyabr 2019-cu il göstərilmişdir (səh. 51). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin məhkəmə qərarından kassasiya şikayəti verilməsi ilə bağlı müddətin axımı 23 sentyabr 2019-cu il tarixdən başlamış, 22 oktyabr 2019-cu il tarixdə bitmişdir. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (İPM-in 94.1-ci maddəsi). Cavabdeh kassasiya şikayətini 30 oktyabr 2019-cu il tarixdə apellyasiya məhkəməsinə təqdim etməklə şikayət üzrə müddəti 8 gün buraxmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh kassasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndir ilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə t ərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə vəsatət təmin edilməməli, kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin vəsatəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2156/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarından Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilən şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar