Məhkəmə qərarları › İş №2-1(102)-3106/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3106/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3106/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: çox uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinə qarşı cavabdehin 21.02.2019-cu il tarixli 15/**********1 saylı məktubunun qanuns uz və əsassız hesab edilməsi və əmək pensiyası hüququna malik olduğundan ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1872/2019 saylı iş üzrə 07.08.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 20.11.1955-ci il tarixdə Ermənistan SSR-nin Aştarak rayonunun Lusakert kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinə qarşı cavabdehin 21.02.2019-cu il tarixli 15/**********1 saylı məktubunun qanunsuz və əsassız hesab edilməsi və əmək pensiyası hüququna malik olduğundan ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 20 noyabr 1955-ci ildə Ermənistan SSRİ-nin Aştarak rayonunun Lusakert kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan SSRİnin Qazax rayonunun Çaylı kənd sakini X3 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bundan təqribən 1 il sonra 1974-cü ildə daimi yaşamaq üçün köçüb Qazax rayonunun Çaylı kəndinə gəlmişdir. Qa zax rayonunun Çaylı kəndində X3 ilə ailə münasibətlərindən 4 uşağı 01.07.1975-ci il təvəllüdlü qızı X1, 07.05.1977-ci il təvəllüdlü oğlu X4, 17.09.1979-cu il təvəllüdlü qızı X2 və 22.09.1981-ci il təvəllüdlü oğlu X5 (Sanılı) anadan olmuşlar. 17.06.1978-ci il tarixində Qazax rayonunun Çaylı kəndində X3 ilənikahlarını rəsmiləşdirmişdir. Həyat yoldaşı X3 14 iyun 2011-ci il tarixində vəfat etmişdir. Sağlığında Çaylı kəndində yaşamaqla və əmək fəaliyyəti ilə məşğul olmaqla birgə nikahlarından olan uşaqları böyüdüb həddi-buluğa çatdırmışlar. Hər ikisi uzun illər Çaylı kənd "Leninqrad" üzümçülük sovxozunda işləmişlər. Təqribən 2000-ci illərin ortasından sonra çoxuşaqlı ana kimi pensiya almaq üçün bir neçə dəfə Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etsə də, hər dəfə bildirmişlər ki, iddiaçıya p ensiya düşmür. Lakin bir neçə ay əvvəl ona məlum oldu ki, iddiaçının çoxuşaqlı ana kimi güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Odur ki, bu il fevral ayının ortalarında yenidən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Bu dəfə şifahi surətdə cavab verdilər ki, iddiaçıya pensiya düşür. Lakin sənədləri tam olmadığından zəruri sənədləri toplayıb şöbəyə təhvil verməsini məsləhət gördülər. O, təqribən 2-3 gün ərzində tələb olunan sənədləri toplayıb şöbəyə təqdim edərkən cavabdeh bildirdi ki, artıq şöbə sənəd qəbul etmir, bütün sənədlər ASAN xidmət mərkəzləri vasitəsi ilə təqdim olunur. O səbəbdən 18 fevral 2019-cu il tarixində zəruri sənədləri ASAN xidmət vasitəsi ilə Sosial X6 rayon şöbəsinə təqdim etmişdir. Bir neçə gündən sonra Nizami rayon ş öbəsindən aldığı 21.02.2019-cu il tarixli cavab məktubunun mahiyyətindən anlamışdır ki, şöbə pensiya təyinatından imtina edib, səbəbini isə onunla əsaslandırıb ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda 4 uşaqlı anaların yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmur. Hesab edir ki, Dövlət Sosial X6 rayon şöbəsinin bu cavabı tamamilə qanunsuz və əsassızdır. Nəzərə alınsa ki, o 20 noyabr 1955-ci ildə anadan olmuşdur, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində dəyişiklik edilənə qədər 4 uşağı 8 yaşına qədər (həmin vaxt ən kiçiyinin 18 yaşı olmuşdu) tərbiyə edib böyütmüş, sığorta stajı 5 ildən çox olmuş, 4 uşağa görə 50 yaş tələb olunduğu halda iddiaçının 54 yaşı olmuşdur. Yəni, "Əmək pensiyaları haqqında" qanun qəbul olunduğu vaxtda n - 2006-cı il yanvar ayının 1-dən çoxuşaqlı ana kimi pensiya almaq hüququna malik olmuşdur. Birinci instansiya məhkəməsinin 27.05.2019-cu il tarixli iş № 2-1(82)-1561/2019, (sədrlik edən hakim R.Daşdəmirov) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 27.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.08.2019-cu il tarixli iş № 2-1(103)-1872/2019 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə bi rinci instansiya məhkəməsinin 27.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı 18.02.2019-cu il tarixdə ərizə ilə şöbədə müraciət edərək ona çoxuşaqlı ana kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin iddiaçıya cavab verilmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşağı doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə bır il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda 4 uşaqlı anaların yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmur, lakin hər iki instansiya məhkəməsi onun iddia ərizəsinə etdiyi etiraza məhəl qoymayaraq əsassız olaraq iddia ərizəsinin təmin olunmasına dair qərar qəbul etmişlər. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçıya pensiya təyin etməsi vəzifəsini şöbəyə həvalə etmişdir. iddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur lakin, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa istinad edərək heç bir əsas gətirmədən əsassız olaraq qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayət ində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2-1(103)-1872/2019 saylı qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasın ı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və p rosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı 18.02.2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək ona çoxuşaqlı ana kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin iddiaçıya cavab verilmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşağı doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə bır il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda 4 uşaqlı anaların yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmur, lakin hər iki instansiya məhkəməsi onun iddia ərizəsinə etdiyi etiraza məhəl qoymayaraq əsassız olaraq iddia ərizəsinin təmin olunmasına dair qərar qəbul etmişlər. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçıya pensiya təyin etməsi vəzifəsini şöbəyə həvalə etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur lakin, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa istinad edərək heç bir əsas gətirmədən əsassız olaraq qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 01.01.2010-cu il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq, müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır, lakin 01.01.2010-cu ilədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından ası lı olmayaraq. Həmin Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Görünür ki, İddiaçı 4 uşağı doğub səkkiz yaşa qədər tərbiyə etmiş, 50 yaşı 20.11.2005-ci il tarixdə tamam olmuş və həmin dövrdə onun 5 ildən artıq əmək stajı vardır ki, iddiaçının 4 uşaqlı ana kimi yaşa görə pensiyası hüququ Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə dəyişiklik olunana qədər, yəni 01.01.2010-cu il tarixədək yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 50 yaşından yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlərin olması (4 uşaq anası, 20.11.2005-ci il tarixdə 50 yaşının tamam olması və 5 ildən artıq sığorta stajının olması) ona çoxuşaqlı ana kimi yaşa görə pensiyaya çıxmaq hüququnu qazandırır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 07.08.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.08.2019-cu il tarixli 21(103)-1872/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar